Mahmud Qurbanov: “İnanmıram ki, Qarabağ” Quzanlıda “İnter”ə uduzsun”

Mahmud Qurbanov: “İnanmıram ki, Qarabağ” Quzanlıda “İnter”ə uduzsun”
MÜSAHİBƏ 30 Aprel 2009 / 16:04 4118
-  A +

“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az-a müsahibəsi.


- İlk olaraq, “Qarabağ”la dünənki oyun haqda fikirlərini bildirərdin.
- “Qarabağ”a qarşı çox pis oynadıq. Oyunumuz heç cür alınmadı. İstədiyimiz futbolu sərgiləyə bilmədik. Rəqib də güclü idi. Onlar da oyuna çox yaxşı hazırlaşmışdılar.
- Necə düşünürsən, dünənki oyunda “Bakı” zəif oynadı, yoxsa “Qarabağ” güclü çıxış etdi?
- Mənə elə gəlir ki, biz zəif oynadıq. Çünki meydanda istədiklərimizi həyata keçirə bilmədik. Bir sözlə, oyunumuz heç cür alınmadı. Düşünürəm ki, biz daha yaxşı oynasaydıq, yəqin ki meydandan qələbəylə ayrılardıq.
- Komandanın zəif oyununun səbəbini nə il izah edərdin? Bəlkə “Qəbələ”ylə oyundan sonra komandada yorğunluq yaranmışdı?
- Bu fikirlə tam razıyam. Komandada həqiqətən də yorğunluq var idi. Çünki orada meydan bərbad vəziyyətdə idi. Meydan tam palçıq idi. Palçıqda oynamaq isə futbolçudan çox güc alır. O cür şəraitdə oynamaq üçün ikiqat güc tələb olunur. Buna görə də “Qəbələ”ylə matçda çox güc sərf etdik.
- 1:2 hesablı məğlubiyyətdən sonra “Bakı”nın finala çıxmaq şansını necə dəyərləndirirsən?
- Düşünürəm ki, hələ heç nə itirilməyib. “Qarabağ” bizim meydançamızda iki qol vurdusa, biz niyə onlara eyni aqibəti yaşatmayaq? Fikrimcə, finala çıxmaq şansımız hələ var. Cavab qarşılaşmasında bütün gücümüzü sərf edəcəyik ki, cütün taleyini öz xeyrimizə həll edək.
- Digər yarımfinal matçında keçmiş komandan “İnter” “Qəbələ”ni darmadağın etdi. “İnter”in bu cür böyükhesablı qələbə qazanacağını gözləyirdin?
- Sözün açığı, yox. Düzdür, “İnter”in qələbə qazanacağını proqnozlaşdırmaq olardı. Ən azından ona görə ki, “İnter” ilk matçı öz meydanında keçirirdi. Amma 5:0 yəqin ki çoxları üçün gözlənilməz oldu. Hesab edirəm ki, “Qəbələ” də bizim kimi eyni aqibəti yaşadı. Çünki onlar da bizim kimi son matçda xeyli güc sərf etmişdilər. Bu yorğunluq da “İnter”lə matçda özünü daha açıq şəkildə biruzə verdi. Bir daha deyirəm ki, palçıqlı meydançada futbol oynamaq həddindən artıq çətindir.
- Biz az da premyer-liqa haqqında danışaq. Qarşıdakı turda “Bakı”nı “Simurq”la ciddi oyun gözləyir.
- “Simurq”la matç çox böyük əhəmiyyət daşıyır. Çempionluq baxımından bu oyun həlledici ola bilər. Ona görə də “Simurq”u mütləq udmalıyıq. Amma dünənki kimi oynasaq, işimiz çox çətin olacaq. Ona görə də biz bu oyuna daha yaxşı hazırlaşmalı, dünənki matçda etdiyimiz səhvləri təkrarlamalıyıq.
- Hazırda birinci pillədə qərarlaşan “İnter”i də bu tur ciddi sınaq gözləyir. Necə düşünürsən, “Qarabağ” “İnter”i dayandıra bilər?
- Həqiqətən də maraqlı oyun olacaq. Özü də bu matç Ağdamda keçiriləcək. “Qarabağ” da çox güclü komandadır. İnanmıram ki, “Qarabağ” Quzanlıda “İnter”ə uduzsun. Uzun illərdən sonra komanda doğma yurduna qayıdacaq. Yəqin ki, onlar da ilk matçda azarkeşlərin gözü qarşısında uduzmaq istəməzlər.
- Əgər bu tur “Bakı” liderliyi ələ keçirsə, səncə sonadək zirvədəki yerini qoruya biləcək?
- Əgər biz “Simurq”u məğlub etsək, “Qarabağ” da “İnter”dən xal alsa, o zaman biz çempion olacağıq. Düzdür, qarşıda daha iki oyun olacaq. Amma həmin qarşılaşmalarda qələbə qazanmağa borcluyuq.
- Rafael Əmirbəyovun yoxluğunda komandanı kapitan qismində meydana sən çıxarırsan.
- Düzdü, Rafael meydana çıxmayanda kapitan mən oluram. Vallah nə deyim? Məşqçilərimiz, klub rəhbərliyi sağ olsunlar ki, mənə etimad göstəriblər. Amma “Bakı”nın kapitanı Rafael Əmirbəyovdur, bunu hamı da bilir. O meydana qayıtdıqdan sonra da sarğını o taxacaq.          

Daha çox


Son xəbərlər