İlk dövrənin çempionu “Neftçi” olacaq yoxsa “Xəzər Lənkəran”?

İlk dövrənin çempionu “Neftçi” olacaq yoxsa “Xəzər Lənkəran”?
PREMYER LİQA 30 Oktyabr 2010 / 00:05 3373
-  A +

Bu gün Unibank Premyer Liqasında 11-ci turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, bu turun oyunlarıyla həm də ilk mərhələnin birinci dövrəsinə yekun vurulmuş olacaq. Artıq “ekvator xəttinə” yaxınlaşan bu mərhələnin birinci dövrəsinin son turu bir sıra maraqlı qarşılaşmalarla zəngin olacaq.
İlk oyun günündə həmişəki kimi 3 qarşılaşma baş tutacaq. Tovuzda iki autsayderin dueli baş tutacaq. “Turan” turlar keçdikcə daha da geriləyən və həftəiçi birinci divizion klubu “Abşeron”a yenilməklə, ölkə kubokundan kənar qalan MOİK ilə dueldə ilk qələbəsini qazanmağa çalışacaq. Hər halda “Simurq” keçirdiyi 10-cu oyununda məhz “hərbçilər”i yenməklə ilk 3 xalını qazandığı kimi, Revaz Dzodzuaşvilinin gəlişiylə özünü doğrultmağa çalışan Tovuz təmsilçisi belə imkan maksimum yararlanmalıdır. Əks halda tovuzlular ikinci dövrəyə elə sonuncu pillədə və qələbəsiz adlayacaq.
Bu qarşılaşmayla eyni vaxtda Bakıda AZAL “Muğan”la münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi liderlər qrupundakı mövqeyini möhkəmləndirməyə çalışacaqsa, Salyan klubu da uğursuzluq zolağından çıxmaq istəyir. Almir Hurtiçin yetirmələri əksər iddialılar üçün ciddi başağrına çevrilsə də, Nazim Süleymanovun komandası da son turda “Qəbələ”dəki xal itkisini təkrarlamaq istəmir.
İlk oyun gününün son qarşılaşması isə turun mərkəzi görüşü hesab olunur. Çünki ev oyunlarını mərkəzi arenada keçirməyə başlayan “Qarabağ” doğma azarkeşlərinin gözü qarşısında “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Hansı ki, əsas rəqibi “Neftçi”ni də çətin oyun gözlədiyindən Mirça Rednikin komandası bu fürsətdən istifadə edib, zirvəni ələ keçirmək istəyir. Amma mövsümə yaxşı başlamamasına rəğmən, Qurban Qurbanovun komandası hazırda çox yaxşı irəliləməkdədir və cənub təmsilçisinə qarşı da ciddi müqavimət göstərəcəyi dəqiqdir. Axı ağdamlılar qalib gələcəyi halda, özləri “Xəzər Lənkəran”ı qabaqlamaq imkanına malik olacaq.
Sabah isə “Gəncə” doğma meydanda “Qəbələ”ni, "Simurq" isə "İnter"i qəbul edəcək. Gəncədəki oyun daha prinsipial və gərgin keçəcək. Hər halda son turda “Neftçi”yə 2:6 hesablı biabırçı yenilgisinə baxmayaraq, Fuad İsmayılovun komandası elə ondan əvvəl “Xəzər Lənkəran” üzərində 4:1 hesablı sensasion qələbə qazanmışdı. Məhz bu üzdən azarkeşləri önündə bəraət qazanmağa çalışacaq meydan sahiblərinin Toni Adamslı “Qəbələ”yə çətin anlar yaşadacağı dəqiqdir. Mövsümə yaxşı başlamasa da, ardından məğlubiyyətsiz oyunlar seriyası yaxalayan qəbələlilərin çətin səfərdən üzüağ dönüb-dönməyəcəyi böyük maraq doğurur. Bu qarşılaşmayla eyni vaxtda keçiriləcək “Simurq” – “İnter” görüşündə isə qonaq komandalanın asan qələbəyə sevinəcəyi şübhə doğurmur.
Nəhayət hesabat turuna “Neftçi” və “Bakı” arasındakı paytaxt derbisiylə yekun vurulacaq. Əslində hər iki komanda ev oyunlarını mərkəzi arenada keçirdiyindən, “zolaqlılar”ın ev sahibliyi, “ağ-qaralar”ın qonaqlığı isə tam formal xarakter daşımış olacaq. Bu klublar hazırkı mövqeyinə görə xeyli fərqli mövqelərdə olsalar da, prinsipiallıq yenə yüksək səviyyədədir. Hər halda uduza-uduza gedən “Bakı” mütləq qələbə qazanmaqla, bəraət qazana bilər. Əks halda Vinfrid Şeferin vəziyyəti daha da ağırlaşmış olacaq. “Neftçi” isə zirvədəki mövqeyini qorumaq üçün xal itkisiylə üzləşmək istəmir. Əks halda əzəli rəqib “Xəzər Lənkəran” “Qarabağ”ı yensə, yenidən vahid lider ola bilər.

Unibank Premyer Liqası
11-ci tur
30 oktyabr (şənbə)

"Turan" - MOİK
Hakimlər: Əmrah İbrahimov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Zahid Həşimov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.

AZAL - "Muğan"
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Elşən Acalov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.

"Qarabağ" - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Mehman Mahmudov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.

31 oktyabr (bazar)

"Gəncə" - "Qəbələ"
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asif Namazov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.

"Simurq" - "İnter"
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.

"Bakı" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:15.

1 "Neftçi" 10 7 2 1 23-6 23
2 "Xəzər Lənkəran" 10 6 3 1 12-5 21
3 "İnter" 10 6 1 3 8-8 19
4 AZAL 10 5 3 2 14-6 18
5 "Qarabağ" 10 5 3 2 12-6 18
6 "Qəbələ" 10 4 2 4 8-7 14
7 "Gəncə" 10 3 5 2 17-15 14
8 "Bakı" 10 3 3 4 12-13 12
9 "Muğan" 10 2 4 4 6-9 10
10 "Simurq" 10 1 3 6 9-18 6
11 MOİK 10 1 1 8 4-22 4
12 "Turan" 10 0 4 6 7-17 4

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı