“Bilmirəm, Böyükağa Hacıyevin fikri nədir”

“Bilmirəm, Böyükağa Hacıyevin fikri nədir”
MÜSAHİBƏ 18 May 2012 / 12:53 3872
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi

- Dünən “Bakı”yla kubok oyunun 46-cı dəqiqəsində əvəzləndikdən sonra matçı ehtiyyat skamyadan deyil, tribunadan izləməyin birmənalı qarşılanmadı. Belə addım atmana nə səbəb oldu?

- Doğrudan da, belə etmişdim. Fərqi nədir ki, ehtiyyat skamyadan oyunu izlədim, ya tribunadan? Üst başımı dəyişərək tribunada oturmağı qərara aldım.

- Söhbət gəzir ki, baş məşqçiniz  Böyükağa Hacıyev səninlə müqaviləni yeniləməkdə maraqlı deyil. Bu, doğrudur?

- Mən Böyükağa müəllimin fikrinin nə olduğunu bilmirəm. Baş məşqçi bunu mənə hələ şəxsən söyləməyib. Əgər siz dediyiniz kimi istəmirsə, neyləmək olar? Yeni müqavilə barədə hələ rəhbərliklə heç bir danışığımız olmayıb. Yəqin ki, yaxın zamanda agentimlə birgə masa arxasına oturacağıq.

- Ümumiyyətlə, dünənki oyun haqda fikirlərin necədir?

- Bizim ilk hissədə iki real qol imkanımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Vurmayana isə vurarlar. “Qarabağ”la oyunların birində hesabda iki top geri olmağımıza baxmayaraq, üç qol vuraraq qələbə qazana bilmişdik. Lakin bu dəfə bunu bacarmadıq. Klubun prezidenti Sadıq Sadıqovdan və azarkeşlərimizdən “qızıl dubl” edə bilmədiyimizə görə üzr istəyirik.

- “Neftçi”nin dünənki yenilgisinə futbolçuların hələ də çempionluq ab-havasından çıxa bilməməsini səbəb göstərmək olar?

- Deməzdim ki, məğlubiyyətimiz bunla bağlıdır. Biz öz futbolumuzu oynamağa çalışırdıq. Sadəcə, rəqib ilk hissənin 9 dəqiqəsində erkən qol vurmağı bacardı. Sonradan ikinci topu da qapımızdan keçirməyə müəssər oldu. Birinci hissədə  iki top buraxmağımız komandada bir az çaşqınlıq yaratdı.

- Səncə, “Bakı” layiqli qələbə qazandı, yoxsa “Neftçi” şanssızlığın qurbanı oldu?

- Rəqib həmin gün ən yaxşı oyunlarından birini keçirdi. Düzdü, bizim də bəzi məqamlarda şanssızlıq yaşadığımız anlar oldu. Bir real qolumuzun gerçəkləşməsinə qapı tiri imkan vermədi. Belə olan halda rəqib daha da ruhlandı. Çempionluq qazandıqdan sonra kubokun finalında məğlub olmağımız mənə çox pis təsir etdi.

- İkinci hissədə komandanızda mübarizə əzmi o qədər də hiss olunmurdu. Sanki yorğunluq və psixoloji durum futbolçuların iradəsinə güc gəlmişdi. Bununla razısan?

- Mən yorğunluqdan çox bunu psixoloji durumla əlaqələndirərdim. Finalda qapında iki qol gördükdən sonra toparlanmaq çox çətindir.

- İkinci yarıda komanda yoldaşlarının bəzilərində mübarizədən daha çox aqressivlik hiss olunurdu. Təsadüfi deyi ki, komanda yoldaşın Denis Silva qırmızı vərəqə alaraq, meydandan qovuldu...

- Komanda yoldaşlarımda belə xarakter olması mənim xoşuma gəlir. Bu, futbolçularda mübarizlik keyfiyyətini artırır. Denis həmin anda çox aqressiv görünürdü. Hətta Stamenkoviçə də etiraz edirdi. Yəqin ki, məğlub olduğu üçün pis olmuşdu. Deməzdim ki, bu amil qələbə qazanmağımıza mane oldu. Sadəcə olaraq, dünən “Neftçi”nin günü deyildi.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın