"Fənərbaxça" kuboku almağa Azərbaycan bayrağı ilə yollandı

"Fənərbaxça" kuboku almağa Azərbaycan bayrağı ilə yollandı
XƏBƏR 26 Mart 2012 / 12:07 2819
-  A +

Türkiyənin “Fənərbaxça” klubu voleybolçu qadınlar arasında Çempionlar Liqasının qalibi olub.

Qol.Az-ın məlumatına görə, Bakıdakı Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilmiş “4-lər finalı”nda “sarı-lacivərdlilər” yarımfinalda Rusiyanın “Dinamo” (Kazan) komandasını 3:1 hesabı ilə yendikdən sonra finalda Fransa “Kann”ını da üstələyiblər – 3:0.

Həlledici qarşılaşmada “Fənər” əvvəldən sonadək üstün oyun sərgiləyərək, setləri 25:14, 25:22, 25:20 hesablı qələbələrlə tamamlayıb. Bununla da Türkiyə təmsilçisi ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Ötən il bu mükafata finalda Azərbaycanın “Rabitə” komandasını məğlub etmiş “Vakıfbank Türk Telekom” layiq görülmüşdü. “Fənərbaxça” tarixində ilk dəfə Avropanın ən nüfuzlu turnirini zəfərlə başa vurub.

Komanda üzvləri mükafatlandırma mərasiminə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gəliblər. Oyun boyu Türkiyə klubuna azərbaycanlı azarkeşlər də dəstək veriblər. Kuboku “Fənərbaxça”ya Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer verib. Klubun vitse-prezidenti Nihat Özdəmir qarşılaşmadan sonra verdiyi açıqlamada Azərbaycanda qalib olmalarını xüsusi vurğulayıb: “Hər zaman dediyimiz kimi, “iki dövlət, tək millətik”. Azərbaycan bizim ən böyük dostumuzdur. Bu kuboku burada almağın ayrı bir ləzzəti var”.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü yeri “Dinamo” tutub.


Son xəbərlər