“Mən belə topları dişimlə də tutardım”

“Mən belə topları dişimlə də tutardım”
MÜSAHİBƏ 2 Aprel 2012 / 14:30 3817
-  A +

“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevs dünən Unibank Premyer Liqada səfərdə “Bakı”ya 1:2 hesabıyla uduzduqları oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb

- Dünən Unibank Premyer Liqada “Bakı”ya uduzduğunuz oyun haqda nə deyə bilərsən?

- Matça yaxşı başlasaq da, sonradan zəif təsir bağışladıq. Bilmədim niyə belə oldu. Bəlkə də, sona qədər mübarizə aparmaq üçün gücümüz yetmədi. İkinci hissədə isə heç özümüzə bənzəmədik. Sanki meydana başqa bir komanda çıxmışdı. Hamımız çox zəif oynadıq: məndən tutmuş hücumçularımıza qədər.

- Baş məşqçiniz Fatih Kavlak da ilk 15-20 dəqiqədə çox əla oynadığınızı, lakin sonradan anlaşılmaz bir futbol göstərdiyinizi deyib.

- Fatih Kavlak həqiqətən çox ağıllı bir məşqçidir. Onun cavan olmasına baxmayaraq, səhvlərimizi dərhal tutur.  Ona görə də ona hörmətim böyükdür.  Bir sözlə, az danışır, amma təmiz danışır. Çox gözəl bir mütəxəssisdir.

- Hesabda irəli olsanız da, sonradan oyunun ipini əlinizdən buraxdınız. Buna arxayınçılıq səbəb oldu?

- Düzü, bunu hələ heç özüm də tam anlaya bilməmişəm. Lakin sizin sözlərinizdə də həqiqət var. Məncə, komanda yoldaşlarım ikinci hissəyə həddindən artıq arxayın çıxdığı üçün məğlub olduq. Əgər biz ikinci yarıda ilk hissənin 15-20 dəqiqəsindəki oyunu nümayiş etdirə bilsəydik, “Bakı”ya tək ayaqda qalib gələrdik. Biz “Neftçi”  və “İnter” kimi komandaları asanlıqla məğlub edə bilmişik.

- Görüşün 90+3 dəqiqəsində buraxdığın qolda sənin kobud səhvinin olduğunu etiraf edirsən?

- Bəli, mən ikinci qolda böyük səhv etdim. Buna görə də rəhbərlikdən, komandadan, azarkeşlərdən dönə-dönə üzr istəyirəm. Lakin belə səhvlərin futbolda qaçılmaz olduğunu düşünürəm. İnanın mənə, bu səhvi edəcəyimi yatsam, yuxumda da görməzdim. Belə zərbələrin min dəfə vursalar da, qol buraxmaram. Mən belə topları dişimlə də tutardım. Niyə mən bu epizodda səhv etdiyimi anlaya bilmirəm. Hələ də özümü bağışlaya bilməmişəm.

- Kubok yarışmasını tərk etdikdən sonra Avroliqaya vəsiqə qazanmaq üçün ümidləriniz Unibank Premyer Liqasına qalıb. Burada şanslarınızı necə dəyərləndirirsən?

- Əlbəttə, şanslarımız qalıb. Çünki qarşıda hələ altı oyun var. Vacib deyil ki, öndəki rəqibdən neçə xal geridəyik. Əsas məsələ qarşıdakı oyunları qələbəylə başa vurmaqdır.

- “Bakı”ya məğlubiyyətdən sonra rəhbərlik və baş məşqçiniz sizə iradlarını bildirib?

- Baş məşqçimiz Fatih Kavlak çox düşüncəli hərəkət edərək bizə heç nə demədi. Yalnız iki gün ərzində dincələrkən düşünməyimizi istədi. O, özümüzü toplayaraq qarşıdakı çətin oyunlara köklənməyimizi tələb etdi. Fikrimcə, bu, doğrudur. Çünki problem yalnız bizdədir. Rəhbərlik isə bizə hər cür şərait yaradıb. Pulumuzu da vaxtında alırıq.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər