Yunis Hüseynov: “Sxadadze ağlını başına yığmalıdır”

Yunis Hüseynov: “Sxadadze ağlını başına yığmalıdır”
MÜSAHİBƏ 2 Aprel 2012 / 13:20 4630
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a baş məşqçi təyin edildikdən sonra ilk qələbənizi qazandınız. Həm də bu qarşılaşma sizin 200-cü yubiley matçınız oldu.

- İlk olaraq, bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm. Bəli, bir məşqçi kimi bu mənim 200-cü yubiley oyunum idi. Uşaqlar da qələbə qazanaraq mənə hədiyyə etdilər. Digər oyunlarda da meydana qələbə üçün çıxmışdıq. “İnter”lə kubok oyununda heç-heçə etməyimizə baxmayaraq, futbolçulardan razı qalmışdım. Dünən “İnter”lə çempionat oyundakı çıxışları da məni qane etdi. Əslində “İnter”lə kubokdakı oyunda da qələbəni biz qazanmalıydıq.

- Bir neçə gün öncə “İnter”lə kubok görüşündəki oyunla dünənki arasında nə kimi fərq var idi?

- Çox fərq görə bilmədim. Ona görə ki, komandam hər iki görüşdə rəqibdən çox-çox üstün oynadı. Düzdü, kubok oyununda öz səhvimizdən rəqib komanda qapımıza qol vura bildi. Bu səbəbdən rəqib hesabı qorumaq üçün ancaq müdafiə olunurdu. Məhz buna görə məğlub oluğumuzu düşünürəm. Pis təsir bağışlamasaq da, bəxtimiz gətirmədi. Kubokdakı qarşılaşmadan sonra rəqibi yaxşı analiz edərək, zəif cəhətlərini araşdırdım. Dünənki oyunda “İnter” qapımız qarşısında demək olar ki, heç bir təhlükəli vəziyyət yarada bilmədi.

- Qələbə qazanmağınıza baxmayaraq, narazı qaldığınız futbolçular oldu?
 
- Əlbəttə, elə oyunçular var ki, hələ də onlardan narazıyam. Çünki potensialından çox aşağı oynayırlar. Lakin bunun müvəqqəti olduğunu söyləyə bilərəm. Dünənki oyunda narazı qaldığım futbolçular həm legioner, həm də yerlilərdir. Sadəcə, onların adını çəkmək istəmirəm.

- Dünən baş hakim Elçin Məmmədov meydanda üç qırmızı vərəqə göstərdi. Bu mənada, hakimliklə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Bu qırmızı vərəqələr hər iki komandanın futbolçularına verilib. “İnter”in ikinci futbolçusuna qırmızı vərəqənin nədən göstərildiyini bilmədim. Yəni həmin epizodu qaçırmışdım. Hakimliklə bağlı bir şey deyə bilmərəm.

- Rəqib komanda baş hakimin penalti qərarına etiraz edib. Bəs, siz necə, bu penaltinin haqlı olduğunu düşünürsünüz?
 
- Mən sizə bir söz deyim. Penalti olan vəziyyətdə mən qaldırılan topa baxırdım.  Birdə futbolçularımın harada olduğuna nəzər yetirirdim.  Ona görə də həmin epizodu görə bilməmişəm. Bir də baxdım ki, futbolçularımızdan biri yerə yıxılıb və hakim penalti nöqtəsini göstərir.

- Elnur Abdullayevi matçın başa çatmasına 30 saniyə qalmış meydana buraxdınız. Deyilənə görə, Elnur bu səbəbdən sizdən inciyib. Bu, doğrudur?

- Mən Elnuru həqiqətən də meydana tez buraxmaq istəyirdim. Lakin qırmızı vərəqə buna mane oldu. Çünki oyundakı vəziyyətə görə, hərəkət etməliydim. Elə oldu ki, arxa xətti gücləndirmək üçün müdafiəyə diqqət yetirməli oldum. Heç bir inciklikdən söhbət gedə bilməz. Baş məşqçi futbolçunu hansı vaxt meydana buraxırsa, onda da oynamalıdır. Birdə ki, mən olan yerdə heç vaxt inciklik ola bilməz.

- “Xəzər Lənkəran”a baş məşqçi təyin olunandan sonra komandada öz qanun-qaydanızı yarada bilmisiniz?
 
- Bura gəldiyim ilk vaxda da qaydalar öz yerində idi. Yəni dəyişəsi bir şey yox idi. Çünki futbolçular hamısı peşəkardır və öz işlərinin nədən ibarət olduğunu yaxşı bilirlər. Ümumilikdə isə mən komandaya gələn gündən öz dəsti xəttimlə gedirəm. Hər bir futbolçu mənim xasiyyətimə bələd oldu. Bildilər ki, onlardan nəyi tələb edirəm. Futbolda gərək məşqçiylə futbolçu arasında anlaşma yüksək səviyyədə olsun.

- Dünən “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeylə aranızda insident olduğu söylənilir.

- Bilirsiniz, mən ondan belə hərəkət gözləməzdim. Bu adam gah jurnalistlərlə qalmaqal yaradır, gah Böyükağa Hacıyevlə mübahisə edir. Kaxaya demək istəyirəm ki, uduzmağı da bacarmaq lazımdır. Kubok oyunundan sonra uduzmağıma baxmayaraq, onun əlini sıxaraq uğurlar arzuladım.  Lakin dünənki qarşılaşmadan sonra çox səviyyəsiz söhbətlər etdi. Ona görə də cavabını verdim. Çünki o artıq ağlını başına yığmalıdır.

- Sizcə, belə etməsinə uduzmaqmı səbəb oldu?

- Kaxa özünü dağın başına qaldırıb. O bilməlidir ki, Azərbaycanda işləyir. Özündən razı olmamalıdır. Futbol ictimaiyyəti Sxadadze hər oyun uduzanda, onun hoqqasına dözməli deyil ki. Bu hərəkətləriylə neyləmək istəyir, başa düşə bilmədim. Sözünün mənasını anlamadım.

- Deyilənə görə, sizə hakimlərin köməkliyiylə qalib gəldiyinizi söyləyib. Buna reaksiyanız necə oldu?

- İfadəmə görə üzr istəyirəm. Bütün bu hərəkətlər onun yekəxanalığından irəli gəlir. O, belə hərəkəti başqa bir ölkədə edə bilər? Günah bizimkilərdədir ki, onu heç nədən göyə qaldırıb.

- Belə məlumat yayılıb ki, Kaxanın sözlərindən sonra çox əsəbiləşərək onun üzərinə doğru getmisiniz və bu zaman sizi mühafizə xidmətinin əməkdaşları sakitləşdiriblər.

- Həddindən artıq əsəbiləşmişdim. Bu sözləri kimə desən pis olar. Kaxaber Sxadadze, axı sən kimsən, mənə bu sözləri deyirsən. Azərbaycanda o heç kimdir. Kaxaber Sxadadze mənim yanımda heç kimsən. Sxadadze uduzanda mədəniyyətsiz bir adam olduğunu göstərir. Siz dediniz, mən indi yenə əsəbləşdim. Kubok oyununda mən yarışmadan kənar qalsam da, onu təbrik edərək qucaqlayıb öpdüm. 

- Hər halda, özünüz açıqlayardınız, nə baş vermişdi axı...
 
- Paltardəyişmə otağına gedən dəhlizdə üstümə doğru gələrək qışqırırdı ki, Yunis, sən məni heç vaxt uda bilmərsən. Birincisi, futbol kollektiv oyundur. Fərdi mübarizəyə qalsa, onu asanlıqla məğlub edərəm. O, müdafiəçi olub, mən yarımmüdafiəçi. İnsan gərək paxıl olmaya. Onun paxıllıq hissi keçirdiyini bildim. Kaxaber mənə uduzmağı özünə sığışdıra bilmədi. Bir məğlubiyyətdən sonra iç dünyasını qoydu ortalığa ki, mən buyam. Yəni mən paxılam, özümdən başqa heç bir məşqçiyə hörmət etmirəm. Azərbaycanın çörəyini yeyir, hələ bir üzərimizə də gəlir.

- Bəs, həmin sözləri sizə deyəndə cavabınız nə oldu?

- Daha bilmədim, ona nə cavab verim. Çünki özümdə deyildim. Bu hərəkət mənə çox təsir etmişdi. Həmin insident zamanı ətrafda çox insan var idi.  Mən gülə-gülə təbrik alaraq gedərkən gördüm ki, üstümə gəlir. Elə bildim ki, təbrik etmək üçün yaxınlaşır. Amma ünvanıma onun tərəfindən təhqiramiz söz deyiləndən sonra hirsləndim. Onda artıq özümdə olmadım. Mən gözləyirəm ki, Kaxa məndən üzr istəsin.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər