AFFA İcraiyyə Komitəsi üzvlüyünə 2 namizəd irəli sürüldü (FOTO)

AFFA İcraiyyə Komitəsi üzvlüyünə 2 namizəd irəli sürüldü (FOTO)
XƏBƏR 21 Fevral 2012 / 12:05 1831
-  A +

Martın 9-da keçiriləcək AFFA-nın hesabat-seçki konfransı üçün qurumun İcraiyyə Komitəsi (İK) üzvlüyünə ilk namizədlər irəli sürülüb.

Bu barədə Sahə Futbol Federasiyalarının (SFF) İdarə Heyətinin iclasında qərar qəbul edilib.

SFF-in tərkibinə Futzal Federasiyası, Uşaq və Gənclər Futbol Federasiyası, Həvəskar Futbol Federasiyası, Çimərlik Futbol Federasiyası, Tələbə Futbol Federasiyası və Əlillər Futbol Federasiyası daxildir. Çimərlik Futbolu Federasiyası Mahir Məmmədovun, Uşaq və Gənclər Futbol Federasiyası Mirkamil Rəhimovun İK üzvlüyünə namizədliyini verib. Öz növbəsində SFF də hər iki şəxsin namizədliyini irəli sürüb.

AFFA-nın konfransına nümayəndə kimi qatılacaq şəxslər də müəyyənləşib. Bunlar Futzal Federasiyasından Zaur Axundov və Mahmud Sadıqov, Uşaq və Gənclər Futbol Federasiyasından Mirkamil Rəhimov və Nüvər Xasıyev, Həvəskar Futbol Federasiyasından Kamil Rəhimov və Füzuli Nəcəfov, Çimərlik Futbol Federasiyasından Fərid Novruzi və Fərid Axundov, Tələbə Futbol Federasiyasından İlham Mərdanov, Əlillər Futbol Federasiyasından Şaiq Həmidovdur. SFF-in prezidenti Mahir Məmmədov və baş katib Rüfət Əmirov isə konfransda səsvermə hüququna malik olacaqlar.

Qeyd edək ki, Mirkamil Rəhimov və Mahir Məmmədovun namizədliyi konfransda dəstəklənsə, onlar ikinci müddətə AFFA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətlərini davam etdirəcəklər. Federasiya prezidentliyinə isə hələlik 1 namizəd var. Bu, qurumun hazırkı prezidenti Rövnəq Abdullayevdir.

Xəbər: lent.az


Son xəbərlər