"Xəzər Lənkəran"dan canlı yayımla bağlı açıqlama

"Xəzər Lənkəran"dan canlı yayımla bağlı açıqlama
XƏBƏR 3 Aprel 2012 / 11:00 2580
-  A +

“Xəzər Lənkəran” klubu Unibank Premyer Liqanın 26-cı turu çərçivəsində “İnter”lə keçirilən matçın rəsmi sayt vasitəsilə canlı yayımı haqda açıqlama verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunur ki, klub tərəfindən oyundan öncə yayımın həyata keçirilməsi üçün bütün məsələlər həll edilib:

“Belə ki, stadion ərazisinə yüksək sürəti təmin edən optik internet kabeli çəkilmişdir. Həmçinin oyundan bir gün öncə rəsmi saytda canlı yayımın izlənməsi barədə müvafiq izahat verilmişdir. Bundan əlavə elektron poçt və sosial şəbəkələr vasitəsilə azarkeşlərə oyunun getdiyi vaxt da daxil olmaqla gün ərzində sual vermək və operativ olaraq cavab almaq imkanı yaradıldı.

Yayım üçün məhz mövcud proqramın seçilməsinin əsas səbəbi isə oyunun daha yaxşı nümayişini təmin etmək idi. Belə ki, bu proqram vasitəsilə oyunu eyni zamanda dörd kamera vasitəsilə çəkərək, lazım olan anda kameraları dəyişmək, həmçinin epizodların təkrarını nümayiş etdirmək mümkündür.

Bununla belə, oyunun gedişatı zamanı bir sıra problemlər baş verdi. Əgər oyundan əvvəl kanalı ayarlayanlar test videoyazısını izləyə bilirdilərsə, oyun zamanı yayımda müəyyən dayanmalar baş verdi. Bunun əsas səbəblərindən biri də mövcud olan yerli serverin eyni zamanda mindən artıq sorğunu qəbul etmək iqtidarında olmaması idi. Çoxlu sayda sorğu virus hücumu kimi tanındığından serverin bloklanması baş verirdi ki, bunun üçün də yayımı dayandırıb təzədən başlamaq lazım olurdu.

Yuxarıda göstərilən məqamlarla yanaşı qeyd etmək istərdik ki, artıq "İnter"lə oyun başa çatdığı saatdan etibarən tərəfimizdən bütün çatışmazlıqları aradan qaldırmaq üçün işlərə start verilib. Yerli serverlərin yayım üçün dayanıqlı olmadığı təqdirdə, xarici serverlərdən istifadə ediləcək. Növbəti ev oyununa qədər bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur” -  deyə klubun saytında yer alan açıqlamada bildirilib.

Son xəbərlər