Azərbaycan kubokunun finalı “Tofiq Bəhramov”da olmayacaq

XƏBƏR 7 Mart 2012 / 15:25 2253
-  A +

2011-2012-ci il mövsümündə futbol üzrə Azərbaycan Kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

O, səbəb kimi hazırda stadionda aparılan təmir işləri üzündən meydançanın həlledici qarşılaşmayadək hazır olmayacağını göstərib: “Final oyununun keçiriləcəyi mayın 17-dək meydançanın ot örtüyünü hazır vəziyyətə gətirməyi çatdırmayacağıq. Bu səbəbdən, görüş bizim arenada olmayacaq”.

İsmayılov stadionun nə vaxt istifadəyə veriləcəyi tarixi isə indidən açıqlaya bilməyib. Onun sözlərinə görə, meydança tam hazır olduqdan sonra AFFA, UEFA və ev oyununu keçirmək istəyən klublarımız tərəfindən bəyənilməlidir. Direktor arenanın icarə haqqının yüksəldiləcəyini də bildirib: “Stadion təmirə dayananadək ölkədaxili oyun üçün icarə haqqı 2500 manat idi. Amma indi bütün tələblərə cavab verən arena qururuq. Xərclərimiz də çoxalacaq. Ona görə də icarə haqqını artıracağıq. Bu məbləğin nə qədər olacağını isə indidən deyə bilmərəm”.

Qeyd edək ki, 1992-ci ildən keçirilməyə başlayan Azərbaycan Kubokunun final görüşlərindən yalnız 2-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmayıb. 2000-2001-ci il mövsümündə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 2005-2006-cı ildə isə “Şəfa” stadionu mövsümün son görüşünü qəbul edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı