Şarliya: “İnter”lə oyunda da “Bakı”nın məğlub olacağını deyirdilər”

Şarliya: “İnter”lə oyunda da “Bakı”nın məğlub olacağını deyirdilər”
MÜSAHİBƏ 6 Mart 2012 / 12:52 2383
-  A +

“Bakı” klubunun qapıçısı Marko Şarliya sabah Unibank Premyer Liqasında “Neftçi”yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb

- Sabah sizi “Neftçi”ylə çətin oyun gözləyir. Meydan sahibi olduğunuzu nəzərə alsaq, qələbə qazanmaq şansınız nə qədərdir?

- İlk öncə onu deyim ki, biz gözəl bir oyunun şahidi olacağıq. Rəqibimiz ölkənin ən güclü komandalarından biridir. Düşünürəm ki, “Neftçi”ylə oyunda komanda ikiqat güclə oynamalıdır. Hər şeyə rəğmən biz də zəif komanda deyilik. İstənilən rəqibi məğlubiyyətə uğrada bilərik.
Bilirsiniz, “İnter”lə oyundan öncə də onları bizdən güclü hesab edir, “Bakı”nın həmin matçda məğlub olacağını deyirdilər. Çoxları onların 18 oyundur məğlub olmadıqlarını əsas gətirərək, “İnter”in bizə qalib gələcəyini düşünürdü. Lakin oyunun sonunda qələbəni bayram edən tərəf “Bakı” oldu. “İnter”lə matçda azlıqda qaldıqdan sonra göstərdiyimiz oyunu “Neftçi”ylə matçda da təkrarlamalıyıq. Belə olan halda onları məğlub edə bilərik.

- Elvin Məmmədovun yoxluğu “Neftçi”ylə qarşılaşmada komandanızın çıxışına necə təsir edə bilır?

- Elvinin yeri xüsusi olaraq görünəcək. Çünki onu əvəzləyə biləcək sabit bir oyunçumuz yoxdur. Amma bunu faciəyə çevirmək lazım deyil. Bacardığımız qədər “Neftçi”lə oyunda onun yoxluğunu hiss etdirməməliyik.

- İki oyundur ki, qalib gələrək aktivinizə altı vacib xal yazmağı bacarmısınız. Artıq “Bakı”nın “qara zolaq”dan çıxdığını demək olar?

- Buna çox inanmaq istəyirəm. Təki, qara buludlar üzərimizdən yox olsun. Bunun üçün mən də meydanda var gücümlə çalışıram. Bilirsiniz, futbolda belə hallar çox olur. Biz hər bir oyuna ayrılıqda köklənməyə çalışmalıyıq. Hər şeyə pillə-pillə qalxmaq lazımdır. İnanıram ki, iki oyunda qazandığımız uğurların ardı gələcək.

- Səncə, komandanızın uğursuz çıxışına səbəb nə idi?

-  Bunu söyləmək çox çətindir. Çünki heç kəs nədən belə olduğunu anlaya bilmirdi. Ola bilər ki, mən və komanda yoldaşlarım yaxşı oyun sərgiləmirdi. Ancaq hər şeydə futbolçuların günahı olduğunu demək də düzgün deyil. Daha bu haqda danışmaq istəməzdim. Qarşıdakı oyunlarda hər şeyin bizim üçün yaxşı olacağını düşünmək istəyirəm.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər