Mais Mənsimov “Xəzər-Lənkəran”ın düşərgəsinə baş çəkdi

XƏBƏR 22 Aprel 2009 / 16:21 2325
-  A +

Bugün “Xəzər Lənkəran” olimpiya milli komandalarının təlim-məşq bazasında (keçmiş “Neftçi” bazası) növbəti məşqinə çıxıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, saat 11.00-da başlayan və təxminən saat yarım davam edən çalışmalara Kamran Ağayevlə milli komandanın düşərgəsində olan Rahid Əmirquliyevdən başqa bütün futbolçular qatılıblar. Topuğundakı yüngül zədə üzündən dünənki məşqi buraxan Devran Ayhan isə bugün artıq məşqləri bərpa edib. Düzdü, komandaya sabah qoşulacağı gözlənilən türkiyəli legioner bugün fərdi şəkildə çalışaraq, yalnız kross qaçmaqla kifayətlənib.
Məşqi isinmə və dartınma hərəkətləriylə başlayan futbolçular daha sonra yarım saat ərzində ikitərəfli oyun keçiribləro. Lakin adi oyundan fərqli burada baş məşqçi İqor Ponomaryov yetirmələrinə topa uzaqbaşı iki toxunuş etməyə icazə verib. Daha sonra isə futbolçular bir-birini zərbə mövqeyinə çıxarmaq və uzaqdan zərbələr üzərində çalışıblar. Çalışmalar məşqçinin futbolçularla on dəqiqəlik söhbətindən sonra başa çatıb.
Komandanın bugünki məşqinə klub prezidenti Mais Mənsimov da baş çəkib. Futbolçuların əhval-ruhiyyəsi ilə maraqlanan klub prezidenti daha sonra komandanın baş məşqçisi  İqor Ponomaryovla da qısa söhbət edib.  “Xəzər Lənkəran” növbəti məşqə sabah saat 11.00-da “Şəfa” stadionunda çıxacaq. 


Son xəbərlər