Avrokubok nəhənglərimiz 19-cu dəfə üz-üzə

PREMYER LİQA 20 Oktyabr 2010 / 01:44 3216
-  A +

Bu gün Unibank Premyer Liqasının 4-cü turundan təxirə salınmış 1 oyun keçiriləcək. Qol.Az-ın məlumatına görə, “Qarabağ” “Bakı”nı qəbul edəcək. Lakin əslində hər iki komanda ev oyunlarını məhz mərkəzi arenada keçirdiyindən, qonaq və meydan sahibi anlayışları nisbi xarakter daşıyır. Hazırda Premyer Liqada 9 turdan sonra yeganə baş tutmayan qarşılama olan “Qarabağ” – “Bakı” görüşüylə həm də bütün iştirakçı klubların keçirdikləri oyun sayı bərabərləşmiş olacaq. Xatırladaq ki, bu oyun avqustun 29-da keçirilməli olsa da, həmin vaxt Ağdam klubunun Avropa Liqasındakı çıxışıyla əlaqədar PFL tərəfindən təxirə salınmışdı.
“Qarabağ”la “Bakı” bu gün tarixlərində 19-cu dəfə qarşı-qarşıya gələcəklər. Bu tarixi rəqabətdə paytaxt təmsilçisi milli çempionatda, Ağdam klubu isə kubok oyunlarında böyük üstünlüyə malikdir. “Zolaqlılar” çempionatda bu rəqibini 6 dəfə yendiyi halda, ağdamlılar belə uğura cəmi 3 dəfə nail ola bilib. “Qarabağ” isə ölkə kubokunda bu rəqibi üçün keçilməzdir. Hər halda indiyədək iki dəfə kubokda rəqib olan tərəflərin mübarizəsindən qalib ayrılan tərəf məhz Ağdam klubu olub.
Son illərdə isə bu iki klub daha çox avrokuboklardakı ən yaxşı təmsilçilərimizə çevrilməsiylə yadda qalmaqdadı. Bu mənada avrokubokların hazırkı mövsümü “Bakı” üçün heç də uğurlu alınmadı. Komandamız kuryoz bir olay nəticəsində layiq olmadığı aqibətlə üzləşdi. Məhz bu üzdən psixoloji gərginlik keçirən və xeyli xal itkisiylə üzləşən Vinfrid Şeferin komandası yenicə özünə gəlməyə başlayıb. “Zolaqlılar”dan fərqli, “Qarabağ” bu il də uğurlu çıxışıyla hamımızı sevindirsə də, cari mövsüm bu komandanın da çıxışı qeyri-sabitliyi ilə seçilir. Elə buna görə də, tərəflərin bu günkü qarşılaşmasında tərəflərdən hansınınsa qələbə qazanmaq şansını yüksək qiymətləndirmək, fərqləndirmək olmur. Sadəcə hər iki komandanın düşərgəsində müəyyən itkilər diqqət çəkir ki, onların da nəticəyə nə dərəcədə təsiri olacaq, bunu zaman göstərəcək. Maraq üçün sadəcə onu qeyd edək ki, “Qarabağ”ın heyətində zədəsi olan Maksim Medvedyevlə Samir Abasovun yoxluğu diqqət çəkir. “Bakı”da isə braziliyalı hücumçu Jaba diskvalifikasiyalı olduğundan “Qarabağ”la görüşdə də iştirak edə bilməyəcək. Joel Epalle yenicə əməliyyat olunub və hazırda komandasına kömək edə biləcək səviyyədə deyil.
“Qarabağ”la “Bakı”nın bu günkü oyununu prinsipiallaşdıran əsas məqamlardan biri də millimizin hücumçusu Vaqif Cavadovla bağlıdır. Axı bu futbolçu vaxtilə məhz Ağdam klubunda parlayıb, üzə çıxsa da, Hollandiya “Tvente”sindəki uğursuz legioner həyatının ardından “Bakı”nın şərəfini qorumağa üstünlük verdi. İndi hər kəs Vaqifin köhnə komandasına qarşı necə çıxış edəcəyini gözləyir.

Unibank Premyer Liqası
4-cü turun oyunu
20 oktyabr (çərşənbə)

"Qarabağ" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aleksandr Musatkin, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.

1 "Neftçi" 9 6 2 1 17-4 20
2 "Xəzər Lənkəran" 9 5 3 1 10-5 18
3 AZAL 9 5 2 2 14-6 17
4 "İnter" 9 5 1 3 7-8 16
5 "Qarabağ" 8 4 2 2 10-6 14
6 "Gəncə" 9 3 5 1 15-9 14
7 "Qəbələ" 9 4 1 4 8-7 13
8 "Bakı" 8 3 3 2 12-10 12
9 "Muğan" 9 2 3 4 6-9 9
10 MOİK 9 1 1 7 4-20 4
11 "Turan" 9 0 4 5 7-15 4
12 "Simurq" 9 0 3 6 7-18 3


Son xəbərlər