“Hakim kimlərinsə tapşırığını yerinə yetirdi”

“Hakim kimlərinsə tapşırığını yerinə yetirdi”
ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 22:26 3013
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz”ə qarşı keçirilmiş oyununda qırmızı vərəqə almasına münasibət bildirib.

Qeyd edək ki, oyunun 79-cu dəqiqəsində M.Seyidov və “Kəpəz”dən Əli İsmayılov meydandan qovulub. Baş hakim Rəhim Həsənov oyunun protokolunda Seyidovun rəqibini təhqir etdiyi, İsmayılovun isə rəqibini bilərəkdən əllə vurduğu qeyd edib.

Qol.Az-ın müxbiri ilə söhbətində isə M.Seyidov bildirib ki, oyun zamanı rəqib komandanın oyunçusuna toxunub: “O da mənə “bir az asta ol da” deyərək etiraz etdi. Mən də oyun anında belə şeylərin ola biləcəyini söylədim. Bu zaman hakim bizə bir-birimizin əlini sıxmağı təklif etdi. Bunu etsək də, hakim gözlənilmədən hər ikimizə qırmızı vərəqə göstərdi”.

Seyidov qeyd edib ki, hakim ona qırmızı vərəqə verməsini söyüş söyməsiylə əlaqələndirb: “Amma o, yalan deyir. Rəqib oyunçu özü də belə şeyin olmadığını təsdiqlədi. Ancaq hakimin bu qərarı mənə qaranlıq gəldi. Yəqin qarşıdan “İnter”lə oyunumuzun olduğunu bilərək belə addım atıb. Qırmızı vərəqəni futbolçuya qarşı bilərəkdən zərbə endirdikdə verirlər. Mən isə ən pis halda sarı vərəqə gözləyirdim. Mən hakimdən şübhələnirəm ki, kimlərinsə tapşırığını yerinə yetirdi. Belə çıxır ki, qırmızı verilərək ən azı iki oyun oynamamağımı istəyib. Açığı, mən heç zaman hakimlər barədə danışmamışam. Lakin belə ədalətsizliyə dözə bilmədim” – deyə o qeyd edib.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər