Hakimi ölümlə hədələyən boksçu ömürlük qovuldu

Hakimi ölümlə hədələyən boksçu ömürlük qovuldu
XƏBƏR 19 Fevral 2012 / 00:01 1713
-  A +

Beynəlxalq Boks Federasiyası (IBF) argentinalı boksçu Luis Lasarteni ömürlük diskvalifikasiya edib.

Qol.Az-ın “Fightnews.com”a istinadən verdiyi məlumata görə, Lasarte filippinli rəqibi Conriel Kasimero ilə döyüş zamanı hakim Eddi Klaudionu ölümlə hədələyib.

Görüş Argentinanın Mar-De-Plata şəhərində baş tutub. 6-cı raundda Klaudio Lasartenin xalını silib. Bundan qəzəblənən argentinalı boksçu hakimə deyib: “Buradan sağ-salamat getmək istəyirsən?”

Sonda Lasarte 10-cu raundda texniki nokautla uduzub və Kasimero İBF versiyası üzrə 49 kq çəkidə müvəqqəti dünya çempionu titulunu qazanıb. Qarşılaşmanın ardından azarkeşlər rinqə şüşə qab və plastik oturacaq tullayıblar. Bir neçə şəxs rinqə qaçaraq Kasimero və onun komandasının nümayəndələrinə hücum edib. Qalib boksçu rinqdən çıxa və zalı tərk edə bilib.

IBF prezidenti Deril Pipls Argentina Boks Federasiyasının prezidenti Osvaldo Bisbala Lasartenin diskvalifikasiya olunduğu barədə məktub yazıb. Pipls bildirib ki, döyüşdən sonra baş verənlər yolverilməzdir. O Bisbaldan Kasimeroya hücum etmiş azarkeşlərin tapılaraq cəzalandırmaq üçün hansı tədbirlərin görüldüyü barədə məlumat verməsini xahiş edib. Lasarte isə bir daha İBF bayrağı altında döyüşlərə buraxılmayacaq. Amma boksçunun özü görüşdən dərhal sonra karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, martın 4-də Luis Lasartenin 41 yaşı tamam olacaq. O, 63 döyüşdə 49 qələbə (18-i nokautla) qazanıb, 11 məğlubiyyət alıb, 2 görüş heç-heçə ilə nəticələnib, daha 1-i baş tutmamış sayılıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord