Rəşad Abdullayev: “Neftçi”ylə danışıqlar alınmasa, digər təklifləri nəzərdən keçirəcəyəm”

Rəşad Abdullayev: “Neftçi”ylə danışıqlar alınmasa, digər təklifləri nəzərdən keçirəcəyəm”
MÜSAHİBƏ 22 May 2012 / 13:58 3220
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

-  “Neftçi”ylə müqavilənin müddəti başa çatıb. Sənə yeni müqavilə təklif olunub?

- Düzü, hələ bununla bağlı heç bir söhbət olmayıb.

- Bəs, klub rəhbərliyi şifahi da olsa, sənin komandada qalmağını təklif etməyib?

- Belə şeyə heç vaxt ehtiyac olmayıb. Çünki məni bu ailənin üzvü kimi görüblər. Düzdü, mən də mətbuat və portallardan özüm haqda müxtəlif məlumatlar oxuyuram. Ancaq klubdan mənə getməyimlə bağlı xəbərlərin doğru olmadığını bildirirlər.

- Bəs, sən özün necə, “Neftçi”də qalmaq istəyirsən?

- Mən hər zaman demişəm ki, tez-tez klub dəyişməyi xoşlamıram. Birdə ki, hazırkı klubumda iki ildi ard-arda ölkə çempionatının qızıl medallarına yiyələnmişəm. Burada oyunum da çox yaxşı alınır. Əlbəttə, danışıqlarımız müsbət alınsa, “Neftçi”də qalmaq istərdim.

- Amma hər halda, yəqin ki, başqa klublardan təklif almısan.

- Bəli, bir neçə yerdən təklif olmuşdu. Ancaq hazırda birinci növbədə məni “Neftçi”nin təklifi maraqlandırır. Əgər hazırkı klubumla danışıqlarımız alınmasa, digər təklifləri nəzərdən keçirəcəyəm.

- Son günlər xəbərlər yayılıb ki, sən artıq “Neftçi”ni tərk etməyə hazırlaşırsan. Mövqeyinə isə yarımmüdafiədə yaxşı çıxış etməyi bacaran Mahir Şükürov gətiriləcək. Bu məlumat doğrudur?

- Bundan xəbərim yoxdur. Çalışıram ki, bu tip xəbərlərə fikir verməyim. Birincisi, Mahir Şükürov mənim mövqeyimdə oynamır. Həm də çox hücuma meyilli oyunçu sayılmır. Yəqin ki, gətirsələr də, bu, rəhbərliyin öz işidir. Komandaya kimi layiq bilirlərsə, onu da transfer edə bilərlər.

- Əgər komandada qalası olsan, səni güclü rəqabət gözləyə bilər. Çünki Çempionlar Liqasında uğurlu çıxış etmək üçün səviyyəli legioner futbolçu transferi gözlənilir. Bu rəqabətin kölgəsində qalacağın səni narahat etmir?

- Mən futbolçu olduğum üçün yalnız komandaya xeyirim haqda düşünmüşəm. Ancaq rəqabət başqa bir şeydi. Yerinə digər bir futbolçu gətirmək tam başqa bir anlama gəlir. Belədə ki, güclü rəqiblə rəqabətdən heç bir vaxt çəkinməmişəm. Çıxışlarım hər zaman göz qabağında olub.

- “Neftçi”yə yeni transfer olunmuş futbolçular Rəşad Sadiqov və Julius Vaobay haqda nə deyərdin? Səncə, komandanın bu futbolçular ehtiyacı vardımı?

- Vobay artıq xeyli vaxdır ki, çempionatımızda çıxış edir və necə bir futbolçu olduğunu da hər kəs yaxşı bilir. Rəşad haqda çox danışmağa isə ehtiyyac yoxdur. O, istedadlı futbolçudur. Fikrimcə, onların hər ikisinin “Neftçi”yə faydası dəyəcək.

- Mövsümü əla keçirərək, bir çox gözəl qola imza atıb çempionluq yaşadın. Lakin buna baxmayaraq, milli komandanın baş məşqçisi Berti Foqts səni yenə yığmaya çağırmadı...

- O, yenə hər zamankı kimi tanıdığı futbolçularla heyəti qurur. Bu, onun öz fikiridir. Düzdü, bəzi xeyli yeni futbolçu da milliyə dəvət alıb. Ancaq gələcəkdə nə vaxt milliyə dəvət alası olsam, canla-başla oynamağa hazıram.

Əli HƏYATİ

 

 

Daha çox


Son xəbərlər