“Biz “Neftçi”yə xəyanət etmərik”

“Biz “Neftçi”yə xəyanət etmərik”
MÜSAHİBƏ 17 May 2012 / 14:07 3166
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına  müsahibəsi

- Bu gün ölkə kubokunun final görüşündə “Bakı”yla qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən?

- Digər oyunlara necə yüksək səviyyədə hazırlaşmışdıqsa, bu oyuna da eyni cür hazırlaşmışıq. Ümumiyyətlə, final oyununa  hər kəs çox ciddi yanaşır. Çünki “Neftçi”  “qızıl dubl”a 8 il öncə, 2004-cü ildə imza atıb. Çox istəyirik ki, budəfəki fürsəti əldən qaçırmayaraq, yenidən tarix yazaq. Belə oyunlarda çox diqqətli olmalıyıq. Bir gözlənilməz səhv “Neftçi”yə baha başa gələ bilər. Məhz buna görə də bu həftəni  elə hazırlaşmışıq ki, kobud  səhvlərimiz olmasın.

- Qələbə şanslarınızı necə dəyərləndirirsən?

- Düzdü, nəticənin necə olacağını qabaqcadan demək çətindir. Ancaq təbii ki, meydana uduzmaq üçün çıxmayacağıq. Qələbə üçün əlimizdən gələni edəcəyik.

- Rəqibinizin oyununu yaxşı təhlil edə bilmisinizmi? Yəqin ki, Böyükağa Hacıyev “Bakı”ya qarşı xüsusi taktika hazırlayıb.

- Elə bir böyük tapşırıq olmayıb. Çünki çempionat ərzində bu komandayla xeyli görüşümüz olub. Ən azı bir-birimizə yaxşı bələd olan komandalarıq.  Ancaq yenə də müəyyən futbolçulara baş məşqçinin xüsusi tapşırıqları olacaq.

- Komanda yoldaşın Ruslan Əmircanov müsahibəsində bildirib ki, qarşısına çıxan hər kəs “Neftçi”nin “Bakı”ya oyunu verəcəyini deyir. Buna münasibətin necə oldu?

- Əmircanov çox gözəl bir söz işlədib ki, nə alqı-satqı, məğər, biz bazarda işləyirik. Doğrudan da, biz “Neftçi”dən çörək yeyiriksə, xəyanət edə bilmərik. Onda mən Allah qarşısında özümü günahkar sayaram. Hər bir futbolçu istər ki, “qızıl dubl” etsin və yaxşı nəticə qazansın. Hansı futbolçular ki, oyun alqı-satqısında əlləri var, onlara yaxşı baxmıram. Mən cavan yaşımda istəmərəm ki, adıma ləkə gəlsin. Əgər elə bir şey olsa, heç oyuna da çıxmaram.

- “Neftçi”ylə müqavilənin müddəti nə vaxt bitir?

- Hazırkı klubumla həə iki illik müqaviləm var. Bu komanda mənim üçün doğma və əziz olduğundan heç yerə getmək fikrim yoxdur.  Heç müqaviləm olmasa belə, məmnuniyyətlə, bu komandada qalardım. Düz beş ildir ki, mən “Neftçi”nin heyətindəyəm.

- Ümumiyyətlə, legioner həyatı yaşamaq istiyərsənmi?

- Mən qarşıma “Neftçi”ylə çempion olmaq məqsədi qoymuşdum ki, Çempionlar Liqasında yenidən iştirak edim. Düzdü, keçən il “Dinamo” Zaqreblə oyun uğursuz oldu. Lakin inanıram ki, bu il bizə daha düşərli olacaq. Bizə Çempionlar Liqasında hansı komanda düşməsindən asılı olmayaraq, oyunumuzu izləməyə menecerlər gələcək. Mən də, çalışacağam ki, təlim-məşq ərəfəsində özümü yaxşı tərəfdən göstərim ki, əsas heyətə düşüm, bu mötəbər turnirdə menecerlərin diqqətini cəlb edim.Bu gün məbləğ mənim üçün onəmli deyil. İstərdim ki, Türkiyə, Rusiya və bizə yaxın olan digər ölkələrdə legioner həyatı yaşayım.
 
- Əgər, “Neftçi”nin qol maşını Bahadır Nəsimov “Bakı”yla oyunda iştirak etməsə, hücumda problemlər yaşayacağınızı söyləmək olar?

- Onun meydana çıxıb-çıxmaması hələ sual altındadır. Bunu oyunun başlamasına 1-2 saat qalmış dəqiq söyləmək olar.  Düzdü, oynayacağı təqdirdə komandamıza üstünlük olar.  Lakin oynamasa belə, bu, “Neftçi” üçün problem deyil. Onu əvəzləyə biləcək futbolçularımız var.

- Araz Abdullayevin yenidən “Neftçi”yə qayıdışı necə qarşıladın?

- Mən Arazla 4-5 ildir ki, bir yerdə oynamışam. Bəli, biz də Arazın qayıtmasını eşitdik.  Yunanıstanda  çempionatın tez qurtarması və klubunun bir az böhran yaşaması, onun geri dönməsinə səbəb oldu. Ancaq onun “Neftçi”yə qayıtmasına çox sevindim. İnşallah, bütün bunlar klub rəhbərliyiylə danışılacaq.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər