Yunis Hüseynov: “Futbolçularımda əvvəlki kimi qələbə istəyi yoxdur”

Yunis Hüseynov: “Futbolçularımda əvvəlki kimi qələbə istəyi yoxdur”
PREMYER LİQA 23 Mart 2009 / 14:14 4212
-  A +

“Karvan”ın baş məşqçisi Yunis Hüseynov uzun müddətdir sürən uğursuzluq seriyasının səbəbləri haqqında Qol.Az-a müsahibə verib


- Yunis müəllim, cizcə, “Karvan”ın turda “Qəbələ”yə bu cür böyük hesabla məğlubiyyətinin səbəbi nə oldu?
- Hələ bunu mən özüm də bilmirəm. Birinci dəqiqədə qol buraxmağımız bəlkə də mənfi təsirini göstərdi. İlk hissədə olduqca zəif oynadıq. Fasilədən sonra nisbətən fəallaşdıq və hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə irəli atıldıq. Ancaq bu zaman arxa xəttə boşluqlar buraxdıq və nəticədə daha 2 top buraxaraq böyük hesabla məğlub olduq.
- Hakimlikdən narazılığınız var?
- Yox, elə bir narazılığım olmadı. Düzdür, Elçin Məmmədovun hakimlik dərəcəsinin o qədər də yüksək olduğunu düşünmürəm. Bununla belə, nəticəyə təsir edəcək səhvə yol vermədi. Sadəcə biz oynaya bilmədik.
- Deməli, “Qəbələ” qələbəyə layiq idi?
- Hə.
- İlk dövrənin son turlarını da saysaq, “Karvan” haradasa 7-8 oyundur ki, qələbə üzü görmür. Bu uğursuzluğu nədə görürsünüz?
- Açığı, bunu özüm də bilmirəm.
- Amma görünür, komandada problem var.
- Problem var. Məsələn, ən böyük problem odur ki, qol vura bilmirik. Bir də futbolçularımda əvvəlki kimi qələbə istəyi yoxdur. Yəni onlar istəklə oynamırlar.
- Klubunuzda maliyyə problemi olduğu deyilir. Bəlkə uğursuzluqların başında bu amil durur?
- (Bir qədər fikirləşir) Yox, maddi baxımdan elə böyük bir problem yoxdur. Araşdırırıq da, görək səbəb nədir.
- Maddi problem olan halda futbolçuda istəyin olmaması təbiidir. Bu arada futbolçuların maaşları vaxtlı-vaxtında verilir, yoxsa gecikmələr olur?
- Gecikmələr olsa da, maaşlarını alırlar. Uğursuzluqlarının səbəbini bununla bağlamazdım. Dedim axı, araşdıracağıq.
- Hər halda bu mövsüm də “Karvan”ın avrokuboklara vəsiqə qazanması mümkün olmadı. Növbəti mövsüm haqqında nə düşünürsünüz?
- Mənim özümün mayda klubla müqaviləm başa çatır. İlk növbədə klubda qalıb-qalmayacağım bilinməlidir ki, sonra növbəti mövsüm haqqında planlar çızılsın.
- Növbəti mövsümdən çempionatda yenidən “6-lıq” sistemi tətbiq olunacaq. Buna münasibətiniz?
- Yaxşı tərəfi odur ki, oyunların sayı çoxalacaq. Bundan başqa, mübarizə daha da gərginləşəcək. Çünki hamı çalışacaq ki, “6-lığ”a düşsün. Orada isə medallar uğrunda gərgin mübarizə gedəcək. Bundan başqa, çox oyun oynamaqla futbolçuların fiziki gücü də artacaq. Yenə deyirəm, bu sistem çempionatın səviyyəsini artıracaq.
- Belə düşünmürsünüz ki, bu, eyni zamanda oyun alqı-satqısına da yol açacaq? 3-4 turdan sonra çempionluq şansını itirən komandalarla elitada yerlərini təmin edənlər başlayacaqlar digərlərinə oyun satmağa. Hər halda, bu cür düşünənlər az deyil.
- Oyun alqı-satqısının olacağına inanmıram. Nə bilim, bəlkə də oldu. Bilirsiniz, birmənalı nəsə demək çətindir. Amma açığı, mənim ağlım kəsmir. Çünki, 1-2 oyun uduzmaqla hər şey həll olunmur. Hər kəs sona qədər mübarizəsini davam etdirəcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"