İtaliyanın "qara at"ı, İspaniyanın qoca italyanı

İtaliyanın "qara at"ı, İspaniyanın qoca italyanı
AVRO-2012 14 İyun 2012 / 14:36 3112
-  A +

Bu gün futbol üzrə Avropa çempionatının daha bir intriqalı qrupunda iki gərgin oyun keçiriləcək. B qrupumdakı ilk oyununda İrlandiyaya 3:1 hesabı ilə qalib gələn Xorvatiya saat 21:00-da İtaliya ilə görüşür. İtalyanlarla 1:1 bərabərliyə qalan İspaniya isə 23:45-də bu dəfə də... italiyalı ilə üz-üzə gələcək.

Covani Trapattoninin rəhbərlik etdiyi İrlandiya millisi çempionatın əsas favoriti İspaniya qarşısında yəqin ki, gücü çatdığı qədər müqavimət göstərəcək. Xorvatlarla oyunda irlandlar cəmi 2 dəqiqə 38 saniyə duruş gətirə bildisə (ilk qolu 2 dəqiqə 38-ci saniyədə Madjukiç vurdu, daha sonra bir dəfə də fərqləndi), ispan hücumçularının qarşısını neçə dəqiqə saxlaya biləcək, bunu görəcəyik. İspanlara bu oyunda təkcə “suxoy” qələbə yox, həm də çoxlu qol vurmaq lazımdır ki, gələcək rəqiblərinin gözlərini bir az qırsınlar.

İtaliya ilə bərabərlikdən sonra ispanlar sakitliklərini qorumağa çalışsalar da sonuncu dünya və Avropa çempionuna diqqət o qədər böyükdür ki, bu tənqidlərin qarşısında dayanmaq da mümkün deyil. Məsələn, “Real”ın çalışdırıcısı oyundan dərhal sonra həm Xavi, Andres İnyesta və Sesk Fabreqası sərt tənqid etmişdi. Joze Mourinonun sözlərinə görə, “Barselona”nın milli komandakı bu üçlüyü effektli oynamayıb və Buffonun qapısı qarşında təhlükəli vəziyyət yarada bilməyib: “Orta xətt böyük güc sərf etdi, amma hücumlar kəsərsiz oldu”.

Fernando Torres isə bütün tənqidlərə cavab olaraq düşünür ki, heç bir faciə baş verməyib və qalan iki oyunda qalib gələcəklər: “Növbəti mərhələyə çıxmaq üçün qalan oyunlarda qalib gəlməmiz lazımdır. İspaniya millisinin bu qələbə üçün bütün imkanları var”.

İspaniya millisi isə ilk oyundakı heç-heçəni “Qdansk Arena”da (Polşa) ot örtüyünün yaxşı vəziyyətdə olmaması ilə izah edir. İyunun 12-də isə İspaniya meydanın vəziyyəti ilə bağlı UEFA-ya rəsmi şikayət yollayıb. Rəsmi şikayətdə deyilir ki, hələ İtaliya ilə oyundan əvvəl ot örtüyünün çox quru və sərt olması ilə bağlı şikayət ediblər. Amma müraciətdən sonra vəziyyət daha da pisləşib. İspanlar iddia edirlər ki, bu cür meydanda əsl futbol göstərmək mümkünsüzdür. Qeyd edək ki, ispanlarla İrlandiyanın bu gün keçirəcəyi oyun da Qdanskda olacaq.
Polşa Futbol Federasiyasının prezidenti isə ispanların şikayətlərini əsassız hesab edib. Qjeqoj Lyato bildirib ki, ot örtüyünün sulanması üçün iki komandanın da razılığı olmalıdır: “İtaliyalılar isə bunu istəmədilər”.
UEFA-nın məsələyə reaksiyası məlum olmasa da oyunun başqa bir meydanda keçiriləcəyini gözləmək sadəlövhlük olardı. İspanları başa düşmək olar, ölkələrinin möhtəşəm arenalarından sonra Qdanskın ot örtüyü onlara kol-koslu meydan təsiri bağışlayır. Amma oynamaq lazımdır. İspaniya kimi güclü komanda İrlandiya sayaq rəqibi lap Sumqayıt stadionunda da udar...

Avro-2012-nin ən qoca məşqçisi olan italiyalı mütəxəssis Covanni Trapattoni də yaşın verdiyi müdrikliyini göstərib. O, adlı-sanlı nəhənglərlə bir turnirdə hətta iştirak etməyin özünün artıq uğur olduğunu bilir. Əslində İrlandiyadan gözləntilər də elə çox deyildi. İrlandiya uzun fasilədən sonra (yalnız bir dəfə - 1988-ci ildə Avropa çempionatında iştirak edib) Avro-2012-yə qatılıb. İrlandiya bu çempionata gəlməyə də bilərdi, sadəcə bəxti pley-offda gətirdi və Estoniyanı iki oyunun cəminə görə 5:1 məğlub edərək adını sonuncu iştirakçı kimi çempionata yazdırdı.
Xorvatlarla oyun göstərdi ki, komandada Robi Kin, Qivena və Riçard Dann kimi futbolçuların dövrü bitmək üzrədir və millinin Avropa səviyyəsində oyun göstərməsi üçün heyət yenilənməlidir. Yığmadakı məsələn, Saymon Koks kimi gənclərin isə bu cür mötəbər turnirlərdə yaxşı oyun göstərməsi üçün təcrübəsi azdır. Təsadüfi deyil ki, Trapattoni də ilk oyunda bu oyunçunu meydana cəmi bir neçə dəqiqəliyə buraxdı.

İspanlar bu səddi asan keçəcəklər, amma italyanların işi zor... Çempionatın “qara atı” adlandırılan Xorvatiya İrlandiyanı 3:1 məğlub edəndən sonra bu komanda da ehtiyatla olsa da çempionluğa iddialılar sırasına daxil edilib.

Heyətində Luka Modriç kimi yarımmüdafiəçi, Dario Srna kimi müdafiəçi olan Xorvatiyanın bu çempionatda daha bir ulduzu parlayır. Bu, çempionatın ən erkən qolunu vurmuş və topların sayına görə liderlər sırasında olan Mario Madzukiçdir. Almaniyanın “Volfsburq” klubunda oynayan bu futbolçunun əla texnikası və sürəti var. O, hücum xəttində “Bavariya”nın oyunçusu İvitsa Oliçlə gözəl tandem təşkil edir. Onlar bu gün İtaliyanın müdafiəsinə, ən əsası qapıçı Buffona ciddi problemlər yarada bilərlər.

Kiyev “Dinamo”sunun və milli komandanın yarımmüdafiəçisi Niko Krançar İtaliya və İspaniya ilə qarşıdakı oyunları dəyərləndirib. Krançar deyib ki, bu oyunlarda onlar açıq favorit deyillər: “Amma ötən çempionatlar göstərdi ki, biz istənilən rəqiblə inamlı oynamağı bacarırıq”.
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli də bu oyunun əhəmiyyətini yaxşı başa düşür. Bu qrupdan çıxmaq üçün italiyalılar bu gün mütləq qalib gəlməlidir. Çünki İspaniya asan rəqiblə oynayır və xorvatlarla heç-heçə belə İtaliyanı son tur ərəfəsi 3-cü pillədə qərarlaşdırır. 3-cü turda isə xorvatlarla İspaniya özlərini çox yormadan “sülh” bağlaya və İtaliyanın irlandlar üzərində qələbəsi belə onları riskə soxa bilər.
İtaliya millisinin baş məşqçisi komandasını xorvatlarla çox çətin oyun gözlədiyinin fərqindədir: “Xorvatlar güclü rəqibdir. Bu oyunun bütün detallarını götür-qoy etmək lazımdır. Nə olursa-olsun, bu oyunda mütləq qalib gəlməliyik. Biz rəqibimizi diqqətlə öyrənirik. Xorvatiya çox təhlükəli və proqnozlaşdırılmayan komandadır. Onlar oyunun gedişində də taktikanı dəyişə bilərlər”.

Aydındır ki, İtaliya qalib gəlmək istəyirsə, xorvatların müdafiəsini daima narahat etməlidir. Futbol mütəxəssisləri yarımmüdafiəçi Daniel De Rossinin ispanlarla görüşdəki oyununa ən yüksək qiyməti veriblər. Mario Balotellinin bu oyunda start heyətdə oynayıb-oynamayacağı isə hələ bəlli deyil. Prandelli də etiraf edib ki, 21 yaşlı Balotellinin tam yetkin oyunçu kimi formalaşması üçün zaman lazımdır. Qeyd edək ki, ispanlarla oyunda Balotellinin əvəz edən Antonio Di Natale İtaliyanın yeganə qolunu vurub və yaxşı təsir bağışlayıb. Andrea Pirlo və Antonio Kassano kimi oyunçular bu gün öz sözünü deməlidir.

Xorvatiya yaxşı komandadır, amma italyanlar bu çempionatın da yaraşığıdır. İtaliya bu çempionatı hələ daha yaraşıqlı edə bilər. Təki...

Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı