Ramiz Məmmədov: “Üstünlük “Bakı”dadır”

Ramiz Məmmədov: “Üstünlük “Bakı”dadır”
MÜSAHİBƏ 17 May 2012 / 15:26 2468
-  A +

“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi

- Hazırda nə işlə məşğulsunuz?
 
- Hələ ki, şəxsi işlərimlə məşğulam. İşsiz adam nə işlə məşğul olar ki?

- Artıq çempionatımız başa çatıb. Yerli klublardan sizə təkliflər gəlməyib?

- Xeyr. Heç bir klubla danışıqlar aparmamışam. Hələ çempionatımız yeni başa çatıb. Ola bilsin ki, bir müddətdən sonra təkliflər gəlsin.

- Son çempionatımızın səviyyəsini necə dəyərləndirərdiniz?

- Əgər, “Qarabağ” kimi komanda Avroliqaya çıxa bilməyibsə, çempionatın səviyyəsindən nə danışmaq olar? Əlbəttə, zəif təsir bağışladığını deyə bilərəm.

- Amma bir çoxları “Qarabağ”ın bu vəziyyətinə görə baş məşqçi və klubun rəhbərliyini günahlandırırlar. Yəni rəhbərlik komandaya səviyyəli futbolçuların transferi üçün yaxşı maliyyə ayırmayıb. Siz necə düşünürsünüz?

- Hər bir məşqçinin futbola öz baxışı, xüsusi planı olur. Mən heç kimin işinə qarışmaq istəməzdim. Rəhbərliyin işinə də qarşımaq düzgün olmazdı. Bu, klubun daxili işidir. Ola bilər, pul ayırıblar,ancaq yaxşı futbolçu tapa bilməyiblər. Bunun ən dəqiqini yəqin ki, özləri bilir. Lakin artıq hər şey geridə qalıb.

- “Qarabağ”ın avrokuboklara vəsiqə qazana bilməməsini faciə adlandırmaq olar?

- Faciə odur ki, Azərbaycanın yaralı, dərdli bir bölgəsinin adını daşıyacaq bir klub bu il Avropada çıxış etməyəcək. “Qarabağ”ın Avropada oynamasının Azərbaycan üçün siyasi əhəmiyyəti də böyük idi. Heyf ki, komanda Avropaya gedə bilmədi.

- Bəs, sabiq komandanız “Qəbələ”nin avrokuboklardan kənarda qalmasını necə qarşıladınız?

- Mən inanıram ki, “Qəbələ” gələn il  bu mötəbər turnirdə iştirak edəcək. Çünki bunun üçün kluba lazım olan hər cür şərait yaradılıb. Komandanın çox səviyyəli futbolçuları var. Onların çıxışları xoşuma gəldi. Düşünürəm ki, Avroliqaya çıxmaq üçün bir qədər bəxtləri gətirmədi.

- Bir mütəxəssis kimi avrokuboklarda hansı klubumuzdan yaxşı nəticə gözləyirsiniz?

- Bütün klubların şansları var. Mən onların hamısına çox inanıram. Fikrimcə, bu il ən azı iki mərhələ adlaya biləcəklər. Hər birinə uğurlar arzulayıram.

- Bu gün ölkə kubokunun finalında “Neftçi”ylə “Bakı” qarşılaşacaq. Bu oyunda kimi daha şanslı görürsünüz?

-  “Neftçi” bu il qarşısına qoyduğu məqsədinə çatdı. Çempion olmaqla demək olar ki, işlərinin 98 faizini görüblər. Fürsətdən istifadə edib Böyükağa Hacıyevi təbrik edirəm. “Bakı”ya gəlincə, bu il hələ, titul qazana bilməyib. Bu mənada, onlar titula acdır. Ona görə də üstünlüyü 55 faiz onlara verərdim. Həmçinin də, digər həmkarım Novruz Əzimova da uğurlar arzulayıram. “Bakı”nın Avroliqaya vəsiqə qazanmasında onun əməyini unutmaq olmaz. Əzimov Aleksandr Starkovun bərbad günə qoyub getdiyi “Bakı”nı əməlli-başlı düzəldib uğur qazanmaqdadır. Məncə, gözəl və maraqlı bir qarşılaşmanın şahidi olacağıq.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı