Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu

Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
XƏBƏR 28 Mart 2012 / 02:51 2061
-  A +

Azərbaycanın ən tanınmış ağırlıqqaldıranlarından olan Turan Mirzəyev idmançı karyerasını başa vurub. Bu haqda Lent.az-a 33 yaşlı atletimizin özü məlumat verib.

O, təqribən 10 il öncə belindən aldığı zədəni səbəb göstərib. Mirzəyev bildirib ki, dağıstanlı Əfsət Əfsətovun yığmamızda baş məşqçi kimi çalışdığı dövrdə - Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplantısında olduqları vaxt zədələnib: “Onurğa sütunumda fəqərələrarası disk yerindən tərpənmişdi. Bu da özünü yarışlarda büruzə verirdi. Moskvada zədə ilə üzləşdiyim vaxt bu sahədə bir peşəkar həkim məni müalicə etmişdi. Lakin sonradan eyni problem təkrarlananda onunla əlaqə yarada bilmədim. Nəticədə belimdəki zədələr özünü çıxış etdiyim yarışlarda da göstərməyə başladı”.

Hazırda ticarətlə məşğul olduğunu deyən Mirzəyev Azərbaycan Ağır Atletika Federasiyasından aldığı məşqçilik təklifini qəbul etməyib. Təcrübəli idmançı imtina qərarını belə əsaslandırıb: “Federasiyanın icraçı direktoru İskəndər Əsgərov mənə deyir ki, ayda 500 manat maaş veririk, gəl, sıravi məşqçi işlə. Amma bilirsiniz, mən müstəqil Azərbaycan idmanı tarixində ən yaxşı nəticə verən iki ağırlıqqaldırandan biriyəm. İkiqat dünya və Avropa çempionu Nizami Paşayev qardaşımızdır. Başqa cür çıxmasın: Paşayev ölkəmizə gələnədək Rusiyada yaşayıb, orada məşqlərə başlayıb. Mən isə sırf Azərbaycanda yetişən idmançı olmuşam. Paşayevin əsas millimizə baş məşqçi təyinatını alqışlayıram. Onu belə yüksək vəzifəyə təyin edirlərsə, mənə də gənclər və ya yeniyetmələrdən ibarət yığmamızda baş məşqçilik təklif edə bilərdilər”.

Mirzəyev zədəli olmasına rəğmən, 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında olimpiya lisenziyası üçün xallar verdiyini xatırladıb. Bununla belə, o, gənclərə yol açmaq üçün karyerasını başa vurmağı məqsədəuyğun saydığını bildirib.

Qeyd edək ki, Turan Mirzəyev idmançı karyerası ərzində Avropa çempionatlarında gümüş (2002) və bürünc (2001), dünya çempionatında isə bürünc (2003) medal qazanıb. O, Sidney (2000), Afina (2004) və Pekin (2008) Yay Olimpiya Oyunlarında iştirak etsə də, mükafatçılar sırasına düşə bilməyib.

 


Son xəbərlər