“Xəzər Lənkəran”ın ən azı bir mərhələ keçəcəyinə inanıram”

“Xəzər Lənkəran”ın ən azı bir mərhələ keçəcəyinə inanıram”
MÜSAHİBƏ 17 May 2012 / 12:52 3349
-  A +

Azərbaycan millisinin sabiq üzvü, “Sumqayıt”ın məşqçisi Aslan Kərimov Qol.Az-a müsahibə verib

- Çalışdığın “Sumqayıt” klubu mövsümün yekunlarına görə,  I Diviziona yollandı. Bu komandada qalacaqsan yoxsa, hələ qəti qərara gəlməmisən?

- Hələ ki, gözləmə mövqeyindəyik. Çünki vəziyyətin necə olacağını bilmirik. Gözləyək görək nə qərar veriləcək, komanda gələn mövsüm hansı liqada mübarizə aparacaq. Bu mənada “Sumqayıt”dakı işimlə bağlı hələ konkret bir söz deyə bilmərəm. Ancaq milli komandadakı məşqçilik fəaliyyətimi davam etdirirəm.

- Səncə, “Sumqayıt” niyə Premyer Liqadakı yerini qoruya bilmədi?

- Çempionatın əvvəlindən də bilinirdi ki, işimiz çətin olacaq. Çünki yeni komandaydıq, heyət gənclərdən qurulmuşdu, ən əsası, mövsümün startına 10 gün qalmış bir araya gəlmişdik. Bundan başqa, yəqin ki, məşqçilər korpusu olaraq, bizlər də haradasa səhvlərə yol verdik. Demək olmaz ki, məşqçilər korpusu hər şeyi düzgün etdi,  amma futbolçular bunu yerinə yetirə bilmədilər. Bütün günahı futbolçuların üzərinə atmaq olmaz.

- Mövsümün yekunlarına görə, ölkəmizi avrokuboklarda “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” təmsil edəcək. Komandalarımızın şanslarını necə qiymətləndirirsən?

- Avrokubok elə şeydir ki, burada şansların 50 faiz püşkün nəticəsindən aslıdır.  Düşünürəm ki, “Neftçi”nin işi daha ağır olacaq. Çünki onlar Çempionlar Liqasında mübarizə aparacaqlar və potensial rəqibləri arasında da yetərincə güclü komandalar  var. “Xəzər Lənkəran”, “İnter” və “Bakı”nın da işi asan olmayacaq. Məsələn, onların bəxtinə Rumıniya, Serbiya və Xorvatiya kimi ölkələrin təmsilçiləri düşsə oynamaq çətin olacaq. Bununla belə, istənilən rəqibə qarşı mübarizə aparmaq olar. Xüsusilə, “Xəzər Lənkəran”ın ən azı bir mərhələ keçəcəyinə inanıram.

- Sabiq klubun “Qarabağ”ın avrokuboklardan kənar qalmasının səbəbini nədə görürsən, səncə, onlar harada səhv buraxdılar?

- Tam olaraq deyə bilmərəm, harada səhv buraxdılar. Ancaq bu komandanın Avropada oynaması siyasi cəhətdən  bizim üçün vacib idi. Ola bilsin çempionatın sonuna doğru baş verən proseslər də öz təsirini göstərdi.

- Konkret hansı prosesləri nəzərdə tutursan?

- Məsələn,  Rəşadın,  Adamiyanın mövsüm bitməmiş  başqa klublarla razılığa gəlməsi istər-istəməz,  klubdaxili atmosferə təsir edir. Bundan başqa, “Xəzər Lənkəran”dan 6 xalın alınıb, sonra yenidən geri qaytarılması da öz təsirini göstərdi. Çünki həmin xallar alınanda “Qarabağ” futbolçularında xeyli arxayınlıq yarandı ki, artıq Avropa Liqasına vəsiqəni təmin etmişik. Buna görə, “Bakı”ya kubokda məğlub oldular, ardınca çempionatda da 2:4 uduzdular. Yəni, arxayınçılığa yol verdilər ki, bu da sonda onlara baha başa gəldi.

- Bəziləri bunu arxayınçılıq yox, məsuliyyətsizlik kimi də qələmə verdi...

- Haradasa məsuliyyətsizlik də demək olar. Çünki əgər “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsəydi, “Qarabağ” oyunlara tamam başqa motivasiya ilə çıxacaqdı.

Anar XANLAROV

 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın