Premyer Liqada liderlər üçün zirvə mübarizəsi

Premyer Liqada liderlər üçün zirvə mübarizəsi
PREMYER LİQA 1 Oktyabr 2010 / 12:41 3057
-  A +

Bu gün Unibank Premyer Liqasının 8-ci turuna start veriləcək. Qol.Az-ın məlumatına görə, bu mövsüm ilk dəfə cümə günü keçiriləcək ölkə çempionatının bu turunun bir gün öncəyə çəkilməsinin səbəbi yığmamızın AÇ-2012-nin seçmə mərhələsində Avstriya və Belçika ilə qarşıdakı oyunlarıdır.
Hesabat turuna Zaqatalada start veriləcək. Burada cari mövsümün qələbə üzünə həsrət iki komandasından biri olan “Simurq” ötən tur “Qarabağ”ı məğlub etməklə özündən söz etdirən “Qəbələ”ni qəbul edəcək. Qyoko Haciyevskinin komandası bu qarşılaşmada uğursuz seriyaya son qoyub, ilk 3 xalın sevincini yaşamaq istəyir.
Ötən tur sensasiyalı şəkildə Gəncədə məğlub olan son ölkə çempionu “İnter” bu dəfə “Muğan”la ev oyununda həmin uğursuzluğu unutdurmağa çalışacaq. Lakin cari mövsüm xeyli inamlı təsir bağışlayan Salyan klubu ilə qarşılaşma bakılılar üçün heç də asan keçməyəcək. Almir Hurtiçin komandasının hazırkı lider “Xəzər Lənkəran”la heç-heçə oynadığını, ölkə kubokunun sahibi “Bakı”nı yendiyini xatırlatsaq, yəqin ki, vəziyyətin nə yerdə olduğu aydınlaşar.
Nəhayət ilk oyun gününün son matçında iki paytaxt təmsilçisi öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər. “Muğan” kimi, cari mövsümün uğurla irəliləyən komandalarından olan AZAL səfərdə “Neftçi”nin qonağı olacaq. Bu mövsümə çox yaxşı başlayan “ağ-qaralar” yalnız ötən tur səfərdə əzəli rəqibi “Xəzər Lənkəran”a yenilməklə, vahid liderliyi əldən vermişdi. Məhz bu üzdən Arif Əsədovun komandası indi həmin yenilginin əvəzini “təyyarəçilər”dən çıxmağa çalışacaq. Ancaq Nazim Süleymanovun da komandası səfərə iddialı yollanır. Axı qələbə qazanacaqları halda, “təyyarəçilər” güclü rəqibini qabaqlayıb, ikinci pilləni ələ keçirə bilər. Məhz bu üzdən paytaxt derbisində ikincilik uğrunda gərgin mübarizənin şahidi olacağımız dəqiqdir.
Hesabat turuna sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. Cari mövsümün qələbə üzü görməyən digər komandası “Turan” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Ötən tur da səfərdə çıxış edən Ağdam təmsilçisi növbəti 3 xalını qazanmaqla, “Qəbələ” yenilgisini unutdurmaq istəyir. Son 4 ildə bu rəqibinə yenilməyən ağdamlıların Tovuzda məğlubiyyəti yenə də inandırıcı görünmür. Çünki son turda səfərdə “Bakı”ya yenilgidən sonra “Turan”da köklü dəyişiklərə əl atıldı və komanda yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Revaz Dzodzuaşvilinin debüt matçında nəyə qadir olduğu da üzə çıxmış olacaq.
MOİK isə “Gəncə”ni qəbul edəcək. Son ölkə çempionu üzərindəki qələbə bölgə təmsilçisini həvəsləndirib və onlar “hərbçilər”ə də eyni aqibəti yaşatmağa iddialıdırlar.
Nəhayət turun son – mərkəzi matçında “Xəzər Lənkəran” “Bakı”nı qəbul edəcək. Vinfrid Şeferin çalışdırdığı paytaxt təmsilçisi cari mövsümdə heç də özünə bənzəmir. Almaniyalı mütəxəssisin rumın həmkarı Mirça Rednikin “Xəzər Lənkəran”ında isə işlər yolundadır. Xüsusilə son turda Lənkəran klubunun əzəli rəqibi “Neftçi”ni yenməklə, vahid liderliyi ələ alması bölgə təmsilçisində özünəinamı daha da artırıb. Bu isə cənubluların “Bakı”dan ötən ildən qalma qisaslarını almaq üçün gözəl şans yaradır. Məlum olduğu kimi, “Xəzər Lənkəran” ötən mövsüm həm Premyer Liqa çərçivəsində bu rəqibi ilə oyunlarda yenilərək çempionluq şansını qaçırmış, həm də kubokun finalında böyük qalmaqala səbəb olan görüşü məğlub bitirməklə, mövsümü boşa vermişdi. Məhz bu üzdən meydan sahiblərinin növbəti qələbəsinin “Neftçi” ilə oyunda qazanılan 3 xaldan az əhmiyyət daşımadığı gün kimi aydındır.

Unibank Premyer Liqası
8-ci tur
1 oktyabr (cümə)

"Neftçi" - AZAL
Hakimlər: Əfqan Həmzəyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.

"İnter" - "Muğan"
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Elşən Acalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Nizami Şərifov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.

"Simurq" - "Qəbələ" 
Hakimlər: Ceyhun Haşımov, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00

2 oktyabr (şənbə)

"Turan" - "Qarabağ" 
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Ramiz Əsədov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.

MOİK - "Gəncə"
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, İsgəndər Əliyev, Zahid Həşimov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.

"Xəzər Lənkəran" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:00


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki