Georgi Nikolov: “Avroliqanın qrupuna düşsək, fantastika olacaq”

MÜSAHİBƏ 16 May 2012 / 18:30 3196
-  A +

“İnter” klubunun prezidenti Georgi Nikolov Qol.Az saytına müsahibə verib

- “İnter”də baş verən son dəyişikliklərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hazırda futbolçular istirahətə buraxılıb. Düzü, mən özüm də başqa işlərlə məşğulam. 1 həftəyə yəqin ki, heyətlə bağlı bütün suallara aydınlıq gələcək.

- Rəsmi olaraq, neçə futbolçu ilə razılığa gəlmisiniz?

- Bu siyahı tam dəqiqləşməyib. Dediyim kimi, 1 həftəyə hər şey konkret bilinəcək.

- Georgi Adamiyanı artıq “İnter”in futbolçusu saymaq olar?

- 50, bəlkə də daha çox faiz etibarilə olar. Ancaq hələ ortada rəsmi heç nə yoxdur. Adamiya bizim maraq dairəmizdə olan futbolçiudur. Onun özü də “İnter”də çıxış etmək arzusundadır. Lakin maddi məsələlərdə razılığa gəlmək lazımdır. Futbolçu hazırda vətəni Gürcüstanda istirahət edir. Yəqin ki, baş məşqçimiz Kaxaber Sxadadze orada onunla görüşüb hər şeyi müzakirə edəcək.

- Bəs Tale Şuts necə?

- Şutsu artıq “İnter”İn futbolçusu hesab etmək olar. Çünki onunla razılıq əldə olunub və müqavilə də bağlanıb.

- Müqavilənin müddəti neçə illikdi?

- Bizdə, ümumiyyətlə, bütün futbolçularla 1 illik müqavilələr bağlanır.

- Son vaxtlar “Kəpəz”li Yuri Fomenkonun da “İnter”ə keçəcəyi deyilir. Bu haqda nə deyə bilərsiniz?

- Bu məsələ ilə klubumuzun menecerləri məşğul olduğundan onlar daha dəqiq məlumat verə bilərlər.

- 2011-12-ci il mövsümünü necə dəyərləndirərdiniz?

- Yaxşı mövsüm oldu. Baxmayaraq ki, çempionata o qədər də yaxşı başlamadıq amma, sonradan toparlana bildik. Bizim üçün qarşıya qoyulan minimum vəzifə avrokuboklara vəsiqə idi ki, bunun da öhdəsindən gəldik. Düşünürəm ki, hazırkı heyət üçün bu nəticə normaldı. Artıq bundan sonrasına baxacağıq.

- Ancaq razılaşın ki, Avropa Liqasında uğurlu çıxış etmək üçün heyət gücləndirilməlidir...

- Təbii, heyət güclənəcək. Hesab edirəm ki, hücumda ciddi problemlərimiz olduğundan bu mövqeyə təcili futbolçular alınmalıdır. Özü də səviyyəli futbolçular. Turnir cədvəlinə də diqqət yetirsəniz görərsiniz ki, mövsüm ərzində cəmi 29 qol vurmuşuq ki, bu da aşağı göstəricidir.  Deməli, bizə qol vuran futbolçu lazımdır.

- Avropa Liqasında qarşınıza qoyduğunuz hədəf nə olacaq? Yəqin ki, ən azından bir mərhələni keçməyi düşünürsünüz?

- Hədəfimiz, ən azı iki mərhələ keçməkdir. Şəxsən mənim fikrim bilmək istəyirsinizsə, mən qrup mərhələsi deyərdim. Ancaq onu da etiraf edim ki, Avropa Liqasının qrup mərhələsinə düşsək bu, fantastika olacaq (gülür).

Anar XANLAROV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi