Rəşad Sadiqov: “Fatih Kavlak “Qarabağ”ın sirrini bilir”

MÜSAHİBƏ 26 Mart 2012 / 14:15 3247
-  A +

“Qarabağ” klubunun kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi

- Martın 28-də “Qəbələ”yə qarşı keçirəcəyiniz kubok oyununun hazırlığı necə gedir?

- Çox yüksək səviyyədə. Hər kəs öhdəsinə düşən məsuliyyəti yaxşı anlayır. Hazırda klubun avtobusuyla Quzanlıya gedirik. İnşallah, qalan məşqlərimizi də məhz Ağdamda keçəcəyik. “Qəbələ”ylə oyun doğrudan da, çətin olacaq. Onlarla dalbadal iki matçda qarşılaşdıq. Hər iki görüşdə də bərabərə qaldıq. “Qəbələ” ilk “altılıq”da ən güclü komandalardan biri, bəlkə də birincisidir. Bu komandanın çox güclü hücum xətti olmasıyla yanaşı, əks hücumları da təhlükəlidir. Əbəs deyil ki, iki oyunun nəticəsinə görə, qapımıza 3 top vurublar. Ona görə də, ehtiyatlı olmalıyıq. Ancaq bütün bunlara baxmayaraq, doğma meydanda qələbə qazanmaq istəyirik.

- İlk oyun 2:2 hesabıyla yekunlaşıb. Bu mənada, qələbə qazanmaq istəyən “Qəbələ”nin hücum və açıq futbol nümayiş etdirəcəyinizi zənn etmək olar?

- Biz özümüz də daha çox hücum haqda düşünürük.  Çünki arxaya çəkilsək, rəqibimiz bundan istifadə edəcək. Nəzərə almalıyıq ki, “Qəbələ” autdan və standart vəziyyətlərdən yaxşı istifadə etməyi bacarır.

- Ümümiyyətlə, növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?

- Çalışacağıq ki, bunun öhdəsindən gələk. Lakin qabaqcadan dəqiq bir söz demək çox çətindir. Mən hər iki komandanın şanslarını 50/50-yə dəyərləndirərdim.  Kim oyunda daha diqqətli və ələ düşən fürsətlərdən maksimum istifadə etsə, növbəti mərhələyə adlayacaq.
 
- “Qarabağ” ın “Qəbələ”ylə oyunu yaxşı alınmır. Hətta öz meydanınızda belə onlara məğlub olmusunuz. Bunu nə ilə əlaqələndirərdin?

- Mən bunun sindrom olduğunu söyləməzdim. Sadəcə, ola bilər ki, oyunumuzu yaxşı analiz edirlər. “Qəbələ”nin hazırkı baş məşqçisi Fatih Kavlak əvvəllər “Qarabağ”da çalışıb. Ola bilər ki, komandamızın sirrlərini bilir. Ona görə də, bizimlə oyunda başqa taktika seçərək, açıq futbola üstünlük vermir. Bəlkə də, qələbə qazana bilməməyimizin səbəbi elə budur.

- Son 20 gündə 6 oyun keçirmisiniz. Yorulmamısınız ki?

- Yorğunçuluq var. Çünki futbolçular da robot deyil, insandılar. Həmçinin meydançalarımızın istənilən səviyyədə olmaması da sözünü deyir.  Elə olur ki, palçıq meydançada oynamağa məcbur olursan. Hətta süni meydançanın da futbolçunun tez yorulmasına və zədələnməsinə çox böyük təsiri olur. Bu da istər-istəməz ayaqda yorğunluq yaradır. Buna misal olaraq “Bakı”yla oyunun ikinci hissəsindəki çıxışımızı göstərmək olar. Bəlkə də, komandamız ikinci hissədə mövsümün ən zəif oyununu keçirdi.

- Unibank Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda “Neftçi”ni qəbul edəcəksiniz. Bu görüş haqda nə fikirləşirsən?
 
- İndi həmin oyun barəsində fikirləşmirik. Elə baş məşqçimiz Qurban Qurbanov da bu görüş haqda hələ heç bir söz deməyib. Çünki indi “Qəbələ” ilə oyuna köklənmişik. Onu deyə bilərəm ki, “Neftçi” rəqibin səhvlərindən maksimum istifadə edən bir komandadır. Həmçinin də bu mövsüm bizi hər iki oyunda  məğlub ediblər. Çətin komanda olsalar da, çalışacağıq ki, onları da məğlub edib irəliləyək.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı