"Qarabağ" - "Neftçi" derbisi maraqlı faktlarla

"Qarabağ" - "Neftçi" derbisi maraqlı faktlarla
XƏBƏR 30 Mart 2012 / 18:27 2521
-  A +

Aprelin 1-də Azərbaycan derbisi baş tutacaq. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının final mərhələsinin 4-cü turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Görüş eyni zamanda ilk 2 pillədə qərarlaşanların dueli kimi də yadda qalacaq. Bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 59-cu, çempionatlarda isə 47-ci dəfə qarşılaşacaqlar.



“Neftçi” – “Qarabağ” duelləri ilə bağlı faktlar


* İndiyə kimi tərəflər arasında 58 oyun keçirilib
* 58 oyunun 46-sı çempionatda, 12-si isə kubokda baş tutub
* Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
* Tərəflər arasında ilk görüş 1992-ci ilin sentyabrın 26-da baş tutub. Mərkəzi arenada keçirilən görüşdə “Qarabağ”dan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Ərani Beydiyevin cavab qolu ilə matç 1:1 başa çatıb.
* Oktyabrın 20-sində isə “İmarət” stadionunda ilk görüş baş tutub. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları ilk Ağdam təmsilçisinin reallaşdırıb.
* Bu tərəflərin çempionatda “İmarət” stadionunda baş tutduğu yeganə oyun olub (hələlik)
* “Qarabağ” “İmarət”də baş tutan 2-ci və sonuncu oyunda da “ağ-qara”lara qalib gəlib. 1993-cü il mövsümünün kubokunun 1/4 finalında komanda yenə 2:1 hesabı ilə qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu olub. (“Qarabağ” cavab oyununda qolsuz bərabərliklə mərhələ adlayıb və sonda “qızıl dubl” reallaşdırıb)
* Ümumiyyətlə, “Neftçi” müstəqilliyimizin ilk illərində “Qarabağ”ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə “Qarabağ” “Neftçi”yə qələbə sevinci yaşamağa imkan verməyib.
* “Neftçi” ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2 hesablı qələbəyə sevinib.
* Çempionatda “Neftçi” 14, “Qarabağ” 12 qələbə qazanıb. 2000-2001 mövsümündə “Neftçi”yə 3:0 hesablı texniki qələbə verilib
* “Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə qələbəyə sevinib.
* 58 oyunda “Neftçi” 55, “Qarabağ” 45 qol vurub
* “Qarabağ” səfərdə “ağ-qaralar”a 2006-cı ilin fevralın 16-da məğlub olduqdan sonra 2010-cu il noyabrın 28-ə kimi 1873 gün - 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib.
* “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
* “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vuran Qurban Qurbanovdur (5)
* “Qarabağ” baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
* Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
* Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı, bir oyunda avtoqola da imza atıb.
* Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb (hər ikisi “Qarabağ”)
* Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ”dan Mehman Alışanov, Emin Salmanov, “Neftçi”dən Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, mayın 13-də Adamiya fərqlənməklə “Qarabağ”ı bir addım önə çıxarıb.
* Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudur. 30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla “Qarabağ”ın “Neftçi” üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb.
* Elə “Neftçi” də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-də “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi qeydə alınıb.
* Elə həmin çempionatda “Qarabağ”ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə “Neftçi”yə texniki qələbə verilib.
* “Neftçi”yə ötən mövsümkü məğlubiyyətə qədər “ağ-qaralar” “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda “Qarabağ”ın şərəfini qoruyan Adamiya imza atıb.
* Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
* “Qarabağ” – “Neftçi” arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib. Həmin oyundan 11 il keçir
* İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
* Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
* Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda “Qarabağ”ın məşqçisidir
* Hazırda 8 futbolçu hər 2 komandanın heyətində top qovub
* Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 27 dəfə
* İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər.


Mənbə: "Qarabağ" klubunun rəsmi saytı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı