Rəşad Sadıqov: “Çempionluq barədə ümumiyyətlə, düşünmürük”

Rəşad Sadıqov: “Çempionluq barədə ümumiyyətlə, düşünmürük”
MÜSAHİBƏ 27 Mart 2012 / 14:49 3393
-  A +

“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edəcəksiniz. Oyuna hazırlıq necə gedir?

- Oyuna ciddi hazırlaşırıq. Çünki qarşımızda “Qəbələ” kimi komanda var. Sabah bizi ciddi bir sınaq gözləyir.

- Səfərdəki qarşılaşmada 2:2 hesabıyla bərabərə qaldınız. Təkrar görüşdə bu hesabı “Qarabağ” üçün üstünlük hesab etmək olar?

- Bizim elə bir böyük üstünlüyümüz yoxdur. Rəqibimizin oyunlarını analiz edərkən görürük ki, meydana çıxdığı qarşılaşmaları qolsuz başa vurmayıb. Hətta məğlub olsalar belə. Bunu da, bilirik ki, qol vurmağı bacaran komandadır. Ümumi götürəndə üstünlük barədə fikirləşmirik. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Elə oynayacağıq ki, birinci oyunda olmamış kimi.

- Bəs, növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?

- Mənim fikrimcə, şanslar 50/50-yədir.  Hər zaman “Qəbələ”ylə aramızda maraqlı və gərgin oyunlar keçir. Belə fikirləşirəm ki, həmin oyunlardan biri də sabah olacaq.

- “Qəbələ”nin heyətində Yannik Kamanan, Deon Barton kimi təhlükəli hücumçuları var. Bu amil sizi narahat etmir?

- Həmin komandaya qarşı bir necə oyunda yalnız bir üslubda çıxış etmişik.  Fikirləşirəm ki, elə də  pis alınmadı. Artıq bir neçə qarşılaşmada “Qəbələ”qələbə qazanıb. Yalnız bizimlə həm kubok, həm də çempionat oyunlarında bərabərə qaldılar. Sabahkı rəqibimizin hücum xəttinin çox güclü olması heç kimə sirr deyil. Bəlkə də Azərbaycan klublarının içərisində ən güclü hücum xəttinə malik olan komandadır. Hücumla bərabər komanda şəklində yaxşı müdafiə olunan və standart vəziyyətləri çox təhlükəli olan bir komandadır. Bir sözlə, çempionatımızın ən təhlükəli komandalarından biridir. Biz də öz növbəmizdə rəqibimizi yaxşı analiz edərək, nəyə qadir olduğumuzu göstərməyə çalışmalıyıq.

- Səncə, “Qəbələ”ylə oyunlarınızın uğurlu alınmamasına səbəb nədir. Bunun bir sindrom olduğunu söyləmək olar?

- Oyun baxımından götürsək, “Qəbələ”ylə qarşılaşmalarımız pis alınmayıb. Hətta məğlub olduğumuz oyularda belə, çoxlu sayda qol imkanlarımız olub. Sadəcə olaraq, bu imkanlardan istifadə edə bilmədik. Nəticə baxımından götürməli olsaq, “Qəbələ”kimi komandayla heç-heçə də pis deyil. Çünki bu komanda “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”i ard-arda məğlubiyyətə uğratdı.

- Unibank Premyer Liqanın növbəti qarşılaşmasında çempionatın lideri “Neftçi”ni qəbul edəcəksiniz. Bu oyunu necə dəyərləndirərdin?

- Düzü, bu haqda heç danışmaq istəmirəm. Çünki həmin oyun barədə hələ fikirləşmirik. Sabah bizi ağır bir sınaq gözləyir. Bütün fikirlərimizi sabahkı “Qəbələ”ylə oyuna yönəltmişik. Bu oyundan sonra isə “Neftçi” haqda düşünməyə başlayacağıq.

- Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmısınız. Yenə də çempion ola bilməyəcəyinizi düşünürsən?

- Mən yenə də o fikirdəyəm ki, “Qarabağ”ın çempion olması çox çətindir. Mən çempion ola bilmək şanslarımızın az olduğunu deyəndə hələ qarşıda 14 oyun və liderlə 8 xallıq fərqimiz vardı. İndi isə xal fərqi 5-ə enib. İlk “altııq” da isə 5 xallıq fərq çox hesab olunur. Çünki hər qarşılaşmada qələbə qazanmaq çox çətindir. Özünüz də gördünüz ki, “Bakı”yla görüş necə  çətin və gərgin keçdi.  Həmin oyunda xal da itirə bilərdik. Sözün düzü, biz hələ çempionluq barədə fikirləşmirik. Çünki “İnter”lə xallarımız bərabərdir, “Xəzər Lənkəran” isə bizdən cəmi üç xal geri qalir. “Qarabağ”ın fikri avrokuboklara düşməkdir. Çempionluq barədə ümumiyyətlə, düşünmürük və qarşıdakı oyunlara bir-bir motivasiya olmağa çalışırıq.

- İlk “altılıq” da mübarizə aparan komandaların hansı səndə xoş təəssürat yaradır?

- İlk “altılıq”dakı komandarın çoxu inkişafa doğru gedir. Bunların içərisində “Qəbələ” və “Bakı”nı göstərmək olar. “İnter” və “Xəzər Lənkəran”a gəldikdə bilirəm ki, onlar qarşıdakı turlara daha yaxşı hazırlaşacaq. Lakin xüsusi olaraq "Neftçi"ni qeyd edərdim. Digər komandaların da özəlliklərini unutmaq olmaz.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər