Xalid Novruzov AFFA-dan çıxarıldı

Xalid Novruzov AFFA-dan çıxarıldı
ÖLKƏ FUTBOLU 26 Noyabr 2008 / 19:44 4548
-  A +

AFFA rəhbərliyinin 15 yaşlılardan ibarət milli komandada (U-15) çıxış edən dörd futbolçuya qarşı sərt tədbir gördüyü haqda məlumat vermişdik. "Lipa"lara qarşı mübarizə məqsədilə yaradılan komissiya həmin futbolçuları yaşları süni şəkildə azaldıldığından yığmadan uzaqlaşdırmışdı. Bu futbolçular "Neftçi", "İnter" və "Bakı" klublarının şərəfini qoruyurlar.

Bildirilir ki, U-15-dəki vəziyyəti araşdırmaq tapşırığı əvvəlcə AFFA-nın Texniki və Tərəqqi Departamentinin tərkibində fəaliyyət göstərən uşaq və gənclər futbolunun inkişafına dəstək üzrə komissiyanın eksperti Xalid Novruzova həvalə olunub. Ancaq o, federasiya rəhbərliyinə heç bir problem olmadığını deyib.

Bu gün Qol.Az-ın əldə etdiyi məlumata görə, bundan sonra X.Novruzov AFFA-dan xaric olunub. X.Novruzov əməkdaşımızla söhbətində xəbəri təsdiqləyib. Onun sözlərinə görə, ötən həftənin cümə günü baş katib Elxan Məmmədov onu federasiyadan kənarlaşdırıb. X.Novruzov qeyd edib ki, əmri verilməklə işdən çıxarılıb və bunun səbəbi izah olunmayıb: "Rəhbərliklə hələlik danışmamışam. Bununla bağlı görüşəcəyik". AFFA rəhbərliyini "lipalaşdırma" faktını gizlətməklə aldatmadığını deyən Novruzov özünü günahkar hesab etmədiyini bildirsə də, sərt addım atmayacağını vurğulayıb: "Dava etməyəcəyəm ki?! Söhbət edib, qurtaracağıq".

 

Daha çox


Son xəbərlər