"Yurçeviç deyirdi ki, hazır bombasan" - Vüsal İsgəndərli

"Yurçeviç deyirdi ki, hazır bombasan" -    Vüsal İsgəndərli
ÖLKƏ FUTBOLU 16 Fevral 2020 / 22:45 3738
-  A +

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün aqressiv görünməyinizin səbəbi nədir? Deyəsən, məğlubiyyəti qəbul edə bilmirsiniz...

- Futbolda 3 nəticə olur: Qələbə, heç-heçə və məğlubiyyət. Məğlubiyyəti də qəbul etmək lazımdır. Uduzmuşuq, rəqibi təbrik edirəm. Sadəcə, uşaqlıqdan xarakterim belədir.

- Bəs udduğunuz oyunlardakı aqressivliyiniz nə ilə bağlıdır?

- Məni "Zirə"dən də tanıyanlar çoxdur. Hər bir futbolçunun özünəməxsus xarakteri var. Elələri var ki, ümumiyyətlə, əsəbiləşmir, məğlubiyyəti adi qəbul edir. Amma məndə elə deyil. Həmişə içimdə çılğınlıq və istək olub. Milli komandada olduğum vaxt baş məşqçimiz (Nikola Yurçeviç - red.) də deyirdi ki, sən sanki hazır bombasan, partlamaq istəyirsən. Bu da özümdən asılı deyil, işimə olan istəyimdəndir.

- Belə xasiyyət sizə problem yaratmır?

- "Zirə"də olduğum vaxt baş məşqçimiz Ayxan Abbasov deyirdi: "Elə et ki, aqressiyadan sənə problem yaratmasın. İndiyədək sarı vərəqələr alsam da, qırmızı vərəqə almamışam. Aqressiyanın verdiyi əsəblə kimisə qəsdən vurmamışam. Oyun epizodunda məni keçmək istəyən futbolçuya qarşı qaydanı pozub önümdə sarı vərəqə görmüşəm. Hələ aqressiyam mənə zərər verməyib.

- Ardıcıl iki məğlubiyyətin səbəbini nədə görürsünüz?

- İki məğlubiyyət eniş anlamına gəlməməlidir. Düzdür, "Səbail"i udub "Neftçi"dən xal alsaydıq, indi haralarda olacaqdıq. Biz də bunu dərk edirdik. Sadəcə, bu komandalar asan rəqib deyillər. Ümumiyyətlə, Premyer Liqada hansı kluba asan rəqib demək olar? Heç birinə. Hər biri yaxşı müdafiə olunur və hücum edir. Hazırda öhdəmizə düşən iş komanda şəklində yığışaraq, bu məğlubiyyətlərdən dərs çıxarmaqdır. Ən azı, ikinci hissədə "Neftçi"yə qarşı sərgilədiyimiz mübarizəni davam etdirməliyik.

- Dünənki oyunlarda qeydə alınmış nəticələr sizin üçün siqnal deyil?

- Əlbəttə, həyəcandır. Hiss edirdik ki, arxamızdan gələn komandalar var. Hansılar ki, bir azdan onlarla da oynayacağıq. Bu, futbolun qanunudur. İlk dövrədə "Sumqayıt"a uduzsaydıq, bizi keçəcəkdilər. Ona görə də bunları normal qarşılamaq lazımdır. İnanıram ki, gələcək matçlarda qələbələr qazanacağıq.

- Gələn oyunda dönüş edə biləcəksiniz?

- Növbəti tur evdə "Zirə" ilə qarşılaşmada əlimizdən gələni edərək, hamıya sübut edəcəyik ki, həmişəki "Keşlə"yik. "Səbail"ə qarşı bütün oyunu, "Neftçi" ilə isə ilk yarını zəif keçirdik. Amma bu gün ikinci hissədə əsl "Keşlə"ni gördüklərini deyənlər çox oldu. Sadəcə, istəyi artırmalıyıq. İlk yarıda əvvəlki "Keşlə" deyildik.

- Baş məşqçiniz Tərlan Əhmədov komandaya başqa amillərin təsir göstərdiyini bildirdi. Bu amillər hansılardır?

- Buna mən cavab verə bilmərəm. Çünki bilmirəm. Baş məşqçimizin verdiyi açıqlamadır. Mən sizdən eşidirəm. Bilsəm, buna uyğun danışa bilərəm. Bilmədiyim bir şey haqqında nə deyim? Yəqin ki, məni başa düşərsiniz (gülür).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın