Ramin Musayev: “Müstəqil Azərbaycan futbolunun ən böyük uğuru “Neftçi”nin “Pünik” üzərindəki qələbəsidir”

MÜSAHİBƏ 21 Aprel 2009 / 12:53 4913
-  A +

PFL-in prezidenti Ramin Musayev Qol.Az-ın oxucularının suallarının cavablandırıb.

Sahil Əliyev: Salam! Niyə bizdə hakimliyin səviyyəsi bu qədər aşağıdır? Niyə bu sahədə konkret işlər görülmür? Sizcə, hakimlərimiz nə vaxt yüksək səviyyəyə çatacaqlar? Belə hakimlik axı çempionatımıza çox böyük təsir edir.
Ramin Musayev: Fikrimcə, ölkəmizdə hakimliyin səviyyəsi elə də aşağı deyil. Biz bu sahənin daha da inkişaf etməsi, yaxşılaşdırılması üçün xeyli səy göstəririk. Son turda keçirilən “Qarabağ” - MOİK matçında Rauf Cabbarov adlı gənc hakim debüt etdi. Hər iki tərəf hakimin idarəçiliyindən razı qaldılar. O, işinin öhdəsindən layiqincə gəldi. Gələcəkdə də həm Raufa, həm də digər gənc hakimlərə şans verəcəyik. Konkret müddətə gəldikdə isə, fikrimcə, 2 ildən sonra Azərbaycanda hakimliyin səviyyəsi yüksək olacaq.
Anar Vəliyev: Salam Qol.Az. Bizə bu imkanı yaratdığınız üçün sizlərə təşəkkür edirik. Mənim suallarım belədir:
1. Ramin müəllim, premyer-liqada legionər limitinə nə vaxt baxılacaq? Axı yerli futbolçular itib-batır. Şəxsən mən “Inter” klubunun ifasında bunu görürəm, onlar heç Avropada da bir nəticə qazana bilmilər. Harda lazımsız futbolçular varsa, bura gəlir.
2. Bölgələrdə futbolun inkişafına diqqət yetirən varmı? Əvvəlcədən təşəkkürlər.
Ramin Musayev:
1.
Legioner limitinə artıq baxılıb. Qərara alınıb ki, qarşıdakı mövsümdə də hazırkı qərar qüvvədə qalsın. Biz limit tətbiq etdikdə yerli futbolçular xeyli arxayınlaşırlar. Təsəvvür edin ki, legionerlərə limit tətbiq olunan zaman 300 min dollara belə oynamağa razı olmayan futbolçu, indi 100 minə oynayır. Biz də istəyirik futbolçular yaxşı qazansınlar. Amma bizim futbolçular elədirlər ki, onlar yaxşı pul qazandıqdan sonra artıq futbol onlar üçün ikinci plana keçir. Kimisi vaxtını kef çəkməyə, kimisi də biznesə sərf edir. Yəni futbola artıq qeyri-ciddi yanaşmağa başlayırlar. Bütün bunları nəzərə alaraq, biz legioner limitini ləğv etmişik. Amma gələn mövsümdən etibarən legioner futbolçuların sifariş qiymətlərində fərqlər olacaq. 3 və ya 5 futbolçuya görə bir, 5-dən daha artıq əcnəbi futbolçuya görə isə fərqli bir məbləğ ödəniləcək. O ki qaldı legionerlərin səviyyəsinə, fikrimcə, “Bakı”, “Xəzər-Lənkəran”, “Neftçi” klubları son zamanlar heyətlərinə güclü legionerlər cəlb ediblər.     
2. Əlbəttə bölgələrdə futbola nəzarət edirik. Bildiyiniz kimi, artıq Regional Futbol Federasiyası da yaradılıb. İsgəndər Cavadovun rəhbərlik etdiyi bu federasiya bölgələrdəki vəziyyəti daim nəzarət altında saxlayır.     
Elmar Beyqiyev: Salam. Mən Lənkəran rayonu Mamusta kəndindənəm. Niyə hər rayonda kəndlər arası çempionatlar təşkil etmirsiz? Hər rayona bir AFFA nümayəndəsi göndərin oyunları yaxından izləsin və prespektivli futbulçuları Bakıya göndərsin.Yayda belə bir addım atmağı düşünürsüz? Keçən yay Coca-Cola şirkəti belə bir çempionat təşkil etdi. Niyə siz eləmirsiz?
Ramin Musayev: Bu fikirlə tam razıyam. Həqiqətən də kəndlərarası çempionat keçirmək maraqlı olardı. Lakin bir daha deyirəm ki, bu məsələlərlə daha çox Regional Futbol Federasiyası məşğul olur. Digər tərəfdən də Elmar qardaşımız Lənkərandandır ki, orada da “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov çox gözəl futbol akademisayı inşa etdirib. Fikrimcə, bundan sonra Lənkəran zonasındakı bütün istedadlı uşaqlar tapılaraq, üzə çıxarılacaq və bu akademiyada səviyyələrini daha da artıracaqlar.  
Nicat Ağayev: Salam Ramin müəllim. Sizə veriləsi suallarım çoxdu.
1. Niyə biz futbolumuzun inkişafını goznən görmürük, ancaq dildə eşidirik. Razılaşın ki, siz “Neftçi”də işləyən dövrdə milli çempionat daha maraqlı idi. Stadiona daha çox azarkeş gəlirdi. Çempionluq uğrunda daha çox klub savaşırdı. Indisə əksinədi. Sizcə bu geriləmə deyil?
2. Mən “Neftçi”nin azarkeşiyəm. Sizin vaxtınızda “Neftçi” tam başqa idi. Siz daima klubun yanında idiniz. Oyunçulara güc verirdiz, kluba qayğınız super idi. İndi isə belə deyil. Hərdən fikirləşmirsizki, mən klubda olsaydım, belə olmazdı və yaxud siz bunun çıxıs yolunu nədə görürsüz?
3. Müstəqil futbolumuzun ən böyük uğuru sizcə hansıdır? Məncə “Pünik” üzərində qələbə. Sağ olun, Ramin müəllim. Gələcək işlərinizdə uğurlar.
Ramin Musayev: Təşəkkürlər.
1. Mən düşünmürəm ki, builki çempionat gərginliyinə görə digərlərindən geri qalır. Əksinə, bu mövsüm yarış daha maraqlı keçir. Statistikaya diqqət yetirin, son illər çempion olan komandalar 51, 53 və ya 55 xal yığırdılar. İndi isə sona 4 tur qalsa da, lider “İnter”in 53, “Bakı”nın 50, üçüncü pillədəki “Simurq”un 47, “Xəzər-Lənkəran”ın isə 46 xalı var. Məgər bu çempionatın gərginliyini göstərmir? 4 tur 12 xal deməkdir. Bu isə o deməkdir ki, hətta “Xəzər-Lənkəran”ın da çempionluq şansı var. Ona görə də bir daha deyirəm ki, çempionatın səviyyəsi düşməyib.
2. Fikrimcə, “Neftçi”nin vəziyyəti artıq yavaş-yavaş düzəlir. Sadəcə olaraq klub rəhbərliyi Gedeni baş məşqçi postuna gətirməkdə səhvə yol verdi. Gedenin nə “Neftçi”yə, nə də Azərbaycan futboluna zərrə qədər xeyri oldu. Bəzi futbolçular lazımsız yerə komandadan kənarlaşdırıldılar. Amma indi komandanın düşərgəsində vəziyyət yaxşıdır. Komanda tədricən özünə gəlir. İnanıram ki, qarşıdakı mövsümdə “Neftçi” daha yaxşı çıxış etməklə yenidən öz azarkeşlərini sevindirəcək.
3. Bu fikrinizlə tam razıyam. Həqiqətən də ən böyük uğurumuz Moskavadakı “Pünik”lə qarşılaşmalardır. İlk dəfə onları məğlub etdik, ikinci dəfə isə Moskvadan qaçmağa məcbur etdik. Onlar bizdən qorduqlarından, yenidən məğlubiyyətə düşar olacaqlarını bildiklərindən ikinci dəfə Moskavadan qaçdılar.    
Pərviz Zülfüqarov: Salam Ramin müəllim! Futbol azarkeşi kimi 30 illik “stajım” var. Hazırda futbolumuz zəifdir. Lakin ölkəmizdə futbolu inkişaf etdirmək üçün hazırda münbit şərait var. Çox mühüm şərtdir ki, ölkə rəhbərliyi də futbolumuzun inkişafında maraqlıdır. Qalır işləmək. Futbolumuzu inkişaf etdirmək üçün təkliflərim var . Onları nəzərinizə çatdırıram:
1. İlk növbədə futbolun kütləviliyinə nail olmaq lazımdır. Bunun üçün istisnasız olaraq bütün rayonların sabit komandaları təşkil olunmalı, onların birinciliyi keçirilməlidir. Bu komandaların prezidentləri həmin rayonun icra başçısı olmalıdır. 
2. Hazırda premyer-liqada Bakını yeddi komanda təmsil edir. Bu komandaların bir neçəsinin sponsorlarını olduğu kimi saxlamaqla onları yaxın şəhərlərin təmsilçiliyinə vermək olar. Məsələn Sumqayıt, Şamaxı, Şirvan, Quba və s.    
3. Hazırda və gələcəkdə bölgələri təmsil edən komandalar təmsil etdikləri bölgələrdə məskunlaşmalıdırlar. Bu həm həmin bölgələrdə futbolun inkişafına, həm də müəyyən qədər iş yerlərinin açılmasına səbəb olar.    
Sağ olun.          
Ramin Musayev: Təkliflərinizə görə təşəkkür edirəm. Gələcəkdə bunları nəzərə alarıq.
Səməd Səfərov:
1.
Ramin müəllim, gələn ildən PFL-ə sponsor tapılacaqmı? Ümumiyyətlə, peşəkar liqaya sponsorluq edəcək firmanın çempionata nə kimi yardımı olacaq?
2. Bizim çempionatın adının dəyişdirilib Premyer-Liqa qoyulması nə qədər məntiqlidir? Sözsüz ki, ad dəyişməklə çempionatımızın səviyyəsi yüksələ bilməz. Əgər siz də bunu anlayırsınızsa, çempionatın adının "Premyer liqa" ilə əvəzləməklə qurumunuz dilimizin təmizliyinə niyə zərər yetirdi?
Ramin Musayev:
1. Hazırda 3 şirkətlə danışıqlar gedir. Onlarla bu haqda geniş müzakirələr aparırıq. İnanıram ki, qarşıdakı mövsümdə PFL-in də sponsoru olacaq. Bilirsiniz, PFL-in sponsora ehtiyacı yoxdur. Şükür Allaha pulumuz var. Sadəcə olaraq, biz də futbolmuzun inkişafına çalışırıq. Yəqin ki, sponsor şirkətin də öz ideyaları olacaq. Onlar da çalışacaqlar ki, hansısa maraqlı ideyalar irəli sürərək, futbolumuzun inkişafına nail olsunlar. Bir daha deyirəm ki, PFL-in psonsorun puluna ehtiyac yoxdur. Sponsorun puluna da mövsümün sonunda hansısa bir rayonda və ya kənddə futbol meydançası inşa etdirmək olar. Qoy desinlər ki, bu stadionu PFL-lə filan şirkət tikdiriblər.    
2. Əgər biz çempionatı ancaq özümüz üçün keçirsəydik, yəni respublikadan kənara çıxmasaydıq, o zaman sizinlə razıyam. Adı dəyişməyə ehtiyac yoxdur. Lakin nəzərə almaq lazımdır ki, bizim klublarımız Avropada çıxış edirlər. Qoy Avropdakılar da bilsinlər ki, futbolumuzda inkişaf gedir. Həm də dünyanın bir çox qabaqcıl ölkələrinin də çempionatlarının xüsusi adı var. 
Sabir Xanlarov: Salam Qol.Az. Mən əvvəlcə PFL-in prezidenti cənab Ramin Musayevi gördüyü bu işlərlə bağlı yalnız və yalnız alqışlayıram. Bir siravi azarkeş kimi. Cənab Ramin Musayevə sualım ondan ibarətdir ki, MOIK, “Bakılı”, “Muğan”, “Turan” kimi klubları çempionatdan uzaqlaşdırmaq lazımdır. Ona görə ki, məhz belə klublar oyun alqı-satqısına can atırlar. Bu klubların yaxşı maliyyə dəstəyi olsa, belə çirkin yollara getməzlər. Birdə ki, sizdən çox-çox xahiş edirəm, azarkeşlər adından AFFA prezidentinə müraciət edəsiniz ki, Uelslə oyuna giriş pulsuz olsun.
Ramin Musayev: Baş üstə, sizin xahişinizi nəzərə alarıq. O ki qaldı sula, vallah, mən bu klubların oyun alqı-satqısında iştirak etməsini eşitməmişəm. Çünki bu komandalar elə vəziyyətdədirlər ki, nə oyun almağa, nə də satmağa halları var. Komandaların maddi vəziyyətləri ağırdır, ona görə də oyun almağa imkanları çatmaz. Digər tərəfdən də premyer-liqadakı yerlərini qorumağa çalışırlar, hər oyuna xal qazanmaq üçün çıxırlar. Buna görə də oyun da sata bilməzlər. Digər tərəfdən, “Muğan”ın maddi imkanı heç də pis deyil. Əminəm ki, növbəti mövsümdən komanda daha yaxşı çıxış edəcək. Həm də növbəti mövsümdən etibarən bankdan zəmanət kağızı verməyən klubu çempionata buraxmayacağıq.  
Sədi Əkbərov: Sualım milli çempionatın və kubokun TV vasitəsiylə yayımı ilə bağlıdı. Nə vaxtacan telekanallar bölgə klublarına ögey münasibət bəsləyəcəklər?! Axı biz də futbola baxmaq istəyirik! Bölgədə keçirilən mərkəzi oyunu vermək əvəzinə mənasız, heç bir önəm daşımayan oyunları verirlər. Əgər futbolumuzun inkişafı barədə fikirləşiriksə, onda buna ciddi yanaşılmalıdır. Ramin müəllim sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələyə diqqət yetirəsiniz.
Ramin Musayev: Çox düzgün deyilmiş fikirdir. Bu məsələ bizi də narahat edir. Ona görə də bildiyiniz kimi, oyunların yayım hüququ artıq PFL-ə verilib. Növbəti mövsümdən etibarən çalışacağıq ki, regionalardakı matçları da tamaşaçılar seyr edə bilsinlər. Həm də qərara almışıq ki, növbəti mövsümdən etibarən oyunlar 3 gün ərzində - cümə, şənbə və bazar günləri keçirilsin. Günə iki oyun düşəcək. Çalışacağıq ki, həm bütün oyunları ekranlara gətirilsin, həm də azarkeşlər stadiona daha çox gəlsinlər.  
Azər: Salam. Sumqayıtdan bir qrup azarkeş adından Azər sizi narahat edir. Öncəliklə Qol.Az-ı və onun qonağı - Ramin müəllimi salamlayıram. Ramin müəllimə, sualım belədir. Son vaxtlar “Standard”ın növbəti mövsümdən etibarən Sumqayıta köçəcəyi və bu şəhəri təmsil edəcəyi deyilir. Açığı bu xəbərə çox sevindik və artıq Sumqayıtda hər kəs növbəti mövsüm çempionluğa oynayacaq bir komandanın olacağına sevinir və buna çox böyük inam var. Lakin bir məsələ var ki, hələ ortada rəsmi bir şey yoxdur. PFL prezidenti kimi bu məsələyə bir daha aydınlıq gətirməyinizi sizdən xahiş edərdik. Yəni bizim sevinməyimizin yeri var? Bu məsələni artıq neçə faiz həll olunmuş saymaq olar? Bir də “Standard”ın Sumqayıta köçməsinə PFL prezidenti kimi Ramin Musayevin münasibəti necədir?
Ramin Musayev: “Standard” rəhbərliyi ilə mən də görüşüb, bu məsələni müzakirə etmişik. Demək olar ki, bu məsələ artıq 80 faiz həllini tapıb. Mən hətta onlara bildirdim ki, ola bilər, komandanın Sumqayıtda məskunlaşması sizin üçün əlavə xərclərə yol açsın. Bu baxımdan, narahat olmasınlar. Lazım olsa, mən də onlara kömək etməyə hazıram.    
Kamil Zəngilanlı: Salam Qol.Az. Ramin müəllimi salamlayıram. Suallarım belədir.
1. Siz hakimləri həm cəzalandırıb, sonra da əfv edirsiniz. Bu iki hakim də o mərhəmətə arxayın olmayacağını siz bilirsinizmi?
2. Format qərarınızı alqışlayıram, bu AFFA-nın son illərdə verdiyi ən düzgün qərardir. Bu, sizcə oyun alqı-satqısına yol açmayacaqki ?
Ramin Musayev:
1.
Mənim vaxtımda heç kim əfv olunmayıb və heç vaxt da əfv olunmayacaq. Əfv olunanlar məndən qabaq olub. 
2. İnanmıram ki, bu qərar oyun alqı-satqısına yol açsın. Fikrimcə, biz bu halda daha maraqlı, gərgin çempionat izləyəcəyik. 
Orxan: Salam Qol.Az. Mənim bir neçə sualım olacaq Ramin müəllimə. Xahiş edirəm hamısına cavab versin.
1) Yığma komandanın niyə indiyə kimi təsdiq olunmuş bir formasi yoxdur. Hər il bir rəngdə forma geyilir. Bunu seçmək çətin məsələdir bəyəm? AFFA-da bu məsələlərə kim baxırsa, onların işi sıfır faizdir. Misalçün televizoru açanda Türkiyənin formasını görən kimi bilirsən ki bu, Türkiyə komandasıdır. Braziliya, Italiya və.s demək olar 90 faizi ölkələrin konkret rənglərdə formalari var biz isə hələ belə xırdalıqları həll edə bilməmişik. Çox təəssüf ki, gedib "Umbro" firmasi ilə müqavilə bağlanılıb. Niyə "Adidas" kimi firmayla bağlanmır, həm keyfiyyət, həm də zövq baxımından. Oyunçuların formalarında adlar olmur. Demək olar ki, 90 faiz ölkələr ad olan formalarda çıxırlar. Fikir versəz, elə yerdə qalan ölkələr 10 faiz olan bizim kimi çox zəif futbol oynaya ölkələrdir. Axı bu milli komandadır.
2) Oyunçularımızdan 2-3 nəfəri çıxmaq şərti ilə himni oxuyan olmur. Elə son Rusiya oyununu götürək. Saqqız çeynəyən kim, sağa-sola baxan kim, dodaqlarının altında pıçıldanan kim. Niyə məşqçilər buna nəzarət etmilər? Himnini belə oxuyan, elə belə da oynayacaq da.
Ramin Musayev:
1.
Bu məsələ mənlik yox, AFFA-lıqdı. Amma yalnız onu deyə bilərəm ki, milli komandamızın hazırkı forması artıq təsdiqlənib.
2. Yenə deyirəm, milli komanda PFL-in yox, AFFA-nın nəzarətindədir. 
 
Nicat Huseynov:
Hər vaxtınız xeyir Ramin müəllim. Əlimə düşən bu fürsətdən istifadə edib sizə bir neçə sual vermək istəyirəm.
1.Yadınızdadırsa, bir neçə il əvvəl “Olimpik” - “Neftçi” qarşılaşmasının baş hakimi olan Imanxan Sultaninin oyundan sonra səs yazıları tapılmışdı. Bunu siz mətbuat vasitəsiylə azerkeşlərə göstərmişdiz. Həmin hadisə təbii ki, bütün “Neftçi”sevərləri üzmüşdü. Amma nəyə görə bu qarşılaşma yenidən keçirilmədi? Imanxan Sultani niyə cəzalandırılmadı?
2. Əzizbəyov dairəsi yaxınlığındakı hərbi hissə söküldü və camaat arasında “burada stadion tikəcəklər” deyə söhbətlər gəzirdi. Həmin yerdə həqiqətən də stadion tikiləcəkmi? Həmin stadion hansı kluba məxsusdur?
Sonda sizə təşəkkür edirəm və “Neftçi” azarkeşi olduğuma görə də sizə “Neftçi”dəki keçmiş işlərinizə görə minnətdarlığımı bildirirəm. “Neftçi”də yeriniz görünür. 
Ramin Musayev: İlk növbədə xoş sözlərə görə minnətdaram.
1. Həmin vaxt “Olimpik” bizi mütləq udmalıydı. İmanxan Sultani artıq stadiona gələrkən, təlimatlandırılmışdı. Buna görə də heç kim onu cəzalandırmadı. Mən də PFL-ə prezident keçdikdən sonra onu cəzalandıra bilməzdim. Çünki deyəcəkdilər ki, qisas aldı. Amma hazırda Sultani cəzaladı. “Xəzər-Lənkəran” - “Standard” matçında buraxdığı səhvlərə görə. Mən ona şans verdim ki, qoy idarəçilik etsin. Amma o yenə də səhvə yol verdi və buna görə də cəzalandırıldı.
2. Həqiqətən də həmin yerdə böyük bir stadion tikilir. Həmin arenanın tutumu çox böyük olacaq. Olimpiya stadionu adlanacaq arenada milli komandamız oyunlarını keçirəcək.
Rahib Isayev: Salam Ramin müəllim. Sizcə,futbolumuzu inkişafdan geri salan nədir? Düşünmürsüzki bu tapşırıq və rüşvətxorluqdu? Bunun qarşısını almaq üçün nə kimi tədbirlər görülur?
Ramin Musayev: Mən heç kim tapşırıq verə bilməz. Nə “Neftçi”də işləyərkən, nə də indi kimdənsə tapşırıq almamışam. Hansısa futbolçuya görə yuxarı dairələrdən xahiş olarkən də deyirəm ki, yaxşı futbolçudursa, onsuz da ona şans veriləcək. Əgər tapşırığa qalsaydı, onda oğlum indi premyer-liqada oynayardı da.
Rəşad: Salam. İlk öncə belə şans yaratdığına görə qol.az saytına təşəkkür edirəm, şəxsən mən internetə girəndə ən ilk sizin saytınızı açıb futbol aləmində baş verənleri qol.az saytından oxuyuram. Ramin müəllimə belə bir sual vermek istərdim ki cəzalanan hakimlərin cəzası nə dərəcədə sübüt edilib? Onların oyun satmasını sübut edən videolent varmı?
Ramin Musayev: Onların oyun satmağıyla bağlı hansısa videolent yoxdur. Heç buna ehtiyac da görmürəm. Çünki mən hakimlərin danışığını öz qulağımla eşitmişəm. Qulağımla eşitdiyim sözlərə də əlavə sübut görmürəm. Özləri də bunu bilirlər.
Rasim Məmmədəliyev: Salam qol.az əməkdaşları və Ramin müəllim. Ilk sualım uzaqlaşdırılan hakimlərlə əlaqədardır. Ramin müəllim Anarla Babək uzaqlaşdırılarkən bildirdi ki, bunlari hakimlikdən mən qovuram. Mən bildiyime görə, Ramin müəllimin hakimləri təyin etmək, uzaqlaşdırmaq və sair bu kimi hüquqları yoxdur. Bəs bu halda o nece belə fikirlər söyləyə bilər? Yox, əgər qanunla hüququ varsa, onda bu hüququn hansı qanunda yazıldığını bizə izah etsin. Xahiş edirem ki, sualdan yayınmasın.
Digər sualım da hakimlərlə bağlıdır. Doğrudur, hakimlik Ramin müəllimin işi deyil. Amma bu saheye həmişə böyük diqqət ayırır və adama elə gəlir ki, Xaqani Məmmədov AFFA-ya yox, PFL-ə tabedir. Bu məsələni bir kənara qoyub sualıma keçim. Doğurdanmı rüşvət alan hakimləri tutmaq mumkun deyil. Bunun üçün hər cür müasir qurğular - gizli kamera, diktofon, eləcə də hüquq-mühafizə orqanlarının iştirakı ilə telefon danışıqlarını yazan aparatlar mövcuddur. Adama elə gəlir ki, AFFA və PFL də bu işlərlə məşqul olan şəxslərin özləri hakim günahlarının açılmasında maraqlı deyillər. Əks halda rüşvət alan hakimləri müəyyən edib onlara işlətdikləri çirkin əməlləri sübut etmək, eləcə də rüşvət verən klubları və şəxsləri cəzalandırmaq çətin iş olmaz.
Ramin Musayev: PFL-in prezidenti kimi mənim AFFA-yla müqaviləm var. Buyurub həmin müqaviləyə də baxa bilərsiniz. (Ramin müəllim həmin müqaviləni bizə göstərdi, həqiqətən də Musayevin dedikləri müqavilədə əks olunmuşdu) Gördüyünüz kimi müqavilədə də göstərilib ki, mən şübhələndiyim hakimləri kənarlaşdıra bilərəm. Buna ixtiyarım çatır. Həm də ki mən heç vaxt deməmişəm ki, həmin hakimləri mən kənarlaşdırdım.
O ki qaldı digər suala, yox əzizim, bu çox çətindi. Rüşvət verənləri də, alanları tapıb, sübut etmək çətin məsələdir. Əgər belə asandırsa, qoy Rasim qardaşımız gəlib bizə kömək etsin. Əgər o bunu bacarsa, mən ona 50 min manat mükafat verərəm. Əgər rüşvəti sübut edə bilsək o zaman rüşvət alan hakim ömürlük cəzalanacaq, klub isə yüksək liqadan aşağı dəstəyə göndəriləcək.
Ilqar Hövsan: Salam Qol.Az və Ramin Musayev! Hövsanda hansısa klubun stadion inşa etdirmək fikri var?
Ramin Musayev: Vallah, bu haqda heç nə deyə bilmərəm. Amma ümid edirəm ki, gələcəkdə Hövsanda da stadion inşa ediləcək.   
Fərid Məmmədzadə: Salamlar bütün qol.az əhlinə!!!
R.Musayevə ilk sualımı “Neftçi” fanatı kimi verirəm.
1) Hörmətli R.Musayev, “Neftçi”nin uzun müddətdir qara zolağa düşməsinin günahkarı kimdir ? 1.Rəhbərlik 2. Məşqçilər korpusu yoxsa 3. futbolçular?
2) Bildiyimə görə gələn ildən Azərbaycan premyer-liqasında 12 komanda mübarizə aparacaq. Bu il liqanı tərk edəcək 2 komandanın yerinə 1-ci dəstədən heç bir komanda cəlb olunmayacaq. Sizcə bu ədalətsizlik və idman prinsiplərinin kobudcasına pozulması demek deyilmi? Məncə, heç olmasa, 1-ci dəstənin liderinin liqaya çıxması üçün 12-ci yer tutacaq komanda ilə həmin komanda arasında 2 oyundan ibarət play-off oyunları keçirilsə daha düzgün olar. Siz nece düşünürsünüz?
3) məncə gələn mövsümdən sonra komandaların sayı 10-a endirilsə və 4 dövrəli, yəni 36 turluq bir çempionat olsa daha yaxşı olar. amma komandaların mövsümün yarısından etibarən iki düşərgəyə ( ilk altılıq ve autsayderlər kimi) bölünməsi fikriylə razı deyiləm. Çünki, məncə müasir futbolda mövsümün ilk yarısını zəif keçirən komanda, 2-ci yarıda uğurlu çıxışla hətta ilk 3-lüyə qədər gəlib çıxa bilər. Sizə isə sualım belədir ki, bele bir planlarınız varmı və ya belə təkliflər haqqında düşünməyə hazırsınızmı?
Ramin Musayev:
1.
Məşqçilər korpusu. Həmçinin də məşqçi seçimində səhvə yol verən rəhbərlik.
2. Hazırda birinci dəstədə lider “ABN-Bərdə”dir. Mən də istərdim ki, Bərdə komandası premyer-liqada oynasın. Mən özüm də onların stadionlarında olmuşam və oradakı oyunları izləmişəm. Qarabağ zonasında oyunların keçirilməsini ən çox istəyənlərdən biri də, bəlkə də birincisi mənəm. Amma gəlin reallıqla danışaq. Axı Bərdəliləroin imkanları premyer-liqada oynamağa imkan vermir. Əgər onların maddi imkanları buna imkan versə, o zaman onlar premyer-liqada mübarizə aparacaqlar.  
3. Gələn mövsümdən etibarən premyer-liqada 12 komanda mübarizə aparacaq. Əminəm ki, bu format özünü doğruldacaq. İlk iki dövrə olmasa da, sonrakı, növbəti 2 dövrənin həddindən artıq maraqlı keçəcəyinə təminat verə bilərəm. İnanıram ki, həmin matçlarda stadionlara da xeyli sayda azarkeş gələcək.   
Kalorim: Ramin müəllimi və Qol.Az-ı salamlayıram.
1) Ramin müəllim siz Foqstun işindən razısınızmı? Sizcə o Azərbaycan millisinə foqs edə biləcək?
2) “Neftçi” üçün darıxmısınız?
3) U-17 haqqında nə deyə bilərsiniz. Məncə Lippert gələnden sonra U-17 yaxşi mənada dəyişib. Siz necə düşünürsünüz?
Ramin Musayev:
1. Mən inanıram ki, Fotqs Azərbaycan futboluna xeyir verəcək. Mən onun məşqlərini də izləmişəm. Hazırlıq prosesi zamanı 62 yaşlı adam formasını dəyişərək, futbolçularla birgə qaçırsa, onlarla birgə məşq keçirsə, deməli o işinə ciddi yanaşır.
2. “Neftçi” üçün deyil, orada keçirdiyim günlər üçün darıxıram.
3. Mən onun işinə hələ ki qiymət verə bilmirəm. Mən həmişə düzünü demişəm, indi də deyirəm – onun işi hələ ki məni razı salmır.  
Fariz: “Neftçi”nin vitse-prezidenti Ramin Musayevlə PFL-in prezidenti Ramin Musayev arasında hansı oxşar və fərqli cəhətlər var?
Ramin Musayev: Çox gözəl sualdır. Oxşarlıqlar odur ki, mən yenə də Azərbaycan futbolunun inkişafı üçün çalışıram. Sözü yenə də üzə deyirəm, bir şeyə yox dedimsə, heç vaxt fikrimi dəyişmirəm. O ki qaldı fərqlərə, indi daha az həyəcan keçirirəm, daha az əsəbləşirəm. 
Ramin: Milli komandanın baş məşqçisini seçmək imkanınız olsaydı, bu posta kimi gətirərdiniz?
Ramin Musayev: Adaşım da mənə çox maraqlı, eyni zamanda çətin sual verdi. Qəliz sualdı... Amma yəqin ki, Maurinyonu gətirərdim.
Əhməd:
1. Bildiyimə görə, oğlunuz futbolçudur. Onu bu peşəni seçməyə siz məcbur etmisiniz, yoxsa özü istəyib?
2. Düşünmürsünüz ki, oğlunuza sizin adınıza görə daim futbolda kömək edəcərlər?
Ramin Musayev:
1
  Oğlum bu peşəni öz istəyiylə seçib. Əksinə, mən onun futbolçu olmasını istəmirdim. İstəyirdim ki, oxusun, ali savadlı olub, başqa bir peşəyə yiyələnsin. Amma o futbolu seçdi.
2. Ona mənim adıma görə dəstək vermirlər. Əksinə deyərdim ki, buna görə onu incidirlər də. Məsəlçün məşqçi fikirləşir ki, bunu belə eləsəm, deyərlər ki, yəqin Ramin müəllimə görə edir. Ona görə də oğluma qarşı bəzən haqsızlar da olur, obyektiv görünmək üçün.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı