Qənirə Paşayeva: "Cəmiyyətdə belə stereotiplər var ki, qız hara, futbol hara"

Qənirə Paşayeva: "Cəmiyyətdə belə stereotiplər var ki, qız hara, futbol hara"
GÜNDƏM 8 Mart 2012 / 01:37 2576
-  A +

“Təbii ki, bu, çox önəmli hadisədir. Azarkeşlərin sayına görə futbola dünyanın ən məşhur oyunu deyə bilərik. FİFA kimi mötəbər qurumun 17 yaşadək qadınlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsinə qərar verməsi özü böyük hadisədir”. 

Qol.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

17 yaşadək qızlar arasında ölkəmizdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayan millət vəkili bildirib ki, bu yarışın yüksək səviyyədə keçiriləcəyinə FİFA-da da inam var: “Bu, Azərbaycana verilən önəmdir, Azərbaycan dövlətinin futbolun inkişafına verdiyi dəstək və diqqətə verilən qiymətin nəticəsidir. FİFA-nın prezidenti Yozef Blatter özü də Azərbaycanda olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb. O, gördü ki, Azərbaycanda futbola böyük diqqət ayrılır”.

Paşayeva ümid edir ki, dünya çempionatı Azərbaycanda qadın futbolu inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda cəmiyyətin qadın futboluna baxışında da dəyişiklik olacaq: “Bu sahəyə diqqət daha da artacaq. Mən qadın futboluna diqqətin artmasında maraqlıyam. İstəyirəm ki, qızlarımız futbola gəlsinlər və bacarıqlarını göstərsinlər. İnanıram ki, ölkəmizdə yüksək potensiallı qızlar var. Eyni zamanda bir çox xarici ölkələrdən Azərbaycana gələcəklər. Bu zaman ölkəmizi daha yaxından tanıyacaq və məlumat toplayacaqlar. Bu, həm də ölkəmizin təbliğidir.

Cəmiyyətdə belə stereotiplər var ki, qız hara, futbol hara. Qızlarımızın uğuru bu stereotipləri dağıda, cəmiyyətin bu düşüncəsini dəyişə bilər. Onların məşhur futbolçu olmaq və Azərbaycanın adını ucaltmaq imkanları var. Ona görə də futbolçu qızlarımıza üzümü tutub deyirəm ki, yalnız qələbə haqqında düşünün. Üstəlik, çempionat Azərbaycanda keçirilir və azarkeş dəstəyi güclü olacaq. Komandamıza uğurlar arzulayıram”.

 

Daha çox


Son xəbərlər