İlqar Qurbanov: "Əgər yatmışdımsa, Foqts məni niyə oyatmırdı?"

İlqar Qurbanov:  "Əgər yatmışdımsa, Foqts məni niyə oyatmırdı?"
MÜSAHİBƏ 24 Mart 2009 / 13:48 5113
-  A +

Türkiyənin “Boluspor” klubunun hücumçucu İlqar Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ona yönələn ittihamlarıyla bağli Qol.Az-a eksklüziv müsahibə verib.

- Foqtsun bu gün jurnalistlərlə görüşdə sənə qarşı səsləndirdiyi ittihamlardan xəbərin var?
- Yox, nə deyib ki mənim haqqımda?
- İlk olaraq, deyib ki, İlqar 1 kilometri 5 dəqiqəyə qaçır...
- O məni harada qaçırdıb ki, mən qaçmamışam? 3 gün təlim-məşq prosesi oldu, məşqimizi keçdik, çıxdıq gəldik də.
- Deməli, sonuncu təlim-məşq prosesi zamanı sizi qaçırtmayıb?
- Düzdür, o futbolçuları qaçırdırdı. Amma həmin vaxt mənim böyrəyim ağrıyırdı. Həkim də bu haqda Foqtsa məlumat vermişdi. Mən, Zaur Tağızadə, Cavid Hüseynov və adını unutduğum daha bir futbolçumuz - 4 nəfər ayrılıqda yüngül məşq keçirdik. Söhbət belə olub. Mən min metrəni 5 dəqiqəyə harada qaçmışam ki?
- Sonra Foqts bildirib ki, oyunları təhlil edərkən, sən yatırsan.
- Yatmaq? Sizcə elə bir şey mümkündür? Foqts gülməli sözləri danışır. Məni milliyə çağırmadığına görə, tutarlı səbəb gətirə bilmir. Başlayıb, gülməli şeylər danışmağa. Harda yatmışam? 3 günlük təlim-məşq prosesi zamanı cəmi bir dəfə komandadaxili iclas oldu, o da yarım saatlıq. Bəzi futbolçuların problemləriylə bağlı danışdı. Sonra da Rusiyanın oyununun ikinci hissəsinə baxdıq, vəssəlam. Yatmışdımsa, məni niyə oyatmırdı? Soruşardı ki, İlqar niyə yatırsan?
- Foqts bildirib ki, “Makdonalds”da nahar eləyən futbolçu mənə lazım deyil...
- Hansı “Makdonalds”dan danışır? Mən təyyarədən düşəndən dərhal sonra “Holiday İnn” otelinə gəlmişəm. 3 gün ərzində orada keçirilən təlim-məşq prosesində iştirak etmişəm. Heç şəhəri çıxıb gəzməmişəm. Bəlkə “Holiday İnn” içərisində təzə “Makdonalds” açılıb, xəbərim yoxdur. Lap tutalım orada nahar edirəm, nə var ki, burda? “Makdonalds”da yemək yemək günahdır? Bəs Foqts özü harda nahar edir, İstanbul boğazında? Ümumiyyətlə, Foqts deyəsən, şou yaratmaq eşqinə düşüb.
- Foqts onu da dedi ki, İlqar Türkiyədə ulduz ola bilər, burada isə heç kim, sıradan bir oyunçudur...
- Mən ulduz deyiləm, adi bir futbolçuyam. Türkiyədə çıxış edirəm. Onu da deyim ki, birinci dəfə Foqts məni milliyə çağırarkən, Andorra və Bosniyayla oyunlar vaxtı idi. Mənə demişdi ki, klubunda əsas heyətdə oynamasan, səni milliyə dəvət etməyəcəyəm. Mənə klubunda əsas heyətdə oynamayan futbolçu lazım deyil. Amma indi vəziyyət necədir? Ondan soruşun ki, klubunda oynamayan oyunçunu niyə milliyə çağırır? Mənsə elə klubumda da əsas heyətdə oynayıram, millinin bəzi futbolçularında fərqli olaraq.
- Səni bir daha milliyə çağırmayacağını da deyib...
- Desin də, guya mən bu saat gəlirdim. O millinin baş məşqçisi olduğu müddətdə mən də millidə çıxış etməyəcəyəm.
- Ümumiyyətlə, səncə Foqts niyə belə danışır? Bəlkə aranızda nəsə problem olub?
- Aramızda heç nə olmayıb. Heç danışmamışıq da axı. Əgər danışsaydıq. Ayrıca söhbət etsəydik, deyərdim hə. İlk dəfə təlim-məşq toplanışı vaxtı tərcüməçisinə dedim ki, onunla 15 dəqiqə təklikdə danışmaq istəyirəm. Tərcüməçisi də istəyimi ona çatdırdı. Amma nə qədər gözləsəm də Foqtsdan bir səs çıxmadı. Belə başa düşdüm ki, mənimlə danışmaq istəmir.
- Millimizin Rusiyayla oyunundan nə gözləyirsən?
- Millidə oynayanların əksəriyyəti azərbaycanlı uşaqlardı, onlar da meydanda canlarını qoyacaqlar. Məşqçilik orda heç nə yoxdur. Nəticə qazansaq da, onu futbolçular qazanacaq, məşqçi yox. Öz istəklərinin, iradələrinin nəticəsində. Tam qəlbimlə istəyirəm ki, millimiz Moskvadan yaxşı nəticəylə qayıtsın. Amma çox çətin olacaq.       

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı