Novruz Əzimov: “İşlərimiz ləng gedir”

Novruz Əzimov: “İşlərimiz ləng gedir”
MÜSAHİBƏ 14 İyun 2012 / 14:04 3118
-  A +

“Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun Qol.Az saytına müsahibəsi

- İlk öncə Qəhrəman Əliyevin sizin köməkçiniz vəzifəsinə təyin olumasıyla bağlı fikirlərinizi bilmək istərdik.

- Qəhrəman Əliyevlə bir-birimizi çoxdan tanıyırıq. Onun bacarıqlı bir mütəxəssis, işgüzar bir insan olduğunu yaxşı bilirəm. Onun bu vəzifəyə gəlməsini özüm xahiş etmişəm. İnanıram ki,  komandaya  əlindən gələn köməkliyini əsirgəməyəcək.

- Mətbuatda gedən məlumata görə, siz Polşa milli komandasının sabiq qapçısı Marius Peşeleki transfer etmək istəyirsiniz.

- Bu barədə dəqiq söz deyə bilmərəm. Bununla klubun yeni idman drektoru Bojidar Bandoviç məşğul olur. Bir neçə qapıçıyla söhbət aparılır. Lakin məhz polşalı qapıçı haqda məlumat düzgün deyil. Yəni, danışıq aparılan qapıçılar arasında onun adına rast gəlməmişəm.

- Belə söhbət gəzir ki, klubun yeni idman direktoru vəzifəsinə gətrilən Bojidar Bandoviç həm də baş məşqçi funksiyasını yerinə yetirəcək. Buna münasibətiniz necədir?

- Bunu söyləyənlər, nə qədər bacarırlar, qoy, desinlər. Elə fikirləşirlər ki, güya Novruz Əzimov  ikinci dərəcəli məşqçidir. Bir şey deyə bilərəm ki, bu belə deyil. Klubda hər kəsin öz işi var. Düzdü, Bojidar təcrübəli bir mütəxəssisdir. Hətta baş məşqçi vəzifəsində də çalışıb. Lakin bu o demək deyil ki, mənim işlərimi aparacaq. Komandada bütün məşqçilərin fikirlərini, təkliflərini və məsləhətlərini dinləməliyəm. Lakin son qərarı mən verirəm. Ola bilər ki, yaxşı məsləhət versinlər və mən də onu dəyərləndirərək, yekun qərar qəbul edim. Ancaq hansı mövqeyə futbolçu gətirilməsiylə Bojidar Bandoviç məşğul olur. Yəni, mənimlə məsləhətləşərək hansı mövqeyə necə bir futbolçu istədiyimi soruşur.

- Necə düşünürsünüz, vaxt azlığını nəzərə alsaq, transfer məsələləri çox ləng apırılmır ki?

- Bəli, sizinlə razıyam ki, işlər bu yöndə bir az ləng gedir. Bilirsiniz ki, viza məsələlərini həll etmək Azərbaycanda o qədər də, asan deyil. İyunun 5-də komanda məşqlərə başlasa da, heyətə yalnız bir futbolçu qoşulub. O da kolumbiyalı Rodrigezdir. Hər gün bir futbolçuyla danışıq aparılır. Vaxt isə çox az qalıb..

- Bu işlərin ləng getməsini nə ilə bağlayardınız? Ümumiyyətlə, səbəbkar kimdir?
 
- Buna cavab verə bilmərəm. Çünki bu məsələ artıq klubun daxili işləridir.

- Müdafiə xəttinizdə problemlər olduğu açıq-aydın sezilirdi. Bu mövqelərə transferlər etməyi planlaşdırmısınız?
 
- Bilirsiniz ki, müdafiə xəttində inamlı təsir bağışlayan yerli futbolçulardan biri Elvin Əliyev idi. Lakin onun uzun müddət zədədən əziyyət çəkməsi və hazır olmamasını yaxşı bilirsiniz. Lap Elvin zədəli olmasaydı belə, həmin mövqeyə mütləq güclü və səviyyəli bir legioner alınmalı olduğunu düşünürəm. Çünki bizim  Avroliqada daha səviyyəli və təcrübəli futbolçuya ehtiyacımız olacaq.

- Deyilənə görə, müqaviləni artırmaq üçün ispaniyalı futbolçunuz Kokeni heç cür razı sala bilmirsiniz.

- Düzdü, o, çox təcrübəli və ağıllı oyunçudur.  Lakin hər şey futbolçunun özündən aslıdır. Əgər Koke klubuna can yandıran oyunçu olsaydı, müqavilə məsələlərini elə komandanın düşərgəsində də müzakirə edə bilərdi. Çünki komandanın məşqlərinə artıq ayın 5-dən start vermişdik. Onunla  görüşdükdən sonra barəsində konkret bir qərara gələcəyik.

- “Bakı”nın aparıcı oyunçularından olan Uinston Parksın zədəsiylə bağlı məsələ nə yerdədir?

- Parks bu ayın 15-nə qədər Bakıya qayıtmalıdır.  O, müalicəsini davam etdirir. Həm həkim, həm də mən özüm tərcüməçi vasitəsiylə Parksla söhbət etmişik. Hər şey öz qaydasıyla gedir. Parksdakı problem onun əzələsiylə bağlıdır. Çünki bir neçə dəfə eyni əzələsini darmışdı. Hələ ki, yüngül qaçışlar kifayətlənir. Ona çəkisini artırmamaq ciddi olaraq tapşırılıb. Parks özü də Avroliqa yarışlarına qədər hazır olacağını söyləyib.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər