Ali Cansun: «Neftçi»dən getmək fikrim yoxdur»

Ali Cansun: «Neftçi»dən getmək fikrim yoxdur»
MÜSAHİBƏ 17 Fevral 2009 / 14:02 6893
-  A +

«Neftçi»nin türkiyəli hücumçusu Ali Cansunun Qol.Az-a müsahibəsi

- İkinci dövrənin ilk turunda «Standart»la qarşılaşdınız və komandan sənin vurduğu qol sayəsində qələbə qazandı.
- İkinci dövrəyə qələbə ilə başladığımıza görə çox şadam. Qələbə gətirən qola imza atmağım isə sevincimi daha da artırır. Amma önəmli olan mənim qol vurmağım yox, komandanın qələbəsidir. «Standart»la oyunda meydana yalnız qələbə üçün çıxmışdıq. Çünki dövrələrarası fasilədə çox yaxşı hazırlıq keçmişdik və elə ilk oyundaca bunun bəhrəsini görmək istəyirdik.
- Oyundan əvvəl qol vuracağını gözləyirdin?
- İnanın ki, qol vuracağımı əvvəldən hiss etmişdim. Hətta oyunun gedişində hesab 1:1 olarkən, ehtiyat oyunçular skamyasında yanımda əyləşən komanda yoldaşıma «meydana çıxsam, mütləq qol vuracağam» deyirdim. Buna nail olduğumu üçün çox şadam.
- İkinci dövrəyə 3 xalla start verdiniz. Amma qələbə seriyasını davam etdirmək heç də asan olmayacaq. Çünki qarşıda sizi çempionluğa iddialı «Bakı»yla oyun gözləyir. Bu matç haqda nə düşünürsən?
- Əlbəttə, «Bakı» ilə görüş çətin keçəcək. Çünki rəqibin heyəti çox güclüdür və onlar çempionluğa oynayırlar. Amma biz də asan təslim olmaq fikrində deyilik. Sona qədər meydanda vuruşacağıq. Düzdür, çempionluq şansımız demək olar ki, yoxdur. Amma bu o demək deyil ki, kimlərəsə asanlıqla xal verəcəyik. Fasilə dövründə yaxşı hazırlıq keçmişik, heyətimiz güclənib. Buna görə də ikinci dövrədə hər oyuna qələbə üçün çıxacağıq. Rəqibin kimliyinin isə fərqi yoxdur. Çünki məqsədimiz birdir - hər oyundan qələbə ilə ayrılmaq.
- Fasilə dövründə «Neftçi»nini heyətinə xeyli sayda yeni futbolçu qoşuldu. Onların səviyyələri barədə nə deyə bilərsən?
- Onların demək olar ki, hamısı sözünü demiş futbolçulardır. İnanıram ki, onların sayəsində ikinci dövrədə komandamız daha  yaxşı çıxış edəcək.
- Yenilər arasında hücumçular da var. Onlarla rəqabətdən çəkinmirsən ki?
- Yox. Rəqabət hamımızın xeyrinədir. İnkişaf etmək, daha yaxşı nəticə əldə etmək istəyiriksə, komandada mütləq rəqabət olmalıdır. Bu halda istər-istəməz məsuliyyət hissi daha da artır.
- İlk dövrədə xeyli xal itirdiyindən «Neftçi»nin çempionluq şansı yox dərəcəsindədir. Digər komandalardan hansıları favorit qismində göstərə bilərsən?
- Premyer-liqada güclü komandalar çoxdur. Amma fikrimcə, çempionluğa iki iddalı var ki, onlardan biri növbəti turda qarşılaşacağımız «Bakı», digəri isə son çempion «İnter»dir. Digər komandaların gücünü kiçiltmək istəmirəm. Amma fikrimcə, çempionluq mübarizəsi məhz bu iki komanda arasında gedəcək. Şanslar isə 50-50-yədir.
- Bəs, «Neftçi»dən cari mövsümdə nə gözləcəyək?
- Bayaq da qeyd etdiyim kimi, ilk dövrədə çox xal itirdiyimizdən çempionluq bizim üçün xəyaldır. Əsas məqsədimiz kuboku qazanmaqdır. Bunu bacarsaq, yayda Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ da əldə edəcəyik. Bütün komanda yoldaşlarım kimi, mən də məhz bu məqsədə çatmaq üçün mübarizə aparırıq.
- Mövsümün sonunda «Neftçi»ni tərk etmək barədə düşünmürsən ki?
- Yox. Klubla hələ il yarımlıq müqaviləm var və bu sözləşmənin sonunadək burada çıxış etmək istəyirəm. Müqaviləm başa çatdıqdan sonra isə yenidən təklif gələcəyi halda, var gücümlə «Neftçi»nin uğurları üçün çalışmağa hazıram.
- Mövsümlərarası fasilədə Ahmet Dursun, Fatih Sonkaya kimi Türkiyədə sözünü demiş futbolçular Azərbaycana gəldilər. Ahmet və Fatihlə burada görüşə bilmisən?
- Yox, onlarla görüşməyə hələ imkanım olmayıb. Amma bir şeyi də deyim, əminəm ki, növbəti mövsümdən Azərbaycan çempionatında daha səviyyəli türkiyəli futbolçulara rast gələcəyik. Mən fasilə dövründə vətənimə yollanarkən, orada hər kəsə Azərbaycan futbolundan danışdım. Bildirdim ki, Azərbaycanda futbola böyük diqqət ayrılır. Burada futbolu inkişat etdirmək üçün hər cür şərait yaradılıb. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan futbolu Avropada da sözünü deyəcək.
Sonda onu deyim ki, Azərbaycanda ən güclü azarkeş ordusu «Neftçi»yə məxsusdur. Lakin oyunlarımız zamanı stadionda az sayda tərəfdar olur. Bu boşluğun aradan qaldırılmasını çox istəyirəm. Arzu edirəm ki, oyunlarımızı zamanı arenaya indikindən qat-qat çox azarkeş toplaşsın.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı