“Elə vəziyyətdəyik ki, pulu düşünməməliyik”

“Elə vəziyyətdəyik ki, pulu düşünməməliyik”
MÜSAHİBƏ 3 Aprel 2012 / 13:15 2636
-  A +

“Bakı” klubunun qapıçısı Marko Şarliyanın Qol.Az saytına müsahibəsi

- Unibank Premyer Liqanın 26-cı turunda “Qəbələ”ni 2:1 hesabıyla məğlub etdiyiniz görüş haqda fikirlərin necədir?

- Çox sevinirəm ki, oyunun son saniyələrində qol vurub qələbə qazandıq. Rəqibimizin güclü komanda olduğunu yaxşı anlayırdıq. Bu da bizə meydanda daha çox çalışmaq üçün əlavə motivasiya veriridi. Oyunboyu komanda olaraq yaxşı təsir bağışladıq. Xüsusi üstünlüklərimizdən biri də topu özümüzdə daha çox saxlaya bilməyimiz oldu. Düşünürəm ki, biz bu qələbəyə layiq idik.

- Sizdən öncə bir çox güclü rəqibə qalib gələn  “Qəbələ”dən üç xal qopara biləcəyinizə inanırdınız?

- Biz ilk “altılıq”da zəif komanda olmadığını yaxşı bilirik.  Onu da bilirdik ki, “Qəbələ” ötən turlarda “Neftçi” və “İnter” kimi sabit oyun nümayiş etdirən güclü komandaları udmuşdu. Bəlkə də bu amil bizi daha məsuliyyətli olmağa vadar etmişdi. Ancaq belə götürəndə bizim komanda səviyyəli futbolçular baxımından heç də“Qəbələ”dən geri qalmırdı. Əgər evdə daha yaxşı təsir bağışlayan “Xəzər Lənkəran”ı məğlub edə biliriksə, nədən “Qəbələ” üzərində qalib gəlməyək? Bu mənada, qələbəyə inamımız var idi.

- Son vaxtlar belə fikirlər səslənir ki, qələblərinizdə məşqçiniz Novruz Əzimovun çox əməyi yoxdur. Komanda sadəcə mükafat üçün qələbə qazanmağa çalışır.

- Novruz Əzimovun təyinatından sonra bir neçə qarşılaşmada qalib gəldik. Komanda ümumilikdə pis təsir bağışlamır. Deyə bilmərəm, rəhbərlik sonradan Novruz müəllimlə iş birliyini davam etdirəcək, ya yox. Lakin bizim ona bir  məşqçimiz kimi hörmətimiz böyükdür. Bir sözlə, mən onun zəif mütəxəssis olduğuyla razılaşmıram. Uğurlarımızda onun payı danılmazdır. Birdə, biz indi elə vəziyyətdəyik ki, pulu düşünməməliyik. Bizi hazırda nəticə maraqlandırır.

- Unibank Premyer Liqanın 27-ci turunda səfərdə “Neftçi”ylə üz-üzə gələcəksiniz. Bu qarşılaşmadan üç xalla ayrılmaq şanslarınızı necə dəyərləndirərdin?

- Liderin “Qarabağ”la oyunda xal itirməsini nəzərə alsaq, onlara bizimlə görüşdə yalnız qələbə sərf edəcək. Bunu da yaxşı anlayırıq ki, rəqibimiz evdə çox güclü oynayır. Hətta əsas rəqiblərini belə, böyükhesablı məğlubiyyətə uğradıb. Bir şey də var ki, onlar daha çox açıq futbola üstünlük verəcəklər. Bu amil isə bizə sərf edəcək. Məncə, “Qəbələ”ylə oyundakı əzimkarlığı “Neftçi”-yə qarşı göstərə bilsək, üç xal qazanacağıq.

- “Neftçi”nin Flavinyo, Bahadır Nəsimov kimi səviyyəli yarımmüdafiəçi və hücumçulara malik olması səni bir qapıçı olaraq narahat etmir?

- Bu futbolçulardan hər an təhlükə gözləməyə dəyər. Çünki belə futbolçuların nə edəcəyini, hansı nöqtəyə zərbə vuracağını qabaqcadan təxmin etmək çox çətindir. Lakin mən özümə və bacarığıma güvənirəm. Heyətimizdə də yetərincə təcrübəli müdafiəçi çıxış edir. Ona görə də çox böyük narahatlığa səbəb görmürəm. İnanıram ki, sonda meydanı qalib tərk edəcəyik.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord