Qapıçı Nizami Sadıqov: "Mən 21 yox, 24 qol vurmuşam"

XƏBƏR 5 Mart 2009 / 14:57 3924
-  A +

“Bu cür göstəriciyə imza atdığıma görə çox sevinirəm. Azərbaycan futbolunun adını yüksətdiyimə görə şadam”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandamızın və “Turan”ın keçmiş qapıçısı Nizami Sadıqov dünyanın ən çox qol vuran qapıçıları sırasına düşməsinə münasibət bildirərkən deyib. Hazırda “Qarabağ”da qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərən Sadıqov vurduğu qolların hamısının onun üçün əziz olduğunu bildirib: “Futbol həyatında bu cür şeylər olur. Tarixə düşə bilmişəmsə, bu mənimçün böyük fəxrdir. Amma məndən də güclü qapıçılar olub. Bununla belə, karyeram ərzində vurduğum qolların hamısı mənim üçün əzizdir. Düzdür, üstündən xeyli vaxt keçdiyinə görə, həmin qolları xatırlamıram”.
Rəqip qapısından keçirdiyi 21 qolun 12-ni penaltidən, qalanını isə oyun epizodundan vuran Sadıqov hesab edir ki, penalti yerinə yetirmək daha çox məsuliyyət tələb edir: “Düzdür, qollarımın əksəriyyətini penalti və ya cərimə zərbəsindən vurmuşam. Amma düşünürəm ki, penalti vurmaq daha çox məsuliyyət tələb edir”.
Sonda isə keçmiş qolkiper bildirib ki, karyerası ərzində 21 deyil, 24 qol vurub: “Səhv etmirəmsə, mən karyeram ərzində 21 deyil, 24 qol vurmuşam. Amma eybi yoxdur. Bu, elə də böyük əhəmiyyət daşımır”.  



Son xəbərlər