"Vurduğum qolun niyə sayılmadığını anlaya bilmədim" - Xayme Romero

"Vurduğum qolun niyə sayılmadığını anlaya bilmədim" - Xayme Romero
MÜSAHİBƏ 29 Fevral 2020 / 21:08 3812
-  A +

"Qarabağ"ın futbolçusu Xayme Romero Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"la qolsuz bərabərə qaldıqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Niyə qələbə qazana bilmədiniz?

- Rəqib yaxşı müdafiə olundu. Amma bizim də yaxşı çıxış etdiyimizi deməliyəm. Çoxlu qol imkanlarımız oldu. Həmin qol vəziyyətlərindən istifadə edə bilmədik. Digər tərəfdən də 1-2 epizodda 100 faiz penalti qərarı verilməli olduğunu düşünürəm. Həmin qayda pozuntularından 1-i də mənə qarşı oldu. Yəni, ifadə etməyə başqa söz tapa bilmirəm ki, həmin vəziyyətdə penalti qərarı necə verilməsin. Vurduğum qolun niyə sayılmadığını da anlaya bilmədim. Hakimin səhv etdiyini düşünürəm.

- Demək olar ki, hakimin qərarları nəticəyə təsir etdi?

- Nəzərə almalıyıq ki, oyuna müdafiə olunmaq düşüncəsi ilə çıxan komandaya qarşı qol vəziyyətləri yaratmaq çətindir. Orada az miqdarda qol epizodu yarada bilirsən. Üstəlik də qol vurduğun məqam olur, sonra da hakim müdaxiləsi olur. Məncə,  hakimin qərarları nəticəyə təsir etdi.

- Qoldan sonra səhv etmirəmsə, hakimə yaxınlaşaraq nə isə dediniz...

- Ona yaxınlaşıb dediklərim qolu qeydə almamağı ilə bağlı deyildi. Sırf penalti epizodundan sonra yaxınlaşıb, həmin vəziyyət sırf penaltilik olduğunu dedim. Ona söylədim ki, özün də televiziyada baxıb, görəcəksən. Amma qol vurulan anda hadisələr o qədər sürətlə cərəyan etdi ki, topun haradan gəldiyini görə bilmədim.

- Hakimə epizodu görmədiniz deyə etiraz edərək əlinizlə işarə etdiniz. Bəs, qorxmadınız ki, buna görə  sizi cəzalandırarlar?

- Xeyr. Mən orada pis məqsədlə heç nə demədim. Sadəcə səhv etdiyini bildirdim. Nəticədə hamı səhvə yol verir. Oyunun içində olanda hər şeyi görürsən. Yəni, bilirsən ki, bu, qayda pozuntusudur. Təbii ki, iradını bildirmək üçün də hakimə yaxınlaşırsan.

- Qarşıdan "Keşlə" ilə səfər görüşünüz gəlir. Bu matç haqda nə deyə bilərsiniz?

- Çətin səfər oyunu olacaq. "Keşlə" yaxşı komandadır. Bu heç-heçədən, itirilən xallardan sonra növbəti hədəf təbii ki, qələbə qazanmaqdır. Oraya bu istəklə yollanacağıq.

- "Zirə" ilə oyunda 6:0 hesabı ilə qalib gəlib, asan qələbə qazandınız. Bəs, indi niyə belə çətinlik çəkirsiniz?

- Demək olar ki, çempionatdakı bütün komandalar yaxşıdır. Onlar da hər həftə məşq edirlər, yaxşı müdafiə olunurlar. Hər oyunda 4-5 qol vurub, qələbə qazanacağıq düşüncə ilə çıxsaq, bu, mümkünsüz bir şeydir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı