Bir məşqçi, bir qələbə, bir komediya

Bir məşqçi, bir qələbə, bir komediya
YAZARLAR 9 Sentyabr 2020 / 12:57 9936
-  A +

Milli komandamız sonuncu dəfə rəsmi qələbəsini 2018-ci ilin noyabrın 17-də, Farer adaları ilə Millətlər Liqasının matçında qazanmışdı. Bu görüşdən sonra milli üç fərqli baş məşqçinin (Qurban Qurbanov, Nikola Yurçeviç və yeni çalışdırıcı Canni de Byazi) rəhbərliyi altında keçirilən 12 oyundan 11-də uduzmuş, cəmi bir matçda (Xorvatiya) isə heç-heçə etmişdik. Ona görə də dünən, çox da güclü olmayan Kipr üzərindəki səfər qələbəsinin azarkeşlərimizin mütləq əksəriyyətində böyük sevincə səbəb olmasını başa düşmək çətin deyil.

Canni de Byazi milli komandamız üçün uğurlu seçimdir. Yaxşı, təcrübəli məşqçi olmaqla yanaşı kübar, bəyəfəndi bir insan təsiri bağışlayır. Fəaliyyətinin ilk günIərində azarkeşlərimizə doğma italyancasında deyil, bizim dildə müraciəti, Lüksemburqla matçda “Azərbaycan, Azərbaycan” deyib himnimizi oxumağa cəhd etməsi hardan baxsan, müsbət məqamdır. Gəldiyim qənaət budur ki, Byazi həm işi, həm də insanlığı ilə özünü bizə sevdirmək, yaxşı komanda qurmaq istəyindədir. Yəni peşəsinə, adına hörmət edən biri olaraq dərdi-azarı təkcə pul deyil, həm də əməli ilə savab, rəğbət qazanmaqdır. Amma de Byazi hələ ki, bizim futbola yad simadır, informasiyası çox azdır. Bu durumda isə ona futbolçular, ümumi futbol barədə ilk növbədə AFFA-da milliyə cavabdeh olan şəxslər və yerli mütəxəssislər doğru məlumatlar verməklə yardımçı olmalıdırlar. Təəssüf ki, Byazinin milimizdəki ilk toplanışı zamanı biz ona səmimi dəstəyi görə bilmədik. Yoxsa, heyət üçün futbolçu seçiləndə ora bu gün millidə oynamağa layiq olan Ağabala Ramazanov, Vüsal İsgəndərlinin adı salınardı. Ümid edək, bu, son olar. Çünki məşqçi işi kənar müdaxilələri, rəhbər təzyiqini xoşlamır. İstedadlı, bacarıqlı, qətiyyətli məşqçiyə azadlıq, sərbəstlik, yekun qərar qəbul etmək səlahiyyəti veriləndə o, uğur modelini də qura bilir. Niyə AFFA bu azadlığı Canni de Byaziyə verməsin?

Uğur istəyirik axı. Hamı istəyir. Biz, siz, Elxan Məmmədov...  Uğurun mənbəyi həm də qaldırılan problemi həll etməkdir. Problemləri obyektivcəsinə, sırf futbola kömək olsun deyə qabardan adamlara isə artıq düşmən gözü ilə baxmaq lazım deyil. Bütün dövrlərin təcrübəsi göstərir ki, rəhbərlərə yarınmaq, sırf buna görə problemləri görməzdən gəlmək, deməmək ilk növbədə o rəhbərin özünə, çalışdığı sistemə ziyan vurub.

İnsanlar öz ölkəsinə, komandasına bağlı olduğu üçün tənqidlər edirlər. Üç xal qazanmağa borclu olduğumuz Lüksemburqla matçda həm məşqçinin yanlış heyət seçimi, həm də bəzi oyunçularımızın məsuliyyətsizliyinə görə uduzduq. Müsbət haldır ki, bundan sonra media və sosial şəbəkələrdə qaldırılan problemlərdən nəticə çıxarıldı. Buna görə də Kiprlə matçda sanki yeni bir komanda gördük, qalib gəldik. Deməli, nələrisə dəyişmək mümkündür. Amma Kipr qələbəsinin yaratdığı eyforiya ilə deyil. Problemlər o qədər dərindir ki, əvvəl uşaq, sonra bölgə futbolu qaydasına salınmalıdır. Yoxsa, küyə gedib, müstəqillik tariximizin ən sabit oyunçularından olan Maksim Medvedyevdən kapitan sarğısını almaq kimi emosional fikir və tələblərlə futbol düzəlir? Həmin Maksim dünən Kiprə qəşəng qol vurdu. Amma indi buna görə onu qəhrəman etmək, bütləşdirmək də yersizdir.

Unutmayaq ki, hələ Millətlər Liqasının səviyyəcə sonuncu liqalarından birindəyik, dünən udduğumuz rəqib isə FİFA reytinqində 95-ci yerdədir. Daha çox qələbə, daha yüksək yerlərə çatmaq üçün isə...

Yox, hələ zaman lazım deyil. Çünki zamandan daha əvvəl futbol bataqlığımızı qurutmağa ehtiyac var. Çətindir, amma mümkündür. Buna az da olsa ümid də var. Görün, 2 gün əvvəl U-21 millimizə qalib gəldikləri oyundan (2:1) sonra Fransa komandasının baş məşqçisi Silven Ripoll bizimkilər haqda nə deyir. Yəqin ki, bütün tarixi ərzində bizim gənclər millimiz barədə hələ heç kim belə qiymətli fikir söyləməyib:

“Bu gün Azərbaycan komandasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Onlar İsveçrə yığması ilə də müqayisədə daha güclü oyun sərgilədilər".

Həmin matça yayımçı kanalda baxmaq istədim. Amma təəssüf, məlum oldu ki, “CBC Sport” bütün texniki aparaturasını Sumqayıtda yerləşdirib görüşü çəksə də, onu yalnız internet saytında yayımlayır. Kanalın özündə isə U-21 millimizin oyunu əvəzinə, əvvəl “Avro-2016”nın köhnə matçı, bir də bizdə heç kimə lazım olmayan su polusu üzrə hansısa bir oyun göstərilir.

Ümumiyyətlə, bizim idman kanallarının efir siyasətində bələ orijinal yanaşmalara ilk dəfə rast gəlinmir. Bir zamanlar “İdman Azərbaycan” kanalında mühüm futbol oyunları əvəzinə, öküz döyüşlərinin göstərilməsi hələ unudulmayıb. 

Yəni, uzun sözün qısası, belə bir baməzə durum...

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı