Əfran İsmayılov: “Bakı” və “Neftçi”yə daha çox inanıram”

Əfran İsmayılov: “Bakı” və “Neftçi”yə daha çox inanıram”
MÜSAHİBƏ 27 İyun 2012 / 13:13 3045
-  A +

“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi

- Bir çoxları ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin rəqibi “Zestafoni”ni dişinə görə olduğunu söyləyir. Avroliqada təcrübəsi olan bir futbolçu kimi sən necə düşünürsən?

- “Zestafoni” keçilməs rəqib deyil. Yəni nə güclü, nə də zəifdir. Həmçinin də Gürcüstan bizə qonşu ölkə olduğundan onların oyun üslubları və futbolçularını yaxşı tanıyırıq. Ona görə də “Neftçi”nin öhdəsinə düşən vacib məsələ rəqiblərini yaxşı təhlil etməkdir. Bunun lazımınca etsələr, “Zestafoni” səddini keçə biləcəklər.

- Keçən il “Zestafoni” Avroliqa “Qarabağ”ın rəqibi olan “Brügge”ilə 3:3 hesabıyla bərabərə qalmışdı. Oyundan sonra “Brügge”nin baş məşqçisi gürcü komandasının “Qarabağ”dan daha güclü olduğunu demişdi...

- Ola bilər ki, oyunun gedişatı belə bir hesabın qeydə alınmasına təsir etmişdi. Biz belçikalılarla da mübarizə apararaq Bakıda onları məğlub etməyi bacarmışdıq. O ki qaldı Belçika klubunun məşqçisinin dediklərinə, yəqin, onlar bizi ilk qarşılaşmada böyükhesabla məğlub etdikləri üçün belə fikri söyləyib. Fikrimcə, “Brügge” oyunanılacaq bir komanda idi. Sadəcə, bir az bəxtimiz gətirmədi. Lakin “Zestafoni” Belçika klubundan qat-qat aşağı səviyyəli komandadır. Düşünürəm ki, “Neftçi” onları məğlub edərək mərhələ adlaya biləcək. Heyətinə qatdığı güclü və səviyyəli futbolçular da buna işarədir.

- Avroliqada yarışacaq “Bakı” və onun rəqibi Slaveniyanın “Mura” komandası haqda nə deyə bilərsən? Ümumiyyətlə, təmsilçimizin mərhələ adlamaq şanslarını necə görürsən?

- İlk mərhələdəki rəqiblər onsuz da güclü olmurlar. “Mura” güclü və tanınmış komanda hesab edilmir. “Bakı”nın heyətindəki futbolçulara, bazasına və potensialına baxanda, “Mura” çox geri qalır. Düzdü, Sloveniyadakı yoldaşlıq görüşündə onları 4:0 hesabıyla məğlub etmişdilər. Lakin buna əsaslanaraq rahatlaşmamalıdırlar. Çünki futbol arxayınçılığı sevmir. Təsadufi deyil ki, iki il əvvəl Avroliqada  “Xəzər Lənkəran” büdcəsi az olan və o qədər də güclü sayılmayan Moldovanın “Olimpiya” klubuna uduzdu. Amma hər kəs “Xəzər Lənkəran”ı fovarit görürdü. Yəni heç bir klubumuza arxayınlaşmaq olmaz. Ancaq “Bakı”nın  növbəti mərhələyə keçəcəyini düşünürəm.

- Bəs, “İnter” və “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsən? Klublarımızdan biri ilk oyununun evdə, digəri isə səfərdə oynayacaq.

- Fikrimcə, ilk qarşılaşmanı səfərdə keçirmək daha yaxşıdır. Çünki hansı klubun nəyə qadir olduğunu və rəqibinin çıxışını daha dəqiq analiz edə bilirsən. Təkrar görüşdə isə buna uyğun taktika seçərək, qalib gəlmək asan olur. Estoniya klubları güclü deyillər. Lakin bu, klublarımıza arxayınlaşmağa əsas verməməlidir.

- Avrokuboklarda ölkəmizi təmsil edəcək hansı klublarımızın ilk mərhələni keçə biləcəyinə daha çox inanırsan?

- Bütün komandalarımızın növbəti mərhələyə adlamaq şansları var. Lakin “Bakı” və “Neftçi”nin ilk mərhələni keçə biləcəklərinə daha çox inanıram.

- Avroliqa dalbadal üç il iştirak etmisən. Hazırda bu yarışı qıraqdan izləmək sənə necə təsir edir?

- Doğrudan da, Avropada oynamamaq pisimizə gəlir. O mühitdən kənar qalmaq üzücüdür. Lakin Avroliqada iştirak edə bilməsəm də, yaxşıca dincələ bildim. Hələ belə rahat dincəlməmişdim. İnanıram ki, bu amil çempionatda yaxşı çıxış etməyimizə çox kömək olacaq. Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublarımıza uğurlar arzulayıram.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər