Ağasəlim Mircavadov: “Millinin futbolçularına istirahət verilməlidir»

Ağasəlim Mircavadov: “Millinin futbolçularına istirahət verilməlidir»
ÖLKƏ FUTBOLU 4 Mart 2009 / 17:57 2866
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Qol.Az-a müsahibəsi

- Ağasəlim müəllim, milli komandanın qısa müddətli Almaniya toplanışını nə dərəcədə faydalı saymaq olar?
- Bu, plan üzrə olan bir təlim-məşq toplanışıdır. İstənilən toplanışın faydası olmalıdır. Amma bir məsələ var ki, belə toplanışlardan əvvəl klub məşqçilərinin də razılığı alınmalıdır.
- Bu arada millimiz yoldaşlıq görüşü çərçivəsində “Ayntraxt”a 0:1 hesabı ilə məğlub olub.
- Bu, yoxlama görüşüdür. Əsas nəticə rəsmi oyunlarda olmalıdır. Bir məsələ də var ki, futbolçulara istirahət verilməlidir. Millinin şərəfini qoruyanların əksəriyyəti iddialı klubların futbolçularıdır. Təsəvvür edin, ardıcıl kubok və çempionat oyunlarından sonra futbolçular Almaniyaya təlim-məşq toplanışına aparılır. Martın 5-də qayıdacaqlar və həftəsonu növbəti turun oyunları keçiriləcək. Növbəti həftə ölkə kubokunun oyunları və yenə çempionatın növbəti turu var. Bu cür qrafik futbolçuları çox yorur.
- Foqts Premyer Liqanın son turunda MOİK-“Simurq” qarşılaşmasını izləyərkən İsmayıl Məmmədovun oyununu çox bəyənib və köməkçilərinə irad tutub ki “niyə indiyə kimi Azərbaycanda belə bir futbolçunun olmasından mənim xəbərim yoxdur”. Bu onu göstərmirmi ki, millinin məşqçiləri işlərinə məsuliyyətlə yanaşmırlar?
- İsmayıl “Şəmkir”də rəhbərliyim altında oynayıb. Bu, çox mənfi haldır ki, Foqtsun İsmayıl kimi futbolçudan xəbəri yoxdur. Çünki Məmmədov sol ayaqla oyununu görə Azərbaycanda bir nömrədir. O ki qaldı milli məşqçilərinin fəaliyyətinə, bəli, onlar bütün çempionat oyunlarını izləməlidirlər. Mən millinin baş məşqçisi olanda özüm gedib oyunlara baxırdım. Özü də bunun üçün əyalətlərə daha çox səfər etmək lazımdır. Çünki ən güclü futbolçular bölgələrdədir. Məsələn, mən dəfələrlə Tovuzda, Gəncədə, Mingəşevirdə oyunlara baxmışam. Hətta gedə bilmədiyim oyunların hakimlərindən və hakim-inspektorlarından xahiş edirdim ki, birdən diqqətinizi çəkən hansısa futbolçu olsa, qayıdan kimi mütləq mənə deyin. İndi də belə olmalıdır. Belə düşünürəm ki, milli məşqçiləri təkcə elita yox, hətta birinci divizionun iddialı komandalarının iştirakı ilə olan oyunlara da baxmalıdırlar. Həmin komandaların heyətində də yaxşı futbolçular ola bilər.
- Ramal Hüseynov verdiyi son müsahibəsində Berti Foqtsun onu milli komandaya məhz “Kocaelispor”da ehtiyatda qalmasına görə çağırmamasına belə münasibət bildirib ki “Türkiyə Super Liqasında oynayan klubun heyətində məşq etmək Azərbaycan çempionatında oynamaqdan daha çox xeyirlidir”. Sizcə Hüseynov bu sözlərində nə dərəcədə haqlıdır?
- Türk klublarının hansı sistemlə hazırlıq keçdiyini dəqiq bilmirəm. Amma o şübhəsizdir ki, Foqtsun köməkçiləri ölkə xaricində oynayan futbolçuların oyunlarını mütləq izləməlidirlər. Elə yeri gələndə Foqts da bunu etməlidir. Burada bütün məsuliyyəti baş məşqçinin köməkçilərinin üzərinə atmaq doğru olmazdı. Məsələn, yaxın münasibətdə olduğum rusiyalı məşqçilər mənə məlumat verirlər ki, Quss Hiddink özü Rusiya çempionatında oynayan bütün komandaların oyunlarını canlı izləyib. Səhv etmirəmsə, yalnız “Terek”in oyununa baxmayıb və yəqin ki, tezliklə Qroznıda da olacaq. Hollandiyalı hətta birinci divizionun qarşılaşmalarını da izləyir. Bunu onun millidəki köməkçisi Borodyuk daha dəqiq təsdiq edə bilər.
- Həmişə verdiyiniz açıqlamalarda deyirsiniz ki, Rusiyadan xal gətirmək olar...
- İndi də bu fikirdəyəm. Əsas istəyin olmasıdır. Əgər Rusiyanın gücündən qorxursansa, o zaman Moskvaya nəyə gedirsən? Getmə, qoy, texniki məğlubiyyət versinlər də. Yenə də deyirəm, rəqibin kimliyindən qətiyyən qorxmaq lazım deyil. Çıxıb öz oyunumuzu oynamalıyıq. Çalışmalıyıq, rəqibə boşluq verməyək. Çünki hamımız bilirik ki, ruslar cinahlarda çox təhlükəli oynayırlar. Bir də unutmayaq ki, Moskvada iki milyon azərbaycanlı yaşayır və bu, bizim üçün böyük üstünlükdür. Təsəvvür edirsiniz, mən “Neftçi” və “Xəzər-Lənkəran”la “Birlik Kuboku”nda oynayanda onlar bizi necə dəstəkləyirdilər? Arenaya 4-5 min azarkeş gəlirdi. O izdihamı, dəstəyi görəndə gözümüz yaşarırdı.
- Çempionat oyunlarını izləyirsiniz. Sizcə əvvəlki illərlə müqayisədə artım var?
- Artım legionerlərin sayındadır.
- Oyun planında irəliləyiş yoxdur?
- Yox, nə irəliləyiş?
- Sözlərinizdən belə başa düşdüm ki, klublarda əcnəbi futbolçuların çoxluğunun o qədər də tərəfdarı deyilsiniz. Amma sizin vaxtınızda “Xəzər-Lənkəran”da gəlmələr az deyildi.
- Mən məsləhət görədrim ki, statistikaya baxasınız, onda özünüz də görəcəksiniz ki, işlədiyim dövrlərdə daha çox yerli futbolçulara güvənmişəm. “Xəzər-Lənkəran”da da belə olub “Neftçi”də də. Legioner oynatmışam, amma, həmin legioner yerlidən birbaş üstün olub. Ümumiyyətlə rəhbərlik etdiyim klublarda çalışmışam ki, meydançaya çıxan əcnəbilərin sayı 4-ü keçməsin.
- İstərdik bir məsələyə də aydınlıq gətirəsiniz. Son vaxtlar yayda ya “Neftçi”yə, ya da “Qarabağ”a baş məşqçi geçəcəyinizlə bağlı söhbətlər səngimək bilmir. Bu informasiyalar nə dərəcədə doğrudur?
- Gərək ortada real bir fakt ola ki, ona əsasən fikir yürüdəsən. Mənə adı çəkiklən klubların heç birindən rəsmi təklif olmayıb. Belə olan halda hansısa fikir söyləməyə də ehtiyac qalmır.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq