Rauf Əliyev: «Millimizin çıxışını müsbət qiymətləndirirəm»

Rauf Əliyev: «Millimizin çıxışını müsbət qiymətləndirirəm»
MÜSAHİBƏ 27 Aprel 2009 / 15:57 3729
-  A +

AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev AFFA-nın saytına müsahibə verib.

- 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının ikinci seçmə mərhələ oyunlarında iştirak edir. Millimizin qrup mərhələsi çərçivəsində keçirdiyi iki oyunu - Portuqaliya və Uels komandaları ilə qarşılaşmanı canlı izləmisiniz. Təəssüratlarınızı bilmək istərdik.
- Bildiyiniz kimi, Azərbaycan millisinin mübarizə apardığı qrupun oyunları Portuqaliyada təşkil olunub və komandamız ilk qarşılaşmada bu ölkənin təmsilçisi ilə görüşdü. Çox sevindirici haldır ki, millimiz bu oyunu qələbə ilə başa vurdu. Qarşılaşmanı canlı izlədiyim üçün deyə bilərəm ki, komandamız Portuqaliya millisini bütün komponentlərdə üstələdi və nəticə oyuna görə oldu.
- Uels millisi ilə oyun barədə nə deyə bilərsiniz?
- Komandamız uelsli futbolçularla qarşılaşmada hesabda iki dəfə geri düşsə də, bu, heç də millimizin zəif oynaması anlamına gəlməməlidir. Hətta oyunun ilk 15 dəqiqəsi bütünlüklə qızlarımızın üstünlüyü şəraitində keçdi. Qarşılaşma ərzində müdafiədə buraxılan 2 səhv qapımıza vurulan qollarla nəticələndi. Lakin millimiz sona qədər mübarizə apararaq oyunu heç-heçə başa vurdu. Bu oyunda hakimlər də müəyyən epizodlarda komandamıza qarşı qeyri-obyektiv qərarlar çıxardılar.
- Millimizin çıxışı yerli azarkeşlər və mütəxəssislər tərəfindən necə qiymətləndirildi?
- Bir məqamı xüsusi qeyd edim ki, ilk oyunda himnimiz səsləndikdən sonra Portuqaliya millisinin məşqçi korpusu və azarkeşlər bizə yaxınlaşaraq himnimiz barədə çox xoş sözlər dedilər. Təbii ki, dövlət atributlarımızdan biri haqqında başqa ölkənin vətəndaşlarının söylədiyi müsbət fikirlər bir azərbaycanlı kimi hamımızın qürur hissi keçirməyimizə səbəb oldu. Komandamızın nümayiş etdirdiyi gözəl oyun və qazanılan qələbə isə stadiona toplaşanların alqışını qazandı.
- U-19-un əldə etdiyi nəticələr bizi sevindirsə də, ölkəmizdə qadın futbolu ilə bağlı problemlər var. Bu sahədə hansı işlərin görülməsini vacib sayırsınız?
- İlk növbədə onu deyim ki, UEFA qadın futbolunun inkişafına xüsusi diqqət və həssaslıqla yanaşır. Portuqaliyada olduğum müddətdə bir daha bunun şahidi oldum. Təəssüf ki, hazırda Azərbaycanda qadınlardan ibarət klubların çempionatı keçirilmir. Tezliklə bu problemin aradan qaldırılmasına çalışmalıyıq. Hesab edirəm ki, xüsusilə regionlarda qadın futbolunun inkişafı ilə bağlı tədbirlər həyata keçirilməlidir. Klublarımız arasında çempionat təşkil olunarsa, yığma komanda üçün də seçim imkanları genişlənər.
- 19 yaşadək qızlardan ibarət milli komandamız seçmə mərhələ çərçivəsində son oyununu Fransa komandasına qarşı keçirəcək. Bu oyundan hansı nəticəni gözləmək olar?
- Fransada qadın futbolu çox inkişaf edib. Rəqibimizin güclü olması aydın məsələdir və bu oyun barədə hər hansı proqnoz vermək çətindir. Amma qızlarımızın indiyə qədər keçirdiyi iki oyunda əldə etdiyi nəticələri çox müsbət qiymətləndirirəm. Bu, həm futbolumuzun, həm də Azərbaycanın beynəlxalq səviyyədə təbliğatının aparılmasına müsbət təsirini göstərir. İkinci seçmə mərhələ oyunlarında postsovet məkanı ölkələrindən cəmi 3 komanda iştirak edir. Bildiyiniz kimi, təşkilatçı ölkənin təmsilçisi olaraq Belarus millisi final mərhələsinə birbaşa vəsiqə qazanıb. Rusiya və Ukrayna milliləri isə ikinci seçmə mərhələdə keçirdiyi hər iki oyunda məğlub olub. Bu kiçik statistik göstəriciləri qeyd etməkdə məqsədim, millimiz son oyununun nəticəsindən asılı olmayaraq, artıq müəyyən uğurlara imza atdığını vurğulamaqdır. Sözsüz ki, Fransa millisi ilə oyunda da komandamızın uğur qazanacağına ümid edirəm.
- Portuqaliyada olarkən apardığınız müşahidələrin nəticəsinə əsaslanaraq Azərbaycan futbolunda hansı yeniliklərin tətbiq olunmasının vacibliyini düşünürsünüz?
- Portu şəhərinin yaxınlığındakı kiçik bir qəsəbədə müasir standartlara cavab verən 2 böyük stadion var idi. Bu fakt özlüyündə bir çox suallara aydınlıq gətirə bilər. Yəni futbolun inkişafı üçün infrastrukturun müasir tələblərə cavab verən səviyyədə olmasını təmin etmək vacibdir. Son vaxtlar ölkəmizdə bu sahədə böyük işlər görülür və düşünürəm ki, bütün bunlar komandalarımızın çıxışına müsbət təsirini göstərəcək. Yeri gəlmişkən, 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlaşması üçün AFFA rəhbərliyi tərəfindən hərtərəfli şərait yaradılmışdı.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"