“Gəncə”nin unikal seriyasını “Qarabağ” da qıra bilməyəcək?

“Gəncə”nin unikal seriyasını “Qarabağ” da qıra bilməyəcək?
PREMYER LİQA 22 Sentyabr 2010 / 12:00 3409
-  A +

Bu gün Unibank Premyer Liqasında 2-ci turdan təxirə salınan bir oyun keçiriləcək. Qol.Az-ın məlumatına görə, avrokubokların cari mövsümündə uğurlu çıxışı ilə yenə ən böyük sevinc mənbəyimizə çevrilən “Qarabağ” məhz qitə miqyaslı rəqiblərlə görüşlər ucbatından təxirə salınan oyunda bu ildən elitaya qayıdan “Gəncə”ni qəbul edəcək. Hansı ki, bu qarşılaşma təqvimə görə avqustun 15-də baş tutmalı idi.
Lakin məlum səbəblər üzündən “Bakı” ilə də oyunu təxirə salınan Ağdam klubu Gəncə təmsilçisiylə münasibətlərinə məhz bu gün aydınlıq gətirəcək. Saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı həm də eyni xala malik komandaların dueli kimi səciyyələndirmək olar. Axı “Qarabağ” keçirdiyi 4 oyuna 5 xal yığdığı halda, gəncəlilər də geridə qalan 5 oyunun hamısında heç-heçə etməklə, turnir cədvəlində bugünkü rəqibiylə yanaşı addımlayır.
“Qarabağ” keçirdiyi 4 oyundan 2-də heç-heçə edib, yalnız 1-də qələbə qazana bilib. Daha bir qarşılaşmada məğlubiyyət acısını da dadmış Qurban Qurbanovun komandası indi növbəti qələbəsini qazanmaqla, durumunu yaxşılaşdırmaq istəyir. Qazanılacaq qələbə ağdamlıları birbaşa 5-ci pilləyə çıxaracaq. Avrokuboklardan sonrakı yorğunluq, heyətdəki itkilər, Rəşad Sadıqovun komandadan gedişi “Qarabağ”ın işlərini bir qədər çətinə salsa da, hər halda bu günkü qarşılaşmada onların qələbə qazanmaq şansları yüksək qiymətləndirilir. Baxmayaraq ki, rəqib keçirdiyi ilk 5 oyunda məğlub olmayıb və bütün matçlarını 1:1 hesabıyla başa vurmaqla unikal göstəriciyə imza atıb. İndi hamını düşündürən ən maraqlı məqamlardan biri elə məhz “Gəncə”nin bu seriyanı davam etdirib-etdirməyəcəyidir. Bölgə təmsilçisi heç-heçə etməyəcəyi halda ya ilk qələbəsini qazanmış, ya da ilk məğlubiyyətini almış olacaq.

Unibank Premyer Liqası
2-ci turdan təxirə salınan oyun
22 sentyabr (çərşənbə)

"Qarabağ" - "Gəncə"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00

1 "Neftçi" 6 5 1 0 14-1 16
2 "Xəzər Lənkəran" 6 4 2 0 7-0 14
3 "İnter" 6 4 1 1 6-2 13
4 AZAL 6 3 2 1 7-5 11
5 "Muğan" 6 1 3 2 5-6 6
6 "Qarabağ" 4 1 2 1 2-2 5
7 "Bakı" 5 1 2 2 6-7 5
8 "Gəncə" 5 0 5 0 5-5 5
9 "Qəbələ" 6 1 1 4 2-6 4
10 MOİK 6 1 1 4 3-11 4
11 "Turan" 6 0 3 3 4-9 3
12 "Simurq" 6 0 3 3 5-12 3


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord