Mircavadov: "Xəzər Lənkəran" heyəti daha da gücləndirməlidir"

Mircavadov: "Xəzər Lənkəran" heyəti daha da gücləndirməlidir"
MÜSAHİBƏ 19 May 2012 / 16:11 4268
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- İlk olaraq, başa çatan bu mövsüm üçün çempionatımızın səviyyəsini dəyərləndirməyinizi istərdim.

- Məncə, bu il çempionatımızın səviyyəsi keçənilkinə baxanda xeyli inkişaf edib. Bu amil bütün klublarda hiss olunur. Lakin bizim istəyimiz daha çox olmalıdır. Yerli gənc futbolçularımızın milli komandada layiqli oyun nümayiş etdirməsi, Avropa klublarında forma geyinməsi vacib amillərdəndir.

- Çempionatın qızıl mükafatçısı “Neftçi”nin çıxışı barədə nə deyərdiniz? Onlar çempionluğa layiq idilərmi?

- Bəli. Ola bilər hansısa oyunda gözlənilənlərin əksinə zəif çıxış etdilər. Lakin çempionluğu rəsmləşdirdikdən sonra komanda bir qədər arxayınlaşdı və dalbadal iki turda məğlubiyyət açısı yaşadılar. Bu arxayınçılıq komandanın psixologiyasına pis təsir etmişdi.

- Bəs, Avroliqaya çıxan klublarımız haqda nə deyə bilərdiniz?

- Hər üç klub Avropada oynamağa layiqdilər. “Bakı” çempionatda zəif çıxışıyla yadda qaldı. Lakin son turlarda komandanın sükanı arxasına Novruz Əzimovun gəlişi “Bakı”nı inkişafa doğru apardı. Komanda öz oyununu tapdı. Nəticədə Avropaya çıxmaqla yanaşı ölkə kubokuna da sahib oldular.

- “İnter” hətta çempion olmağa da yaxın idi. Lakin bir şeyi unutmaq lazım deyil ki, çempionluğa oynayan komandanın oyunçu problemi olmamalıdır. “İnter”in hücumla bağlı çox böyük problemi vardı. Əgər onların yaxşı hücumçuları olsaydı, hətta onlar çempion da ola bilərdilər.

- “Xəzər Lənkəran”a gəlincə, bildiyiniz kimi bu klubda bir il ərzində üç məşqçi dəyişikliyi oldu. Hazırda baş məşqçi vəzifəsini Yunis Hüseynov icra edir. Mən deyərdim ki, onun sayəsində cənub komandası turnir cədvəlində ikinci yeri tutdu və Avroliqaya vəsiqə qazandı. Lakin avrokuboklarda layiqli iştirak etmək üçün bu komanda heyəti daha da gücləndirməlidir.

- Bəs, “Qarabağ”ın Avroliqaya çıxa bilməsini necə qarşıladınız?

- “Qarabağ”dakı neçə ildi ki, bir yerdə çıxış edirlər. Onlar 1-2 il bundan əvvəl çempion olmalıydılar. Ancaq bu mövsüm komandanın heyətindəki kasadçılıq çempionluğa mane oldu. Çempion olmaq istəyən komandanın ən azı 25 futbolçusu olmalıdır. Mənim fikrimcə, “Qarabağ” Avroliqaya çıxa bilməməsində özü günahkardır. Çox zəif komandalarla oyunda vacib xallar itirildi. Belə baxanda “Sumqayıt”la oyundan “Qarabağ”dan başqa heç bir klub beş xal itirməyib.

- Ölkə kubokunun finalında “Bakı” “Neftçi”ni 2:0 hesabıyla məğlub edərək, kuboka sahib çıxdı. Oyun barədə nə deyərdiniz?

- Maraqlı və gərgin bir matç olduğunu söyləyə bilərəm. Mən hər zaman kubok oyununu tam şəkildə digərlərindən çox fərqləndirirəm. Çünki kubok oyunu elə bir qarşılaşmadır ki, burada güclü və zəif bilinmir. Kimin motivasiyası və hansı komandanın istəyi çoxdursa, o da qalib gələcək. Əslində, həmin gün “Bakı” möhtəşəm oyun nümayiş etdirdi. Erkən qollar vuraraq qələbəni rəsmləşdirdi. Məncə, “Bakı” kuboku qazanmağa layiq idi. Onlar çox ağıllı taktika seçdilər. Rəqib qapısına iki top vurduqdan sonra müdafiə olunaraq, əks-hücum taktikasına üstünlük verdilər. Nəticədə də qapılarını toxunulmaz saxlayaraq, kuboku qazandılar.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord