Dünya kubokunda ilk medal

Dünya kubokunda ilk medal
XƏBƏR 19 May 2012 / 18:14 1794
-  A +

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası ilk medalını qazanıb.

Qol.Az-ın məlumatına görə, 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafəyə əsas final (Final A) yürüşündə bürünc medala sahib olub.

Onlar finişə 3 dəqiqə 50,798 saniyəyə çataraq yalnız almaniyalı Peter Kretşmer – Kurt Kuşela (3:47.706) və Tomaş Vılençek – Ştefan Holts (3:47.750) duetlərindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olmuş belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (3:51.594), eləcə də çinli Maoxinq Huanq – Li Kianq (3:54.262), kanadalı Pol Brayant – Rolan Varqa (3:56.490), ukraynalı Dmitri Yançuk – Aleksandr Sivkov (3:58.158), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (4:00.490) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (4:19.114) duetlərini üstələyiblər.

Bezuqlıy – Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə ilin ilk nüfuzlu yarışında mükafatçılar sırasına düşməklə, yüksək hazırlıq səviyyəsində olduğunu nümayiş etdirib. Duetimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ötənilki dünya çempionatında bu məsafəni gümüş medalla başa vurmuş və məhz Vılençek – Holts duetindən geri qalmışdı. Amma Dünya Kubokundan fərqli olaraq, Avropa və dünya çempionatları, eləcə də olimpiadada hər ölkənin maksimum 1 qayıqla təmsil olunmasına icazə verilir. Bu isə o deməkdir ki, azərbaycanlı cütlük qarşıdakı olimpiadada ən azı gümüş medala iddia edə bilər.

Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. Cəmi 20 yaşa malik Andrey Kraytor da 1 nəfərlik qayıqla (C-1) bu məsafədə finala çıxıb. Həlledici yürüşlər sabah olacaq. Eyni zamanda hər 3 kanoeçimiz 200 metr məsafəyə yürüşlərə də qatılacaqlar.


Son xəbərlər