“Neftçi” zəif komandayla düşməlidir ki, mərhələni adlaya bilsin”

“Neftçi” zəif komandayla düşməlidir ki, mərhələni adlaya bilsin”
MÜSAHİBƏ 25 İyun 2012 / 13:14 3162
-  A +

AZAL klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi

- Bu gün avrokubokların yeni mövsümünün püşkatması olacaq. Necə fikirləşirsən, “Neftçi” Çempionlar Liqasında hansı ölkə təmsilçisiylə düşməsə, daha yaxşı olardı?

- Bu yarışda iştirak edən komandaların çoxu güclü komandalar hesab edilir. Lakin mən istəməzdim ki, “Neftçi” ilk mərhələdə “Bazel”, “Dinamo” (Zaqreb) və  Yunanıstanın “AEK” komandalarıyla düşsün. Çünki bunlar bu tip yarışmalarda daha təcrübəli, sözünü demiş klublardı. İlk mərhələdə bir az zəif komandayla düşməlidirlər ki, mərhələni adlaya bilsinlər.

- Bu günə qədər “Neftçi” klubu yalnız üç futbolçunun transferini reallaşdıra bilib. Necə  düşünürsən, vaxtın azlığına nəzərə alsaq, optimal heyət yığa biləcəklər?

- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yaxşı transferlər etmək mütləqdir. Düzdü, heyətə qatılan üç oyunçu səviyyəli futbolçudur. Lakin bunlar hələ çox azdır. Onların transfer siyasətlərini yaxşı bilmədiyim üçün dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Ancaq hər şeyə rəğmən, transfer edilən futbolçuların səviyyəsi yüksək olmalıdır. Çünki ola bilər ki, ilk mərhələdəki rəqibləri çox adlı-sanlı olsun. Hər şeyə hazır olmalıdırlar.

- Bəs, Avroliqada çıxış edəcək klublarımız haqda nə deyə bilərsən?

- İnanıram ki, onlar bu il daha uğurlu çıxış edə biləcəklər. Hər bir klubun arzusu irəliyə doğru addım atmaqdır. Ən azı “Qarabağ”ın uğurlarını təkrarlamaq istəyirlər. Bunu da öhdəsindən gəlməlidirlər. Axı, bizim Belarusiya klublarından nəyimiz əskikdir? Klublarımızın maliyyəsi də onlardan qat-qat artıqdır. BATE qrup mərhələsində yer ala bilirsə, biz niyə ora düşməyək?

- Bəs, “Xəzər Lənkəran” haqda nə deyərdin?

- Lənkəran təmsilçisi Çexiya klublarının biriylə qarşılaşsa, daha yaxşı olar. Çexiya millisinin futbolçularının çoxusu Avropa klublarında top qovur. Yerli klublarda oynayan güclü futbolçular demək olar azdır.  Rumıniya klublarıyla düşməsini istəməzdim. Ona görə ki, onların çoxusu əla komanda təsiri bağışlayır və hər il uğurlu çıxışlarla yadda qalır.

- Ümumiyyətlə, bu il hansı komandamızdan daha yaxşı çıxış gözləyirsən?

- “İnter”in transferlərini xüsusi vurğulamaq istərdim. Heyətinə qatdığı oyunçuların çoxusu, Avropa təcrübəsinə malik futbolçulardır. Həmçinin  onların oyun üslublarını və taktiki gedişlərini də vurğulamaq olar. Bir də “Bakı”nın daha yaxşı çıxış edəcəyini gözləyirəm. Bir sözlə, irəliyə doğru getməliyik. Bu bir il ərzində çəkdikləri əziyyəti dəyərləndirməlidirlər.Hər birinə bu yolda uğurlar arzulayıram. İnşallah, hər bir klubumuz bizləri və Azərbaycan azarkeşlərini sevindirəcəklər.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər