“Bizim hücumçular öz üzərlərində işləmirlər”

“Bizim hücumçular öz üzərlərində işləmirlər”
MÜSAHİBƏ 21 May 2012 / 13:28 3061
-  A +

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasovun Qol.Az-a müsahibəsi

- Başa çatan mövsümü necə dəyərləndirərdiniz?

- Normal. Məni qane elədi. Haradasa ciddi mübarizənin şahidi olduq. Maraqlı məqamlar da oldu. Məsələn, “Xəzər Lənkəran”ın xalını aldılar, sonra təzədən qaytardılar.

- Hazırkı format sizi qane edir? Yeri gəlmişkən, hazırda bu məsələ ilə bağlı da müəyyən müzakirələr gedir.

- Komandaların sayı artsa yaxşıdır, mən bunun  tərəfdarıyam. Bölgələrdə nə qədər çox komanda olsa, futbolumuz bir o qədər inkişaf edəcək. Amma çox təəssüf ki, bizdən aslı olmayan səbəblərdən bunu həyata keçirmək olmur. Yəni, klubların maddi imkanları o səviyyədə deyil ki, yüksək liqada komandaların sayını artırmaq olsun.

- Bir vaxtlar şərəfini qoruduğunuz “Neftçi” bu dəfə də çempion adını qazandı. Sizcə, paytaxt klubu buna layiq idi?

- Bilirsiniz necədir, “Nefçi” də çempionluğa layiq idi, “Xəzər Lənkəran” da, “İnter” də, “Qarabağ” da, “Bakı” da, “Qəbələ” də. Bir sözlə, ilk “altılıq”dakı bütün komandalar bu ada layiq idi. Çünki hamısının güclü maliyyəsi, heyəti  var. Sadəcə, çempionatın müəyyən məqamlarında buraxılan səhvlər var ki, yekunda öz təsirini göstərir. Bundan başqa, ehtiyat oyunçular skamyasının qısa olması məsələsi də var.

- “Xəzər Lənkəran” və “İnter” da avrokuboklara yollandı...

- Onlar da Avropada oynamağa layiq idi. Düzdür, “İnter” sona yaxın zəif təsir bağışladı. Sanki həmişə görməyə adət etdiyimiz mobil “İnter”i görə bilmədik. Amma “Xəzər Lənkəran” əksinə, Yunis Hüseynovun gəlişindən sonra xeyli artırdı. 

- Bəs, “Qarabağ”ın çıxışı haqqında nə düşünürsünüz?

- Təbii ki, “Qarabağ”ın avrokuboklardan kənar qalmasına təəssüfləndim. Bu komanda evdə keçirdiyi bəzi oyunlarda yol verdiyi səhvlərin güdazına getdi.

- Məsələn, hansı oyunları nəzərdə tutursunuz?

- Elə “Bakı” ilə Quzanlıdakı matçı qeyd edərdim. 2:4-lük həmin məğlubiyyət yekun nəticəyə öz təsirini göstərdi. “Bakı” isə əksinə, həmin oyundan sonra yüksəlişə keçdi. Yeri gəlmişkən, bu komandanın Avropa Liqasına vəsiqə qazanmasını məntiqli sayıram. Çünki onların sona doğru göstərdiyi məzmunlu oyunu danmaq olmaz. “Qarabağ”ı məğlub etdilər, kubokun finalında “Neftçi”ni üstələdilər. Bunlar elə-belə nəticələr deyil.

- “Qarabağ”ın avrokuboklardan kənar qalmasına fərqli yanaşmalar oldu. Bəziləri deyir ki, futbolumuz çox şey itirdi. Ən azından siyasi baxımdan “Qarabağ”ın Avropada olması bizim üçün vacib idi. Bir qrup insan isə düşünür ki, Ağdam klubunun avrokuboklardan kənar qalması digər klublarımızın əsl gücünün ortaya çıxmasına yardım edəcək. Bu fikirlərin hansı ilə razısınız?

- Elə hər ikisi ilə. Bəli, Qarabağ adının Avropada səslənməsi siyasi baxımdan bizim üçün çox vacib idi, bunu düz vurğuladınız. İkinci tərəfdən isə o fikirlərə də qatılıram ki, “Qarabağ”ın yoxluğunda baxaq görək digər klublar hansı nəticəni göstərəcək.

- Son mövsümün də bombardiri əcnəni futbolçu oldu. Bir vaxtların bombardiri kimi, necə düşünürsünüz, niyə azərbaycanlı futbolçular bombardir ola bilmir?

- Mən sizə bir söz deyim. Diqqət yetirin, “Qarabağ”ın heyətində Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov kimi qol vurmağı bacaran futbolçular var. Yaxud “Neftçi”də Rəşad Abdullayev uzaq məsafələrdən gözəl qollar vurur. Lap bizim dövrdə vurulan qolları xatırladır. Deməli, qol vurmağı bacarırlar. Bəs niyə bombardir ola bilmirlər? Səbəbini deyim. Çünki öz üzərlərində yetərincə işləmirlər. Şəxsən mən  “Qalatasaray”a  4 qol vurmuşam. Yadımdadır, onda “Neftçi” həmin komandanı 7:0 məğlub etmişdi. O vaxt biz öz üzərimizdə işləyirdik. Hər məşqdən sonra Serqey Kramarenko məni saxlayırdı və yarım saat müxtəlif məsafələrdən ona zərbələr vururdum. Sonra mənə deyirdi ki, sənin zərbələrini tutdumsa, digər futbolçulardan qorxum yoxdur. Təsəvvür edin, hər məşqdən sonra Kramarenkoya 100-120 zərbə vururdum. Özümün də istəyim var idi ki, əlavə olaraq, öz üzərimdə işləyim. Hər oyunda çərçivəyə aşağısı 20 zərbə endirirdim. Bunlardan da 3-4-ü çərçivəyə getdi, bəsdir də. Ona görə, 1976-cı ildə SSRİ çempionatının bombardiri oldum. Legionerdə istək var, öz üzərində işləyir, bombardir olur. Amma təəssüf ki, bizim futbolçularımızda eyni istək yoxdur.

Anar XANLAROV

 

Daha çox


Son xəbərlər