«Xəzər Lənkəran»la nə müzakirə aparmışam, nə də söhbət etmişəm»

«Xəzər Lənkəran»la nə müzakirə aparmışam, nə də söhbət etmişəm»
MÜSAHİBƏ 17 Aprel 2009 / 16:12 3876
-  A +

“Karvan”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az saytına müsahibə verib

- “Karvan”ın düşərgəsində əhval-ruhiyyə necədir?
- Hər şey normaldır. Növbəti oyunumuza hazırlaşırıq. Düzdür, elə həmişə deyirəm hazırlaşırıq, amma axırda yenə uduzuruq (gülür). Zarafat bir yana, həqiqətən də “Karvan” hələ belə günə düşməmişdi. Söhbət təkcə “Turan”a son məğlubiyyətdən getmir. Mən ümumiyyətlə, ikinci dövrədəki çıxışımızı nəzərdə tuturam. Belə olmamalı idi.
- Futbolçularınızda qələbə istəyi var, yoxsa hamı fikirləşir ki, oyunları yola verib çempionatı başa vursunlar?
- Yox, yola vermək haqda fikirləşən yoxdur. “Turan”la qarşılaşmadan sonra klub rəhbərliyinin də iştirakı ilə futbolçularla iclas keçirildi və onlarla ciddi söhbətimiz oldu. Belə danışdıq ki, artıq qələbə qazanmalıyıq. İnanıram ki, “Muğan” üzərində bunu həyata keçirməliyik.
- Hazırda əlinizin altında neçə futbolçu var?
- Əsas komandadan cəmi 11 futbolçu var. Əvəzedici komandadan isə 4 futbolçunu əsas komandanın hazırlığına cəl etmişəm.
- Onlar “Karvan”a kömək edəcək səviyyədədir?
- Təbii ki, həmin futbolçulardan heç biri oyunu üzərlərinə götürmək və yaxud, onu dəyişmək iqtidarında deyillər. Sadəcə, məcburiyyətdən bu addımı atmalı oldum.
- Niyə cəmi 11 futbolçunun ümidinə qalmısınız?
- Anar Həsənovun atası rəhmətə getdiyindən o düşərgəni tərk edib. Aqil Məmmədovun isə zədəsi ciddidir və komandaya kömək edə bilməyəcək. Namiq Əliyev isə ötən tur qırmızı vərəqə aldığından avtomatik olaraq meydana çıxmaq şansını itirib.
- Son uğursuzluqlar fonunda Yevlax azarkeşlərinin komandaya münasibəti dəyişməyib ki?
- Tam səmimi deyirəm ki, komanda nə qədər zəif oynasa da, azarkeşlərin “Karvan” münasibəti dəyişməyib. Həmişəki kimi gəlib bizi dəstəkləyirlər. Hətta məğlub olanda belə.
- Bəs konkret sizə qarşı münasibət necədir? Bildiyimizə görə ,yevlaxlı azarkeşlər baş verənlərdə sizi günahkar bilmirlər.
- Mənə qarşı münasibət lap əladır. 5 ildir bu komandada çalışıram və həmişə də Yevlax azarkeşlərindən xoş münasibət görmüşəm.
- “Karvan”ın idarə heyətinin sədri Şahmar Vəliyev verdiyi son açıqlamasında komandanın dağılmayacağını, əksinə, gələn mövsüm indikindən qat-qat güclü və iddialı olacağını deyib. Belə olan halda “Karvan”da qalacaqsınız, yoxsa başqa təklifləri nəzərdən keçirəcəksiniz?
- İnşallah hər şey Şahmar müəllim dediyi kimi olar. O ki qaldı mənə, iddialı komanda olarsa niyə də qalıb işləməyim? Amma gəlin, indidən bu haqda danışmayaq. Mayda hər şeyə aydınlıq gələcək.
- Bu sualı ona görə verdik ki, son vaxtlar gəzən söz-söhbətlərə görə İqor Ponomaryovun istefası baş verərsə onun yerinə bir nömrəli namizəd sizsiniz. Bu məsələyə münasibətiniz necədir?
- Ponomaryov istefaya göndəriləcək ya yox, bu, “Xəzər Lənkəran”ın daxili işidir. Amma şəxsən mənim Lənkəran klubunun rəhbərliyi  ilə nə müzakirə aparmışam, nə də söhbət etmişəm. Bu, sadəcə söz-söhbətdir. 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı