“Hər görən soruşur ki, “Bakı”ya oyun verəcəksiniz?”

“Hər görən soruşur ki, “Bakı”ya oyun verəcəksiniz?”
MÜSAHİBƏ 16 May 2012 / 14:01 2864
-  A +

”Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi

- Başa çatan çempionatı komandan üçün necə dəyərləndirərdin?

- Sevindirici haldır ki, dalbadal ikinci il çempionluq sevincini yaşadıq. Bununla da, keçən ilki söz-söhbətlərə son qoyduq. Birinci il çempion olan zaman çoxları deyirdi ki, “Neftçi”nin çempion olmasına hakimlər kömək edib, nə bilim, AFFA bunda maraqlıdır və sair. Yəni, yersiz və mənasız şayiələr gəzirdi. Futbolçu transfer etmədən ikinci il çempionluq yaşadıqdan sonra bəzi boşboğazları susdurduq. Qoy, gedib öz işləriylə məşqul olsunlar.

- Ola bilərmi ki, xeyli vaxt eyni heyəti qoruyub saxlamağınız çempion olmağınızda daha çox köməketdi?

- Yaxşı kollektivə malik olduğumuz üçün rəhbərlik yeni transferə ehtiyac duymadı. Çünki “Neftçi”də zəif futbolçu yoxdur.  Həm legioner, həm də yerli uşaqlar kifayət qədər səviyyəli futbolçulardır. Əgər “Neftçi” bir nömrəli komandadırsa, heyətimizdə zəif futbolçu çıxış edə  bilməz. Artıq komanda bir-birinə yaxşı öyrəşib. Sözsüz ki, bu amil də komandanın çempion olmasında xüsusi rol oynadı.

- Çempionla Liqasında komandanızın güclü transferə ehtiyacı olduğunu düşünmürsən?

- Düzdü, Çempionlar Liqasında uğur qazanmaq üçün güclü və səviyyəli futbolçuların transferi lazımdır. Lakin transfer edəndə də rəhbərliyin çox səviyyəli oyunçular alacağını düşünürəm. Açığı, bu mənim yox, birbaşa rəhbərliyin işləri olduğundan dəqiq bir söz deyə bilmərəm.

- Bu il Çempionlar Liqasında “Neftçi”dən nə kimi uğur gözləmək olar?

- Qabaqcadan bunu söyləmək çox çətindir. Potensial rəqiblərimiz arasında “Bazel” və “Dinamo” (Zaqreb) kimi klublar da var. Əgər o komandaların biriylə qarşılaşsaq, keçənilki kimi çətin olacaq. Unutmayaq ki, “Bazel” və “Dinamo” bu mövsüm ÇL-in qrup mərhələsində oynayıblar.

- Ümumiyyətlə, rəhbərlik Çempionlar Liqasında qarşınıza hansı məqsədi qoyub?

- Qarşımıza qoyulan vəzifə Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.

- Sabah sizi ölkə kubokunun finalında “Bakı”yla matç gözləyir. Ümumiyyətlə, komandanın “qızıl dubl” edəcəyinə inanırsan?

- Qarşımıza qoyulan məqsədlərdən biri də kuboku götürməkdir. Lakin birinci dərəcəli vəzifəmiz çempionluq idi. Bunu bacardıqdan sonra ikinci məqsədimizi həyata keçirməyə yaxınıq. Xüsusən də, qol silahımız Bahadır Nəsimov artıq zədəsini sağaldaraq komandaya dönməsi bizi daha da ruhlandırdı. Düzdü, bəzi lazımsız söz-söhbətlər gəzir ki, güya “Neftçi” “Bakı”ya oyun verəcək. Açığı deyim ki, bu şayiələr istər-istəməz futbolçulara psixoloji təsir edir. Hər görən bizdən soruşur ki, “Bakı”ya  oyunu verəcəksiniz, necə oynayacaqsınız? Hərə ağzına nə gəlir danışır. Düşünmürlər ki, heç “Neftçi” oyun alıb-satandırmı? Biz məgər bazarda işləyirik? Biz peşəkar komanda olduğumuz üçün meydana mübarizə və qələbə naminə çıxırıq. Lakin İnşallah, sabah  qələbə qazanaraq kuboku başımızın üstünə qaldırmaqla, bütün xoşagəlməz söhbətərə son qoyacağıq. Çünki “Neftçi” bu gücə və potensiala malikdir. Sadəcə, 90 dəqiqə meydanda mübarizə aparmaq lazımdır.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın