Polşa – Rusiya qarşıdurması: Kaçinskidən Levandovskiyə...

Polşa – Rusiya qarşıdurması: Kaçinskidən Levandovskiyə...
AVRO-2012 12 İyun 2012 / 13:05 2728
-  A +

Bu gün A qrupunda yer alan meydan sahibləri Polşa millisi ötən tur Çexiyanı 4:1 məğlub edən Rusiya yığması ilə qarşılaşır. İlk oyunda Yunanıstanla 1:1 bərabərliyə qalan Polşaya bu oyunda mütləq qələbə lazımdır. Uduzduqdan sonra moralı xeyli pozulmuş çexlər Yunanıstana da məğlub olsalar, çempionata əlvida deyə bilərlər. Rusiyaya isə polyaklarla oyunda heç-heçə də sərf edir.

Polşa ilə Rusiya arasında oyunun xüsusi bir özəlliyi də var ki, bunu mütləq qeyd etməliyik. 2010-cu il, aprel ayının 10-da Polşa nümayəndə heyəti ilə birlikdə Xatına gedən prezident Lex Kaçinskinin təyyarəsi Smolenskdə (Rusiya) müəmmalı qəzaya uğradı və nəticədə 96 nəfər həlak oldu. Bu qəzadan sonra rəsmi Varşava Moskvanın ünvanına ciddi ittihamlar irəli sürdü və prezident də daxil dövlət adamlarının həlak olmasında Kremldən şübhələndiklərini bəyan etdilər. Bu ittihamlar indi də qalır və zaman-zaman da gündəmə gəlir. Mən xatırlatmayacaqdım, əgər... iyunun 9-da Rusiya Futbol Federasiyasının prezidenti Sergey Fursenko Rusiya millisinin baş məşqçisi Dik Advokatla birgə qəzada həlak olanların Varşavadakı xatirə lövhəsinə baş çəkib gül qoymasaydı... Deməli, heç kim və heç nə unudulmayıb.

Rusiyanın internet portalları bu vacib qarşılaşma ərəfəsində polyaklarla siyasi soyuqluğu çox qabartmamağa çalışırlar. Səbəb aydındır: Rusiya millisi Polşada oynayır və minlərlə azarkeşi bu ölkədədir.
Yeri gəlmişkən, Rusiya azarkeşləri artıq Polşada öz qeyri-etik davranışları ilə ad çıxarıblar. Çexiya ilə oyundan sonra rusiyalı azarkeşlər stadionda millətçi şüarlar səsləndiriblər və təhlükəsizlik qüvvələri ilə toqquşublar. İş o yerə çatıb ki, Rusiya Futbol Federasiyası azarkeşlərə müraciət edərək “onları vətəni biabır etməməyə” çağırıb.

Polşanın start matçında zəif təsir bağışlaması, Rusiyanın isə məhsuldarlığı bu oyunla bağlı müsbət proqnozları rusların xeyrinə artırıb. Doğrudan da Polşanın ulduz oyunçuları Lukaş Pişek, Yakub Blaşikovski və Robert Levandovski (bu hücumçu polşalıların yeganə qolunu vurub) ilk oyunda ümidləri o qədər də doğrultmadılar. Polşanın müdafiə xəttində də problemlər üzə çıxdı. Yunanıstan rəqibin qapısından cəmi bir top keçirdi, amma məhz müdafiə xəttinin səhvi ucbatından qapıçı Voysex Şensni rəqiblə təkbətək qaldı və onu yıxdığı üçün qırmızı vərəqə alıb meydandan qovuldu. Onun bu gün heyətdə olmaması polyakların “arxa cəbhədə” işini bir az da çətinləşdirəcək.

Polşa millisinin yarımmüdafiəçisi Yakub Blaşikovski bütün komandanın ruslarla oyuna daha yaxşı hazırlaşdıqlarını bildirib. Polşa millisinin keçmiş qapıçısı Voyçex Kovalevski Rusiyaya qalib gələcəklərini deyib: “Polşa millisi Rusiyaya qalib gəlmək gücündədir. Futbolda mümkün olmayan heç nə yoxdur. Rusiya qrupdan çıxacaq, ümid edək ki, ikinci vəsiqəni Polşa alacaq”.

Polşanın yarımmüdafiəçisi Maçey Rıbus Rusiya millisinin ilk oyununu bəyəndiyini deyib. Futbolçu bütün komanda ilə növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi çalışdıqlarını söyləyib: “Bütün komanda Rusiya ilə 90 dəqiqəlik mübarizəyə hazırlaşır və çalışacağıq ki, Yunanıstanla oyundan daha yaxşı oyun göstərək”.

Rusiya millisinin düşərgəsində də bu oyuna ciddi hazırlıqlar var. Çexiya ilə oyundan sonra “Arsenalı”ın keçmiş üzvü Andrey Arşavin diqqəti yenidən özünə çəkməyi bacarıb. Rusiya mətbuatı “Arsenal”ın baş məşqçisi Arsen Vengerə yanıq verir. Rusiyalı idman jurnalistləri Arsen Vengerin A.Arşavinin oyununa baxıb təəssüflənəcəyini yazır və ümid edirlər ki, forvard yenidən ingilis klubuna qayıdacaq.

Rusiya millisinin iki qoluna (birini ailəsinə, digərini nişanlısının doğum gününə hədiyyə edib) imza atan Alan Dzaqoyevə də diqqət çoxalıb. Rusiyalı şərhçilər yarımmüdafiəçinin əla formada olduğunu və Polşa ilə oyunda rəqibin qapısına yenə yol tapacağına ümid edirlər.
Zədəsini sağaldıb milliyə qayıdan və Çexin qapısına mükəmməl qol vuran Roman Pavlyuçenkonun da Polşaya hücumda ciddi sıxıntılar verə bilər. Oyunçu deyib ki, Polşa ilə oyuna da Çexiyadakı kimi əhvalla çıxacaqlar: “Başa düşürük ki, birinci oyun heç nəyi həll etmir. Əgər növbəti oyunda qalib gəlsək, irəliyə doğru böyük addım atacağıq”.

Rusiya millisinin baş məşqçisi, hollandiyalı mütəxəssis Dik Advokat Polşa ilə oyuna da qalib gəlmək iddiası ilə çıxacaqları deyib. O, Çexiya ilə oyunda Korjakovu bəyəndiyini və bugünkü oyunda da start heyətə daxil edəcəyini söyləyib.

Oyunu idarə edəcək hakim isə almaniyalı Volfhanq Ştarkdır. Bu alman hakim də Avropada yaxşı tanınır. UEFA-da hakimlərin (UEFA-nın hakimlər üzrə koordinatoru məşhur italyan referi Pyerluici Kollinadır) oyunlara necə, hansı prinsiplərlə seçildiyi sirdir. Amma siyasi intriqası da böyük olan bu vacib oyuna məhz alman hakimin təyinat alması diqqət çəkir. Polşada Osvensimi, Rusiyada “nemeslər”i kim xatırlamır ki?!

Rusiya bizim yaxın qonşumuz və milyondan çox vətəndaşımızın çörək qazandığı bir ölkədir. Rusiya millisinin də Azərbaycanda azarkeşləri az deyil. Amma könül istər ki, bu oyunu Polşa qazansın... Ən yaxşısı “ən güclü olan qazansın” deməkdir.

Yunanlar Çexin qapısına yol tapa biləcəkmi?

Yunanıstan saat 21:00-da başlayacaq Çexiya ilə vacib oyuna ciddi itki ilə çıxacaq. Avro-2012-nin açılış matçında Polşa ilə qarşılaşan Yunanıstanın 27 yaşlı müdafiəçisi Avram Papadopulos dizindən zədələnərək sıradan çıxıb. Onun digər görüşlərdə iştirak etməyəcəyi dəqiqləşib. Artıq Papadopulos müalicə üçün ölkəsinə göndərilib.

Bundan başqa, daha bir müdafiəçi - Polşa ilə oyunda qırmızı vərəqə alan Sokratis Papastatopulos da komandasına kömək edə bilməyəcək. Yeri gəlmişkən, Yunanıstan Futbol Federasiyasının prezidenti Sofokis Pilavios həmin oyunu idarə edən ispaniyalı referi Karlos Velasko Karbalyonun meydan sahiblərinin xeyrinə idarəçilikdə ittiham edib.
44-cü dəqiqədə meydandan qovulmuş müdafiəçi Papastopulos isə Karbalyonu belə nüfuzlu yarışda oyun idarə etməyə layiq saymayıb: “Hakim səhvə yol verdi və oyunumuzu alt-üst etdi. Hamının gözü var. Karbalyonun bu epizodda nə gördüyünü bilmirəm. O, oyunun mənfi qəhrəmanı oldu. Avropa çempionatlarında Karbalyo kimi hakimlər olmamalıdır”.

Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Rosiçki oyun ərəfəsi optimist danışıb: “Biz birinci dəfə deyil ki, bu vəziyyətə düşürük. Rusiya ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb yolumuza davam etməliyik. Bizim Yunanıstanla oyunda hər şeyi qaydasına salmaq imkanlarımız var”.

Bakı “Neftçi”sinin keçmiş məşqçisi, çexiyalı mütəxəssis Vlastimil Petrjela isə Çexiya komandasını tənqid edib. O deyib ki, Çexiya millisi Avro-2012-yə ləng və çox pis hazırlaşıb: “Milan Baroş çox acınacaqlı vəziyyətdədir. Onda heç nə alınmır. Rusiya daha çox qol vura bilərdi. Çexiyanın bu çempionata vəsiqə alması tam təsadüfdür. Seçmə mərhələdə onlar yaxşı oynamadılar. Komanda buna görə tez-tez tənqid olunurdu. Amma qrup mərhələsinə keçəndən sonra tənqidlərin yerini eyforiya tutdu. Bu oyunla komanda heç nə edə bilməyəcək. Bundan sonra daha betər olacaq. Çünki Yunanıstanla oyunda komandaya mütləq qələbə lazımdır. Bu qələbə üçün komandaya və məşqçiyə basqı artacaq. Bu da əks effekt verəcək”.

Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti


Son xəbərlər