Bu gün 19-cu milli çempionat start götürür

Bu gün 19-cu milli çempionat start götürür
PREMYER LİQA 7 Avqust 2010 / 13:25 3409
-  A +

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 75 günlük fasilə başa çatacaq və yeni milli çempionata start veriləcək. Qol.Az-ın məlumatına görə, sayca 19-cu milli çempionatı əvvəlkilərdən fərqləndirən bəzi məqamlar da var. Əvvəla Premyer Liqanın formatı dəyişib. “Qızıl xal” prinsipi ləğv olunub və indi bütün komandalar arasındakı görüşlər sonda vacib sayılacaq. Digər tərəfdən iştirakçılar arasında titullu klubların sayı artıb. Məsələn, üçqat ölkə çempionu, dörd dəfə ölkə kubokunu başı üzərinə qaldırmış “Kəpəz”in varisi “Gəncə” 4 illik fasilədən sonra elitaya qayıdıb. Digər tərəfdən, “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” kimi iddialı klubların heyətinə tanınmış ulduzları qatması da azarkeşlərin stadionlara axışmasına az təsir göstərməyəcək.
İlk turun oyunları bu gün və sabah keçiriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. 19-cu milli çempionata Gəncədə start veriləcək. Premyer Liqa saat 18.00-da başlayacaq “Gəncə”-“Simurq” görüşü ilə start götürəcək. “Bakı”nın sabiq baş məşqçisi, bu komandayla ölkə çempionluğunu qazanan makedoniyalı Cokiça Haciyevski “Simurq”un çalışdırıcı kimi məhz açılış oyununda rəsmi debüt edəcək.
Lənkəranda isə iki əcnəbi mütəxəssis debüt edəcək. “Xəzər Lənkəran” rumıniyalı Mirça Rednik, “Qəbələ” isə əfsanəvi ingilis futbolçu Toni Adamsla yola başlayır. Almaniyalı Vinfred Şafer isə fasilə müddətində gəlsə də, Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə siftə edib. Onun çempionatımızda ilk oyunu yeni adla çıxış edən komandaya qarşı olacaq. Məlum olduğu kimi, əvvəl “Olimpik”, daha sonra “Olimpik-Şüvəlan” adlanan komanda bu mövsümdən etibarən əsas sponsoru olan AZAL-ın adını daşıyacaq.
Turun mərkəzi oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bütün milli çempionatlarımızda iştirak edən əzəli rəqiblər – “Neftçi” ilə “Qarabağ”ın görüşü maraqla gözlənilir. Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirən, heyətində böyük dəyişiklik edən, İqor Mitrevski, Emil Mpenza kimi tanınmış futbolçuları transfer edən “Neftçi” Avropa Liqasında tarixlər yazan və pley-off mərhələsinə yüksələn “Qarabağ”ı qonaq edəcək.
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan MOİK stadionunda yenidənqurma işləri getdiyindən “Qarabağ” kimi bir müddət rəqiblərini Tofiq İsmayılov adına Suraxanı stadionunda qəbul edəcək. “Hərbçilər” ilk sınağına “Muğan”la oyunda çıxacaq. Son ölkə çempionu “İnter” isə yeni mövsümü Tovuzda açacaq. Sakit Alıyev iki ildən sonra “Turan”ın baş məşqçi postuna qayıdıb və indi onu ilk turda çətin sınaq gözləyir.

Unibank Premyer Liqası
1-ci tur
7 avqust

18:00. “Gəncə” – “Simurq”
Hakimlər:
Ceyhun Haşımov, Vaqif Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu

20:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər:
Vüsal Əliyev, Azər Əsgərov, Eldar Nağıbəyov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər stadionu

20:00. “Bakı” – AZAL
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Orxan Məmmədov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

8 avqust

18:00. “Turan” – “İnter”
Hakimlər:
Elnur Muradov, Aleksandr Musatkin, Samir Hacıyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rüfət Hüseynov.
Tovuz. Şəhər stadionu

18:00. MOİK – “Muğan”
Hakimlər:
Rəhim Həsənov, Ramiz Əsədov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər:
Fariz Yusifov, Roman Vasilyev, İlham Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi