Toni Adams: “Yığmanızı azərbaycanlı mütəxəssis çalışdırmalıdır”

Toni Adams: “Yığmanızı azərbaycanlı mütəxəssis çalışdırmalıdır”
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2010 / 00:01 3116
-  A +

“Qəbələ klubunun ingiltərəli baş məşqçisi Toni Adams Qol.Az saytının suallarını cavablandırıb. Ölkəmiz, çalışdırdığı komanda, eləcə də millimiz haqda müxtəlif suallara cavab verən mütəxəssisin müsahibəsini təqdim edirik:
- İngilis futbolu adətən uzun ötürmələri və başla oyunu ilə fərqlənir. Hər kəs sizin də bu taktikaya sadiq qalacağınızı gözləyirdi. Lakin “Qəbələ” daha çox yerlə oyuna üstünlük verir. Bu nə ilə əlaqədardır?
- Bildiyimiz kimi, “Qəbələ” Azərbaycan klubudur. Əgər baş məşqçi ingilisdirsə, bu o demək deyil ki, klubu da ingilis futbolu oynamalıdır. Mən şəxsən özüm yerdən oynamağa üstünlük verirəm. Lakin “Qəbələ”nin vurduğu qolların əksəriyyəti başla olub. Həm də ki, çempionatda cəmi 8 tur arxada qalıb. Düşünürəm ki, komandanın həqiqi taktikası qarşıdakı turlarda ortaya çıxacaq.
- İngilis azarkeşləri ilə Azərbaycan azarkeşləri arasında hansı oxşar və fərqli cəhətlər var?
- Oxşar cəhətləri odur ki, hər iki ölkənin azarkeşləri stadiona komandalarını dəstəkləmək üçün gəlirlər. Komandaları məğlub olsa belə, ondan inciyə bilmirlər. Fərqli cəhətləri isə odur ki, İngiltərədə həm Premyer Liqa, həm də aşağı divizion oyunlarında stadionlara daha çox azarkeş gəlir və onlar axıra qədər komandalarını dəstəkləyirlər. Azərbaycanda isə bunu görmək mümkün deyil. Oyunun sonlarına az qalmış stadiondakı boşluqlar aşkar nəzərə çarpır. Təbii ki, 12-ci oyunçu hesab edilən azarkeşlərin stadionlara müntəzəm gəlməsi komandanın oyunlarına da müsbət təsir göstərir.
- Bir vaxtlar sizin içki ilə probleminizin yaranmışdı. Hazırda bu probleminiz aradan qalxıbmı?
- Doğrudur, “Arsenal”da oynadığım vaxtlar içki ilə bağlı səhhətimdə problem yaşanmışdı. Lakin mən artıq 14 ildir ki, içki içmirəm. Hətta pivədən də uzaqlaşmışam. Məhz buna görə də, özümü çox yaxşı hiss edirəm.
- Azərbaycanda daha hansı klubda işləmək istərdiniz?
- Hələ ki, heç bir klubdan təklif almamışam. Əgər təklif alsam da, bunu qəbul etməyəcəm. Çünki mən bütün diqqətimi “Qəbələ”yə yönəltmişəm. Buradakı işimi başa çatdırmalıyam. Hazırda nəinki Azərbaycan klublarından, hətta dünyanın heç bir ölkəsindən təklif gözləmirəm.
- AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Avstriya - Azərbaycan oyunu haqqında nə deyə bilərsiniz?
- Oyunun yalnız birinci hissəsinə baxdım. Azərbaycan millisi oyunun əvvəlində qol buraxmasına baxmayaraq, ümumilikdə yaxşı təsir bağışladı. Lakin ikinci hissə tamamilə Avstriyanın üstünlüyü şəraitində keçdi. Düşünürəm ki, Avstriya Azərbaycan yığmasından daha güclü komandadır. Bu qrupda keçirilən digər qarşııaşmaya – Almaniya - Türkiyə oyununa gəldikdə isə almanlar qrupun aşkar favoriti olduqlarını bir daha sübut etdilər. Məncə, artıq şərhə ehtiyac yoxdur.
- Bu seçmə mərhələdə Azərbaycan millisinin şanslarını necə dəyərləndirirsiniz?
- Azərbaycan millisi olduqca çətin bir qrupa düşüb. Burada xal qazanmaq heç də asan deyil. Lakin komandanızın Qazaxıstana qalib gəlmək şansı var. Əgər Foqtsun yetirmələri bunu bacarsa, qrupda beşinci yeri tuta bilər.
- Sizcə Berti Foqtsun Azərbaycan millisinin baş məşqçi postuna gətirilməsi düzgün addımdır?
- Bu suala fikir bildirmək istəmirəm. Çünki bu çox siyasi bir sualdır. Berti Foqtsa böyük hörmətim var. Onun Almaniya millisi ilə Avropa çempionluğunu qazandığını hamı bilir. Gələcək işlərində də ona uğurlar arzulayıram.
- Azərbaycan millisinə dəvət alsanız, bu təklifi qəbul edərsiniz?
- Birmənalı şəkildə “xeyr” deyirəm. Çünki Azərbaycan millisinin baş məşqçisi məhz azəri olmalıdır. Nəinki Azərbaycan, hətta bütün dünya yığmalarında baş məşqçilərin yerli olmasını daha məqsədəuyğun sayıram. Məncə yerli məşqçilər yığmaya daha çox can yandırır. Çox təəssüf ki, İngiltərənin də baş məşqçisi italyandır. Məhz buna görədir ki, İngiltərə millisi uğur qazana bilmir. Lakin mən İngiltərə millisinə dəvət alsam, bu təklifi məmnuniyyətlə qəbul edərəm. 
- Azərbaycanda ən çox nəyi bəyəndiniz?
- Azərbaycan əhalisi çox istiqanlı və qonaqpərvərdir. Buranın təbiəti də məni valeh edir. Bakının çox cəlbedici görünüşünün olması danılmazdır. Lakin bununla belə, burada ən çox çay və paxlavanı bəyəndim.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın